İkinci Qarabağ müharibəsində tam qələbəsini təmin edən Azərbaycanın qarşısında artıq yeni bir çağırış dayanıb. Vətən müharibəsində qalib gələn Azərbaycan arxasında erməni lobbisinin dayandığı informasiya müharibəsi ilə üz-üzədir.
2022-ci il fevralın 2-də Gənclər Forumunda çıxış edən Prezident İlham Əliyev sonu olmayan bu müharibədə daima ayıq olmağın vacibliyini vurğulayıb:
«Biz üçüncü müharibə istəmirik. Əgər özümüz üçün təhdid görməsək, biz hər hansı bir addım atmaq fikrində deyilik, ancaq informasiya müharibəsi davam edir və bu müharibənin sonu olmayacaq. Bu, bizim seçimimiz deyil, ancaq əgər sənə kimsə hücum edirsə, sən gərək özünü müdafiə edəsən və elə müdafiə edəsən ki, daim qalib gələsən».
Erməni lobbisi və onların əlaltıları hazırda Azərbaycana qarşı informasiya hücumlarında kimliyi məlum olmayan çoxsaylı xarici İP TV operatorlarından istifadə edir.
Bunların sırasında ən aktivləri «Ilook TV», «EdemTV», «Megogo» və s.-ləridir. Beynəlxalq müstəvidə bu operatorlar pirat sayılırlar, çünki adətən kimliklərini gizlədirlər və ölkələrin internet məkanına icazəsiz, qeyri-qanuni üsullarla daxil olurlar.
İlkin araşdırmalar göstərir ki, bu pirat operatorların Azərbaycanda bu qədər fəal yayılmasında revanşist erməni dairələrinin və Azərbaycana düşmən mövqedə dayanan digər qüvvələrin xüsusi rolu var. Hansısa yollarla bir ucu ermənilərə bağlı olan bu operatorların Azərbaycan ərazisindəki fəaliyyəti tam qanunsuzdur. «Media haqqında» qanunun 28-ci maddəsinə görə, platforma operatorları Azərbaycanda fəaliyyət göstərmək üçün mütləq lisenziya almalıdırlar.
Pirat məhsulların lisenziyasız yayımını qeyri-qanuni həyata keçirən bu operatorlar Azərbaycan bazarında ildırım sürəti ilə yayılır və Azərbaycanın həm iformasiya təhlükəsizliyinə təhdid yaradır, həm də qanuni şəkildə fəaliyyyət göstərən, dövlətə vergilər ödəyən sahibkarlıq subyektlərinin inkişafını imkansız edir.
Təqdim etdikləri 400-800 kanalın arasında çox sayda erməni kanalları və Vətən Müharibəsi dövründə və son keçirdiyimiz antiterror tədbirləri dövründə Dövlətimizin əleyhinə geniş informasiya müharibəsi aparan digər düşmən mövqeyindən çıxış edən kanalları vasitəsi ilə nəzarətsiz şəkildə evlərimizə icazəsiz girərək öz çirkin təbliğatlarını aparırlar.
Bütün yayımladıqları kontent oğurluq, pirat məhsullar olduğu üçün aylıq abunə haqqını çox ucuz - cəmi bir dollar edən bu operatorlar Azərbaycanda rəsmi lisenziya ilə fəaliyyət göstərən «Ailə TV», «KATV», «ATV+», «TVNET», «City Net», «Connect TV», «Baktelekom» kimi operatorlarla haqsız rəqabət aparır.
Əhaliyə keyfiyyətli xidmət göstərən yerli operatorlar işçilərə maaş, dövlət büdcəsinə vergi və rüsumlar ödədiklərinə, infrastruktura sərmayə yatırdıqlarına görə aylıq abunə haqqını 10 manatdan aşağı sala bilmirlər. Bu isə infrastruktura heç bir sərmayə yatırmayan, internetlə telekomunikasiya bazarımıza qeyri-qanuni daxil olan “pirat” operatorların inhasırçı mövqeyə çıxmasına səbəb olur.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərlinin REAL-a bildirdiyinə görə, hazırda IP televiziya bazarının 90 faizindən çoxu pirat operatorlara məxsusdur:
«Onlar lisenziyalı olub-olmamasından, KİV standartlarına uyğun gəlib-gəlməməsindən, fəaliyyətlərinin qanunsuz olub-olmamasından asılı olmayaraq bütün yayımçılara özlərində yer verirlər...
...bunlar informasiya məkanında çox ciddi problemlər yaradırlar».
İnformasiya məkanında yaranan problemlərin ilk nəzərə çarpanı yerli operatorların üzləşdiyi maddi itkilərdir. İlkin hesablamalar görə, ölkədə təxminən 700 min istifadəçi pirat operatorların xidmətindən istifadə edir. Bu, hər il milyonlarla valyuta ehtiyatlarımızın ölkədən çıxarılaraq mənbəyi bəlli olmayan və böyük əksəriyyəti Azərbaycana düşmən mövqedə dayanan dairələrin çiblərinə axıb gedir. Yerli operatorların isə hər il milyonlarla manat abunəçi haqqı itirməsinə gətirib çıxarır ki, bu da öz növbəsində Dövlət büdcəsinə önənilə biləcək milyonlarla manatın itirilməsi deməkdir.
Amma Azərbaycanın itkiləri yalnız bununla məhdudlaşmır. Pirat operatorların təqdim etdiyi kanallar feyk xəbərlərlə birbaşa ictimai rəyə təsir edərək, Azərbaycan milli fikrinin bünövrəsini təşkil edən dəyərləri dağıtmağa çalışırlar.
Pirat operatorlar gənclərə yalan məlumatlar çatdırmaqla Azərbaycanın gələcəyini də hədəfə alıblar. Məsələn, Parfiya tarixindən oğurlanmış uydurma «Böyük Ermənistan» yalanını gerçəklik kimi təqdim edən, ermənilərin Cənubi Qafqazda qədimdən yaşadığını iddia edən əsassız məlumatları təbliğ edirlər.
Yaxud Azərbaycan gəncliyinin döyüş ruhunu zəiflətmək üçün narkotik təbliğinə göz yumurlar. Özü də bu hücumlar təkcə Ermənistandan və erməni lobbisinin nəzarəti altında olan Rusiya kanalları tərəfindən edilmir.
Beynəlxalq təcrübə göstərir ki, ölkənin informasiya məkanına icazəsiz girən pirat operatorların qarşısı sərt tədbirlərlə alınmalıdır. Məsələn, 2020-ci ildə İtaliya ölkə bazarında icazəsiz fəaliyyət gösərən pirat operatora qarşı kəskin addımlar atıb.
Polis pirat operatorun 20-yə yaxın ofisinə basqın edərək avadanlığını müsadirə etdi, əməkdaşlarını həbs edərək cinayət işi başlayıb. Son 2-3 ildə Avropanın bir çox ölkələrində və qardaş Türkiyədə bu cür pirat operatorlara qarşı çox sərt tədbirlər görülərək onların bloklanması həyata keçirir.
Azərbaycanın da beynəlxalq təcrübəni öyrənərək öz informasiya təhlükəsizliyinə olan təhdidlərin qarşısını almaq və yerli sahibkarlarını haqsız rəqabətdən qorumaq məqsədi ilə bu cür qəti addımların atmasının vaxtı çatıb.