Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Süleymanov Ramin Zahid oğlunun idxal etdiyi Belarus Respublikasının “Экономфрукт” şirkətinə məxsus 21 ton, Ukraynanın “Внешняя торговля и переработка" şirkətinə məxsus 21 ton və Rusiya Federasiyasının “Агромир” şirkətinə məxsus 20,95 ton kartof məhsulundan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Müayinələr nəticəsində hər 3 partiya məhsulda karantin tətbiq edilən zərərvericilər − kartof yumrularında halqavari çürümə və kartof gövdə nematodu aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. İstehlaka yararsız məhsullar məişət tullantıları poliqonunda məhv edilib.