Yaşlı insanlarda oynaq ağrılarının səbəbi açıqlandı
Orta və yaşlı insanlarda oynaq ağrılarının əsas səbəbi iltihab və yaşla əlaqədar yaranan oynaq xəstəlikləridir.

Bunu Səhiyyə Nazirliyi Elmi-Tətqiqat Travmatologiya və Ortopediya İnstitutunun şöbə müdiri Nizami Məmmədov deyib.

O bildirib ki, oynaq qığırdaqlarının artrozu (aşınması) ən çox yayılan oynaq xəstəliyidir: “Oynaq səthlərini örtən qığırdaq toxumalar oynaq hərəkətlərini və oynaqda sürüşməni təmin edir. Artroz zamanı bu sürüşkənliyin pozulması, aşınmanın artması ilə sümüklərin bir-birinə sürtünməsi ağrı, sərtlik və hərəkət məhdudluğunu yaradır. Xəstəliyin başlanğıcında hərəkət və fiziki yüklənmələr zamanı yaranan ağrı xəstəlik irəlilədikcə istirahət zamanı da ağrıların olması, ətraflarda əyilmələrin meydana çıxması, hərəkətlərin azalmasına gətirib çıxarır. Hətta sonrakı dövrlərdə müalicənin aparılmasına baxmayaraq, oynaq qığırdaqlarının fiziki funksiyaların itirilməsi ilə nəticələnə bilər”.

“Bununla belə, oynaq ağrıları oynaq ətrafı digər strukturların, məsələn vətər, əzələ, sinovial kisələrin zədələnməsi və ya oynağa digər nahiyyələrdən yayılan ağrılarla da əlaqəli ola bilər. Oynaq ətrafı ciblərin iltihablanması, yumşaq toxumalarda sıxılmaların yaranması, əzələ və oynaqların həddindən artıq gərginliyi, oynaq ətrafı bəzi yumşaq toxuma hissələrinin zədələnməsi, vətərlərin və ya vətər qişalarının iltihablanması, oynaq kisələrində həddindən artıq mayenin toplanması da tez-tez rast gəlinən oynaq ağrıları səbəblərindəndir”, – şöbə müdiri əlavə edib.
 

Dünyapress TV

Xəbər lenti