Yeni müharibə təhlükəsi: -
“Ermənistan Silahlı Qüvvələri düşmənin hərəkətini izləyir, hazırda heç bir cəmləşmə yoxdur”.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan “Yerablur” panteonunda jurnalistlərlə söhbətində belə deyib. O, Azərbaycanın sərhədə qüvvə toplamadığını bildirib. “Mən əməliyyat şəraitini nisbətən stabil qiymətləndirirəm”, - deyə Asryan bildirib. Azərbaycan mövqelərinin Nerkin Hənd kəndinə yaxın yerləşməsinə gəlincə, Baş Qərargah rəisi jurnalistlər arasında maarifləndirici proqram keçirmək qərarına gəlib və təmas xəttinin nə olduğunu izah etməyə başlayıb. General deyib:

“Təmas xətti elə bir quruluşdur ki, orada həm bizim, həm də düşmən tərəfində mövqelər yerləşir və əgər düşmənin 20 mövqeyi varsa, yəqin ki, bizim tərəfdə də o qədərdir, onların sayını açıqlamayacağıq”.

Asryan bildirib ki, Ermənistan Silahlı Qüvvələri onlara verilən tapşırıqları yerinə yetirir. Beləliklə, Azərbaycana Ermənistana qarşı hansısa hərəkətlərə cəhd edəcəyinə dair bəzi dairələrin iddialarına erməni general özü cavab vermiş olub. Baş qərargah rəisi qeyd edilən açıqlaması ilə Azərbaycanın şərti sərhəddə guya Ermənistana hücuma hazırlaşmasına dair Qərb siyasi dairələrində aparılan kampaniyanın yalan olduğunu təsdiq edib. Halbuki, Fransa, Avropa İttifaqı və ABŞ rəsmiləri Ermənistana hərbi müdaxilə edəcəyi təqdirdə, Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırır.

Xüsusilə də Ermənistanın Fransa tərəfindən silahlandırılması və Avropa İttifaqının 1750 nəfər müşahidə missiyasının Azərbaycanla sərhəddə yerləşdirilməsi bölgədə növbəti müharibə təhlükəsi yaradıb. Bu da öz növbəsində, Azərbaycanla Ermənistan arasında sülh prosesini pozur. Ermənistan vasitəsilə Cənubi Qafqazda möhkəmlənməyə çalışan Qərb bu strategiyanı sərhədlərin təhlükəsizliyi siyasəti adı altında həyata keçirir. Çünki Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq istəyən Avropa İttifaqının Ermənistanla birbaşa sərhəddi yoxdur. Ona görə də Qərb regionda mövqelərini gücləndirmək üçün Azərbaycanla sərhəddəki münaqişəli vəziyyətdən faydalanmağa çalışır.

Eyni zamanda, Rusiya da baş verə biləcək eskalasiyadan istifadə edərək şərti sərhəddə öz sülhməramlı qüvvələrini yerləşdirməklə Avropa İttifaqının müşahidə missiyasının fəaliyyət göstərdiyi ərazilərə nəzarəti ələ almağa çalışır. Bununla da Rusiya Qərbin Ermənistan üzərindən regionda artan təsirinin qarşısını almağı planlaşdırır.

Ancaq Rusiya hazırda sərhəddə nəzarəti daha çox dinc şəkildə ələ keçirmək üzərində düşünür. Çünki Ukraynada ağır müharibə aparan Rusiya Cənubi Qafqazda Qərblə ikinci savaş cəbhəsinin açılmasında maraqlı deyil.

Bu baxımdan, Rusiyanın planları Qarabağdakı sülhməramlı qüvvələri şərti sərhəddə yerləşdirməkdir. Sadəcə olaraq, sərhəddə münaqişəli vəziyyətin davam etməsi sülhməramlıların bögədə daha uzun müddətə qalması üçün şərait yaradır ki, bu da Rusiyanın maraqlarına uyğundur. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ötən həftə Ermənistan-Azərbaycan sərhədinə KTMT-nin müşahidə missiyasının yerləşdirməsi üçün hələ 2022-ci ildə nazirliklər səviyyəsində razılıq əldə olunduğu, yalnız Baş nazir Nikol Paşinyanın bu sənədi imzalamaqdan imtina etdiyi barədə açıqlaması da məhz bu məqsədə xidmət edir.

Yəni Lavrov Paşinyan razılaşmanı imzalayarsa, Rusiyanın Ermənistanın Azərbaycanla şərti sərhədinə KTMT müşahidə missiyasının yerləşdirilməsi barədə razılaşmanı göndərməyə hazır olduğuna dair mesaj verir. Bununla da rəsmi Moskva həm sərhəddə Avropa missiyasının Rusiyanın nəzarətinə keçməsini təmin etməyə, həm də KTMT-ni tərk etmək istəyən Ermənistanda quruma etimadı bərpa etmək istəyir.

