Qida təhlükəsizliyinə laqeyd yanaşmaq olmaz
Orqanizmin inkişafında, hüceyrələrin bərpasında, sinir sisteminin möhkəmlənməsində mühüm rol oynayan qida insan sağlamlığına birbaşa təsir göstərir. Sanitar-gigiyenik qaydalara əməl olunmadan istehsal və istehlak edilən məhsullar sağlamlıq üçün birbaşa təhlükə yaradır.

Yaz-yay aylarında havalar isti olduğuna görə bakteriyaların yayılması üçün daha əlverişli şərait yaranır. Mikrobioloji çirklənmə nəticəsində məhsullar yararsız hala düşür və qida zəhərlənmələri baş verir. Düzgün mühafizə edilmədən saxlanılan məhsulların uzun müddət soyuducudan kənar qalması isə qida zəhərlənməsinə səbəb olan əsas amildir. Ona görə də tez xarab olan və yararlılıq müddəti az olan qida məhsullarına daha diqqətlə yanaşmaq lazımdır.

Riskli qidaları 3 saatdan artıq otaq temperaturunda saxlamaq olmaz

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən qida məsələləri üzrə mütəxəssis Ağa Salamov deyib ki, isti havalarda riskli qidaların saxlanılmasına xüsusi diqqət yetirilməlidir: "İstər ev şəraitində, istərsə də market, restoran, kafe kimi ictimai-iaşə obyektlərində balıq, toyuq, ət və ət məhsulları, süd və süd məhsullarının saxlanma dərəcələri olduqca önəmlidir. Riskli qidalar mikrobioloji çirklənməyə meyilli olduğu üçün onları 3 saatdan artıq otaq temperaturunda saxlamaq olmaz. Ona görə də kəsim yerlərində ət kəsildikdən sonra birbaşa soyuducuya qoyulmalı, istehlakçıya soyuducudan təqdim olunmalıdır".

A.Salamovun sözlərinə görə, riskli məhsulları soyuducularda müsbət 4-5 dərəcəyədək maksimum 72 saat müddətində saxlamaq olar: "Ondan sonra bu qidalar mikrobioloji çirklənməyə məruz qalır, yeyilməsi təhlükəli hesab olunur. Əgər ərzaqlar daha uzun müddət mühafizə olunacaqsa, dərin dondurucuda mənfi 18 dərəcədə saxlanılmalıdır. Lakin nəzərə almaq lazımdır ki, istər dərin dondurucuda, istərsə də soyuducuda fərqli növ ət məhsulları, yəni toyuq, balıq və qırmızı ət bir-biri ilə təmas etməməlidir. Belə ki, çarpaz çirklənmə nəticəsində istehlakçıların zəhərlənməsi baş verə bilər".

Qida mütəxəssisi qeyd edib ki, alış-veriş edərkən diqqətli olmaq lazımdır. Şirə salmamış, rəngini, qoxusunu dəyişməmiş ət, qarnı şişməmiş balıq alınmalıdır. Təzə balığın pulları dartdıqda çıxmamalıdır. Onları soyuducuda, buzun üstündə, suyun içində almaq tövsiyə olunur. Piştaxtada, açıq havada və günəş şüaları altında olan ət məhsulları almaq məsləhət görülmür.

İaşə obyektləri qidasaxlama avadanlıqlarına xüsusi diqqət yetirməlidirlər

Konservləşdirilmiş məhsullar, qatıq, mayonez, smetan kimi ərzaq məhsulları da riskli qidalar qrupuna daxildir. A.Salamovun sözlərinə görə, konservləşdirilmiş qidaların qablaşdırılmasında şiş, pas varsa, onları qətiyyən almaq olmaz: "Bu o deməkdir ki, məhsulun kimyəvi tərkibi dəyişib. Konservləşdirilmiş ərzaqlar zavod görünüşünü qoruyub saxlamalıdır. Əks halda, qida zəhərlənməsi qaçınılmaz olacaq. Dondurma alarkən ona diqqət edilməlidir. Bəzən dondurmalar soyuq qida zəncirində kobud səhvə yol verilərək əriyir. Bir dəfə əriyib yenidən donduqda isə məhsulun tərkibində bağırsaq çöpləri əmələ gəlir. Dondurmaları alarkən onun qablaşdırılmasının deformasiya olub-olmamasına və toxunanda yumşaq olmasına nəzər yetirmək lazımdır.

İsti havalarda mayonezli məhsullardan uzaq durmaq lazım olduğunu qeyd edən mütəxəssis bildirib ki, çox vaxt insanlar mayonezli salatlar edib dənizə üz tuturlar: "Yumurta, mayonezli salatlar, evdə hazırlanıb aparılan ətlər yolda saatlarla tıxaclarda qalmaq səbəbindən keyfiyyətini itirir. Yaxşı olar ki, yay aylarında düzgün şərtlər altında mühafizə edilmiş qidalara üstünlük verilsin, məhsullar 2-3 saat ərzində yeyilsin. Daha yaxşı olar ki, mayonez əvəzinə zeytun yağı ilə hazırlanmış salatlara üstünlük verilsin".

A.Salamov vurğulayıb ki, ölkəmizdə keçiriləcək COP29 beynəlxalq konfransı ilə əlaqədar 80 mindən çox qonağın gələcəyi gözlənilir: "Bu baxımdan ictimai iaşə obyektləri bu kimi hallara xüsusi diqqət yetirməlidirlər. Müəssisələr yaxşı avadanlıqlarla, soyuducularla təchiz olunmalıdırlar. Qəbul etdikləri riskli məhsulların mənşəyi, haradan alındığı məlum olmalı, baytar nəzarətindən keçdiyi möhür və uygunluq sertifikatı ilə təsdiqlənməlidir".

Ülkər XASPOLADOVA,
"Azərbaycan"
 

Dünyapress TV

Xəbər lenti