Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. Bu rejim gələn il yanvar ayının 1-ə qədər davam edəcək. Baş nazirin imzası ilə verilmiş bu qərarda məqsəd COVID-19 -un ölkə ərazisində yayılmasının və virusun törədə biləcəyi fəsadların qarşısının alınmasıdır.
Ekspertlər bu qərarın məqsədəuyğun olduğunu deyirlər. TİA.Az xəbər verir ki, TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva Xəzər TV-yə istinadən açıqlamasında bildirib ki, COVID-19-a yoluxma halları azalıb. Amma yoluxma riski hələ də qalmaqdadır. Mütəxəssis deyib ki, digər xəstəliklər kimi COVID-19 virusu da daima bizimlə olacaq. Sadəcə infeksiyanın yayıldığı ilk dövrlə müqayisədə yoluxuculuq qabiliyyəti daha zəifdir. Bunu nəzərə alaraq pandemiya ilə əlaqəli qəbul edilən qoruyucu tədbirlərə əməl edilməsi zəruridir. Xüsusilə də mövsüm dəyişikliyi ilə əlaqədar olaraq bəzi xəstəlik və viruslar fəallaşır. Ona görə də bu fəsildə immuniteti zəif olan insanlar qorunmalıdırlar. Vaksinasiya prosesi isə davam etdirilməlidir.