Dərman vasitələrinin idxalı ilə məşğul olan hüquqi və fiziki şəxslərə xəbərdarlıq edilib.
Bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.
Bildirilib ki, “Dərman vasitələri haqqında” Qanuna edilən 14 iyul 2023-cü il tarixli dəyişikliklərə əsasən, dərman vasitələrinin Azərbaycana idxalına icazənin verilməsindən imtina halları müyyən edilib.
Qanunun 9-1.16.2-ci maddəsinə görə, bu hallardan biri, idxal olunan dərman vasitələri (dövlət qeydiyyatı məqsədilə idxal edilən, sərgidə nümayiş etdirilmək üçün nəzərdə tutulan, nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri istisna olmaqla) dövlət reyestrinə daxil edilmədikdə və ya dərman vasitələrinin idxalına icazə verilənədək dövlət qeydiyyatının qüvvədə olma müddəti bitdikdə dərman vasitələrinin idxalına icazənin verilməsindən imtina qərarının qəbul edilməsidir.
Yəni, idxala icazə verilən günə ölkəyə idxal olunan dərman vasitəsinin dövlət reyestrində olması zəruridir. Bu o deməkdir ki, AEM tərəfindən idxala icazə məktubu verilən günə qeydiyyat vəsiqəsi qüvvədə olmalıdır. Əks halda idxala icazə verilməyəcək.