"Ali təhsil müəssisələrinin qarşısında fəaliyyət göstərən dönərxanalarda satılan dönərlərin qiyməti ayranla birlikdə 1 manat 50 qəpikdir. Halbuki nəzərə alaq ki, ayranın öz qiyməti elə 30-40 qəpikdir"
Bunu ötən gün deputat Kamilə Əliyeva Milli Məclisin Səhiyyə Komitəsinin iclasında deyib. Moderator.az-a açıqlama verən millət vəkili gənclərimizin qidalarına diqqət yetirmələrini tövsiyyə edib:
"Milli Məclisin komitə iclasında səsləndirdiyim fikirlərdə də qeyd etmişdim. Bildirmişdim ki, qanun layihəsində olan dəyişiklikə əlaqədar Universitetlərin qarşısında bir manat əlli qəpiyə dönər satılır. Üstəlik bu qiymətə dönərlərlə birlikdə ayran da təklif olunur. Dönərlərlə birlikdə ayranın qiymətlərini nəzərə alsaq üstəgəl çörəyin arasına ətlə birlikdə dönər üçün istifadə edilən inqredientlərin qiymətini hesablasaq belə çıxır ki, ət tələbələr üçün pulsuz başa gəlir. Bu obyektlər əti hardan neçəyə alırlar ki, dönəri bu qiymətə satırlar? Ətin alınmasına nəzarət varmı, sertifikatlarının olub- olmamasına kim nəzarət edir? Bu məsələləri Milli Məclisdə də qaldırmışdım. Sözügedən məsələyə aydınlıq gətirilməsi nəzarətin gücləndirilməsi vacibdir. Bu vəzifədə tənzimləmə işlərinin aparılması da qida təhlükəsizliyi agentliyinin üzərinə düşür.
Onu da qeyd edim ki, əsasən bu dönərlərdən şagirdlər və tələbələr istifadə edirlər. Ona görə də bu məsələyə daha çox nəzarət olunmalıdır".