Lakin Ermənistan hakimiyyəti təhlükəsizlik sahəsində Qərbə inteqrasiyaya üstünlük verir. Azərbaycan-Ermənistan şərti sərhədinin Qərb və Rusiya arasında geosiyasi qarşıdurma xəttinə çevrilməsi müşahidə olunur. Sərhəddə başlayacaq müharibə isə dərhal Ermənistan ərazisinə keçə bilər. Ona görə də Azərbaycanın sərhəddə qüvvə cəmləmədiyinə dair Baş qərargah rəisi Asryanın açıqlaması yaranmış təhlükənin üzərinə su səpir. İrəvan bir tərəfdən Azərbaycanın hücum etmək istəmədiyini rəsmən etiraf edir, digər tərəfdən Ermənistanı məhvə məhkum edəcək müharibəyə ehtiyac olmadığına işarə edir.

Politoloq İlqar Vəlizadə “Cebhe.info”-ya açıqlamasında bildirib ki, Ermənistanın Baş Qərargahı real vəziyyəti dilə gətirib:

“Ola bilsin ki, Ermənistana Azərbaycanla münasibətləri gərginləşdirmək üçün təzyiqlər edilir. Məqsəd hərbi toqquşma yaratmaq və Ermənistana dəstək göstərməkdir. Əslində, Ermənistan süni gərginliyin yaranmasında maraqlı deyil. Çünki bu, daxili siyasi proseslərə təsir edəcək. Hazırda Ermənistanın Rusiyadan uzaqlaşaraq Qərblə yaxınlaşması Paşinyan hakimiyyəti üçün mürəkkəb vəzifədir. Bununla yanaşı, əlavə bir problemin yaranması Ermənistana lazım deyil.

Lakin Qərb ölkələri öz ssenarilərini reallaşdırmaq istəyir və Azərbaycanla Ermənistana təzyiqlər göstərir, müdaxilə edir. Ona görə də Qərb Ermənistana yardımlar edir və onu yalnız qoymayacaq. Əslində, məqsəd Ermənistan-Azərbaycan münasibətləri deyil. Rusiyanı regiondan sıxışdırmaq üçün bu “oyun”lar qurulur. Qərb belə rəy yaratmağa çalışır ki, Rusiya Ermənistanı müdafiə etmədiyi halda, biz edirik.

Əgər Qərb bəhanə axtarırısa, bunu tapacaq. Ermənistan başa düşməlidir ki, onu alət kimi istifadə edirlər. Hesab edirəm ki, Ermənistan rəhbərliyi tam itəatkar vasitə kimi çıxış etmək istəmir. Çünki bu, çox təhlükəlidir. Ona görə də Ermənistan müstəqil addımlar atmaq istəyir. Ancaq buna nə qədər nail olacaqları məlum deyil. Ermənistanın siyasətinin problemi ondan ibarətdir ki, onlar bir havadardan qopub digər havadarın əlində alətə çevrilmək istəyir. Ermənistan başa düşür ki, şərti sərhəddə müharibəyə başlasa, digər güclərin əlində oyuncağa çevriləcək.

Nəticədə, onun suverenliyi əlindən alınacaq. Bu səbəbdən də Ermənistan müharibə istəmir. Lakin elə bir vəziyyət yaranıb ki, Ermənistan istəməsə belə, başqa dövlətlərin əlində oyuncağa çevrilib. İndi Ermənistan Rusiyadan qopub Qərbə tərəf gedir. Yəni Ermənistan Qərbin əlində alətə çevrilir. Ermənistan Qərbyönümlü siyasət çərçivəsində özlərini müstəqil apara bilər, amma baş verən hadisələr göstərir ki, artıq başqasına tabedirlər”.

Ekspert Avropa Parlamentinin ağlasığmaz qətnaməsini xatırladıb:

“Orada qeyd edilir ki, müşahidəçilər Ermənistanın Azərbaycanla sərhədi ilə yanaşı, Türkiyə ilə sərhədinə də yerləşdirilsin. Bu, Ermənistanın daxili işlərinə qarışmaqdır. Yəni Ermənistana diqtə edirlər ki, müşahidə missiyasını Türkiyə ilə sərhəddə yerləşdirməlisən. Axı Avropa Parlamentinin bunu etməyə nə ixtiyarı var? Tutaq ki, Azərbaycanla sərhəd müəyyənləşməyib.

Axı müşahidəçilərin Türkiyə ilə sərhəddə nə işi var? Çünki Türkiyənin Ermənistanla sərhədi delimitasiya və demarkasiya olunub. Türkiyə Avropa İttifaqının müttəfiqidir. Buna baxmayaraq, onlar nə istəyirlər edirlər. Ermənistan isə bu “oyun”un nə qədər təhlükəli olduğunu dərk etmir. Yaxud da dərk edir, bunun qarşısını ala bilmir. Çünki “oyunçu” artıq Ermənistan deyil, başqalarıdır”.
 
 


 

Dünyapress TV

Xəbər lenti