Deputat:“Aptekdə çaytikanı adı ilə günəbaxan yağı satılır”
"AQTA-nın məlum addımını qətiyyətlə alqışlayır və dəstəkləyirəm".
Bunu "Sherg.az"a deputat Rüfət Quliyev Gəncədə aptekdə çaytikanı adı altında günəbaxan yağının satıldığının aşkarlanmasından danışarkən deyib. O vurğulayıb ki, AQTA-nın monitorinq siyasətini bəyənir:
"Tək apteklər yox, bütün ticarət şəbəkələrində bu formada yoxlamalar həyata keçirilməlidir.

Həm vaxtı keçmiş, həm də tərkibi müvafiq qaydalara uyğun olmayan saxta məhsulların istehsalçıları, satıcıları ilə mübarizə aparmaq lazımdır. Hüquq mühafizə orqanları da məsələyə müdaxilə etməlidir. Saxta qidaların satışını reallaşdıran istehsalçılar insanların həyatını təhlükə altında qoyurlar. Bu, böyük problemdir".
Millət vəkili istehlakçılara müraciət edib:

"Alıcılar istər aptek, istərsə də ticarət şəbəkələrində saxta qida məhsullarını gördükdə hüquq mühafizə orqanları, AQTA, İqtisadiyyat Nazirliyinin qaynar xəttinə zəng edib, xəbər verməlidirlər. Biganə qalmaq olmaz. Bu gün istehlakçılar analoji məhsulu görüb, almırlarsa, o demək deyil ki, sabah heç bir tanış, qohum, qonşuları həmin qidadan zəhərlənməyəcək. Xahiş edirəm ki, bütün alıcılar çox diqqətli olsunlar. İctimai nəzarət də buna deyirlər".
Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Gəncədə aptekdə çaytikanı adı altında günəbaxan yağının satıldığını aşkarlayıb.

Dünyapress TV

Xəbər lenti