DİA.AZ: - Qax şəhər 4 saylı tam orta məktəbdə “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirmə tədbiri keçirilib. DİA.AZ xəbər verir ki, “Ağ ölüm”ün acı nəticələri barədə şagirdləri məlumatlandırmaq məqsədilə keçirilən tədbirdə polis əməkdaşları, məktəblilər və müəllimlər iştirak ediblər. Görüşdə çıxış edən rayon polis şöbəsinin rəis müavini Eldəniz Mustafayev narkotik vasitələrin fəsadlarından, insanlara vurduğu maddi və mənəvi zərərlərindən danışıb, bu bəlaya düçar olmuş şəxslərin qarşılaşdıqları problemlərdən söz açıb. Narkomaniyaya qarşı cəmiyyətin hər bir üzvünün fəal mübarizə aparmalı olduğunu vurğulayan polis mayoru sağlam həyat tərzinin üstünlüklərini şagirdlərin diqqətinə çatdırıb. Daha sonra çıxış edənlər də mövzu ilə əlaqəli tədbir iştirakçılarına ətraflı məlumat verib və onları maraqlandıran sualları cavablandırıblar.