Ötən günlərdə məlum oldu ki, Azərbaycan Rusiyaya və Çinə toyuq və toyuq ayaqları ixrac edəcək. Bu əlbəttə ki, ölkəmizin toyuq ətinə olan daxili təlabatı ödəməsi ilə bağlı olan məsələdir.
Demək olar ki, hər gün ucuzlaşan diri və kəsilmiş toyuqların qiymətləri isə sözün əsl mənasında həmin bolluqdan xəbər verir. Hövsan, Türkan və digər yerlərdə saxlanılaraq kəsilmiş toyuqlar 4- 5 manata birbaşa satışa çıxarılır. Sosial şəbəkələrdə əməlli başlı alver gedir. Satan da məmnundur, alan da. Lakin, bununla yanaşı bəzi suallar da insanları narahat etməyə bilmir. Xüsusilə də, bu sözügedən toyuqların sağlamlığı, saxlanıldığı şərait və qidalanması ilə bağlıdır. Bu qədər əmək və yem tədarükündən sonra toyuqlar həqiqətənmi 4-5 manat dəyərində bazara satışa çıxarılmalıdır? Ya bu toyuqların el dilində desək, hansısa əmması var?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli mövzu ilə bağlı Referans.az-a danışıb.
O bildirib ki, toyuq satışında hələki ucuzlaşma qeydə alınmır. Çünki toyuqlar ucuzlaşan zaman kiçik fabriklər işini dayandıracaq, böyük fabriklər qalacaq:
"Toyuq sortları ümumiyyətlə, kökəlməyə meylli sortlardır. 1930- cu ildə iki toyuq və xoruzu, hansı ki, birinin ayağı, birinin döşü ətli olub, onları cütləşdiriblər və sort halına gətirərək bugünkü iri toyuqları yaradıblar. Necə ki, iki canlı- cüssəli adamın övladı da canlı olur, iki balacaboy adamın övladı da balaca olur. Eyni şeydir. Sortu kökəlməyə meylli ediblər”.
Müsahib deyir ki, belə ətli toyuq sortlarının əmələ gəlməsi üçün 18 il vaxt lazım olub. Sortun yaranması üçün isə on iki milyard pul xərclənib.
Mürvət Həsənli həmçinin, satışda olan kök toyuqların böyüməsində əsas faktorlara diqqət çəkib:
“Toyuqlara günəbaxan yağı, buğda, qarğıdalı, yem qatqısı və s. verirlər. Belə toyuqların havalanması, işığı, təmizliyi komfort şəraitində təmin edilir. İstehsalçının məqsədi toyuğu 30-35- ci günündə kəsimə çıxmaqdır. Toyuqlara təmiz, insanların içdiyi sudan da keyfiyyətli su verilir. Toyuqların suyundan hər gün analiz götürülür”.
Mürvət Həsənli bildirir ki, Hövsan, Türkan və s. yerlərdə toyuqları, kənd toyuğuna bənzəməsi üçün sarı rəngə boyayırlar:
“Bu da bilinən kimi cəzası verilir. İstənilən halda çox satılan məhsullar üçün saxta yollar olur. Necə ki, vaxt var idi toyuqlara su vurub böyüdürdülər, indi də bəlkə də var, biz bilmirik. Belə halları böyük fabriklərdə eləmək mümkün deyil. 100 min toyuğa bunu kim və necə edə bilər ki?
Mən məsələhət görürəm ki, böyük fabriklərin istehsalı olan toyuqları alsınlar. Həmin toyuqlar bütün normativlərə uyğundur. Bu gün üçün Qida Təhlükəsizliyi Agentliyi tərəfindən sərt bir nəzarət var. Hər toyuq haqda baytarlıq şəhadətnaməsi var. Bu gün Siyəzən marketlərə toyuq əti çıxarırsa, həmin toyuğun həmin günə aid baytarlıq şəhadətnaməsi olur. Amma, ara marketlərdə, Hövsanda gizli yolla sexlərdə kəsilən toyuqları qəbul etmirəm. Belə toyuqlara da baytarlıq şəhadətnaməsi alırlar, amma müəyyən mənada gizlədə bilirlər. Bunun haqda da AQTA cərimə cəzasını verir. İnsanlar marketə girəndə "Siyəzən Broyler", "Mərcan Broyler", "Səba Broyler"in təzə kəsilib, soyudulmuş toyuğunu alsınlar. Donmuşunu deyil".