Xaricə müalicə üçün üz tutan MƏMURLARIMIZ –
Azərbaycanda son illər tibb sahəsinin inkişafında yeni addımlar atıldı. Məsələn, bir neçə qurum yaradıldı. İcbari tibbi sığorta vasitəsilə vətəndaşlara göstərilən ödənişsiz səhiyyə xidmətləri genişləndirildi. Lakin yenə də vətəndaşlarımız, xüsusilə, bəzi imkanlı şəxslər və məmurlar səhhətlərindəki narahatlığa görə müalicə üçün Avropa ölkələrinə üz tuturlar.

Bəs səbəblər nədir və ölkəmizin tibb xidmətinə güvənsizlik psixologiyası nədən qaynaqlanır?

Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı Bizim.Media-ya bu fikirləri bölüşüb:

“Yaxşı olardı ki, bizim məmurlar və ya bir az imkanlı olan vətəndaşlarımız səhiyyəmizə güvənsinlər. Azərbaycanda müalicə üçün xaricə üz tutanların sayı həddən ziyadə çoxdur. Düzdür, bu, bütün dünyada var. Hətta Almaniya, İngiltərə kimi ölkələrdə də bu tendensiya mövcuddur. Ancaq bütövlükdə bizdə bu nisbət daha çoxdur və gözə çarpır”.

O qeyd edib ki, milli səhiyyəyə güvənin olmamasının mentalitetə bağlı səbəbləri də var:

“İnsafən demək lazımdır ki, Azərbaycanda yetərincə yaxşı mütəxəssislər var. Onlar Avropada, Amerikada, Türkiyədə yetişib gəlmiş şəxslərdir. Sadəcə olaraq səhiyyənin təşkili işində qüsurlar var. Ürək və beyin əməliyyatları Azərbaycanda uğurla icra edilir. Amma bu işin effektiv formada təşkilində problemlər müşahidə edirik. Dəfələrlə dilə gətiririk ki, xaricə üz tutanların sayı az olsun.

Məmurlar səhiyyəmizə güvənməlidirlər ki, nümunə olsunlar. Əslində, bu cür nümunələr var, amma daha da kütləviləşməsi üçün milli səhiyyəmizə etibar etməli və dəyər verməliyik ki, reputasiyasını qaldıraq. Bu, həm məmurlara, həm imkanlı vətəndaşlara, həm də bütövlükdə xalqımıza aiddir”.
 

Dünyapress TV

Xəbər lenti