"Bir cərrah ayda 500 əməliyyat keçirməlidir ki, 3 min manat qazanmış olsun"
Son vaxtlar sosial şəbəkələrdə bəzi həkimlər əməkhaqqının az olması, çox sayda xəstə qəbul etməsinə baxmayaraq, onun cüzi rəqəmlə hesablanması ilə bağlı fikirlər səsləndirirlər.

Bununla yanaşı bir müddət öncə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi də ölkədə ixtisaslı həkimlərin sayını azalmasının səbəblərini açıqlayaraq bildirilmişdi ki, bu Azərbaycan Tibbi Universitetini bitirən həkimlərin ixtisas seçməsi ilə əlaqədardır.

Ancaq bəzi mütəxəssislər isə bu fikirlə razılaşmır, səbəbi Azərbaycan həkimlərinin yüksək maaş müqabilində xaricdə fəaliyyət göstərməsi ilə əlaqələndirirlər.

Doğurdanmı bu gün ölkədə həkimlərin qəbulu ilə bağlı gözlədikləri rəqəm tam əksinədir və ümumiyyətlə, əməkhaqqı necə hesablanır?

Dia.az-ın məlumatına görə, Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini Aydın Əliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, xaricdə təhsil alan gənclərimizin əksəriyyəti ölkəyə geri qayıtmır:

“Onlara hansı əməkhaqqı verirlər? Bir cərrah ayda 500 əməliyyat keçirməlidir ki, 3 min manat qazanmış olsun. Elə müayinə var ki, onunla bağlı həkimə 90 qəpik ödəniş hesablayırlar. Əsas maaşı verirlər, bonusların ödənişini aylarla uzadırlar. Bunlar hamısı faktlardır.

Sadəcə dövlət xəstəxanasında çalışan həkimlər bunları deməyə qorxurlar, çünki onları o zaman sıxışdırırlar. Bu gün rezidentlərə 350 manat maaş verilir. Almaniyada rezidenturaya qəbul olurlar, 2-3 min avro maaş və əlavə bonus alırlar. O həkim niyə buraya qayıdıb gəlir? O, ölkədə rezidenturanı qurtarıb tam fəaliyyətə başlayanda 10 min manat əməkhaqqı alacaq. Sağlam rəqabət şəraiti yaratmalıyıq ki, onlar burada qalsınlar".

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, səhiyyə işçilərinin əməkhaqları “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası” ilə müəyyən edilir:

"Bu Qaydaya əsasən səhiyyə işçisinin əməkhaqqına bunlardaxildir: tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə (tarif) maaşı; əmək şəraitinə görə ödənilən əlavələr; həvəsləndirici əlavələr; Azərbaycan Respublikasının Əmək Məcəlləsində, normativ hüquqi aktlarında, habelə Agentliyin qərar və əmrlərində nəzərdə tutulmuş digər ödənişlər.

Bu ödənişlərə sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə əlavə, ixtisas dərəcəsinə görə əlavə, fasiləsiz əmək stajına görə əlavə, gecə vaxtı yerinə yetirilən işə görə əlavə, əmək şəraitinin xüsusiyyətlərinə görə əlavə və işin mürəkkəbliyinə, gərginliyinə, yüksək keyfiyyətinə və əməkdə yüksək nəticələrə görə əlavə və digərləri daxildir.

Həkimlərin vəzifə öhdəliklərinin xarakterindən və müvafiq həkim ixtisası (vəzifəsi) üzrə pasiyent müraciətinin qeydiyyatı xüsusiyyətlərindən asılı olaraq həkimlərə həvəsləndirici əlavələr sabit aylıq həvəsləndirici əlavələr və ya işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr şəklində verilir.

Əlavə olaraq bildirək ki, həkimlərin göstərdikləri tibbi xidmətlərin ölçülməsi və dəyərləndirilməsi məqsədilə həkimlərə işin nəticələrinə görə verilən aylıq həvəsləndirici əlavələr həkim ixtisasları üzrə və fəaliyyət növü üzrə tətbiq edilən tarifin qaydada əksini tapmış faizi həcmində müəyyən edilir.

Ambulator fəaliyyət üzrə həkim üçün iş günü həddi 35 nəfər sığortaolunandan yuxarı olmamaq şərtilə, həkim müayinəsinin (ixtisaslı həkim baxışı) aparılması xidmətinə görə tətbiq edilən tarifin 8%-i həcmində aylıq həvəsləndirici əlavələr hesablanır.

Qeyd edirik ki, optimal iş yükünü və iş saatlarını nəzərə alaraq işin nəticələrinə görə aylıq həvəsləndirici əlavərin ödənilməsi ilə əlaqədar tibbi xidmətlərin yuxarı kəmiyyət həddi müəyyənləşdirilir və yuxarı kəmiyyət həddini aşaraq göstərilən tibbi xidmətlərə görə əlavələr ödənilmir”.

Dünyapress TV

Xəbər lenti