Günəşdə bir neçə partlayışın baş verməsindən sonra yaxın günlərdə maqnit aktivliyinin artması müşahidə olunacaq.
TEREF Sfera.az-a istinadən xəbər verir ki, bununla bağlı açıqlamanı Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutunun baş elmi işçisi Sergey Yazev “İzvestiya” nəşrinin əməkdaşı ilə söhbətində bildirib.
Alim xəbərdarlıq edib ki, Günəşdə bir neçə partlayış olduğu üçün maqnit aktivliyi tez bitməyəcək:
“Partlayışların bəzilərində emissiyalar olub, bəzilərində isə yox. Buna görə də pozulmuş maqnit mühiti bir neçə gün davam edəcək. Amma maqnit qasırğasının olub-olmayacağını indidən söyləmək çətindir”.
Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası martın 23-də Günəşdə güclü parlamanın baş verdiyini bildirib. Martın 23-də Günəşdə bir neçə güclü partlayışın baş verməsindən sonra maqnit qasırğasının olacağına dair ehtimallar irəli sürülüb.
Belə bir ehtimalı ABŞ-nin Kosmik Hava Proqnozu Mərkəzi də təsdiqləyib.