Diplomatik müharibə güclənir, kompromis necə tapılacaq?
Qərb İlham Əliyevin dəhlizlərlə bağlı təklifini dəstəkləyir, Paşinyan isə israr edir...

Münhen Təhlükəsizlik Konfransının aparıcı mövzusu Ukrayna böhranı olsa da Azərbaycan-Ermənistan arasında sülh müzakirəsi də gündəmin əsas hadisələrindən biri idi. ABŞ Dövlət katibi Entoni Blinken ilk dəfə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla bir araya gələrək, problemin həlli yollarını geniş müzakirə etdi. Habelə, ATƏT sədrinin moderatorluğu ilə Cənubi Qafqazın 3 ölkəsinin lideri ilk dəfə bir masa arxasında əyləşib, təhlükəsizlik, siyasi-iqtisadi inkişafa mane olan ümumi problemlərdən danışdılar.


Avropa İttifaqının prezidenti Şarl Mişel də ayrı-ayrılıqda liderlərlə görüşüb Brüssel prosesinin davam etdirilməsinə razılıq aldı.

Ötən ilin noyabrından Rusiya rəhbəri Vladimir Putinin xüsusi səyləri, Paşinyanın qeyri-adekvat yanaşması ilə (Valday çıxışı, Soçi görüşü) qırılan təmaslar bərpa olundu. ABŞ və Avropa İttifaqı sülhün əldə olunmasına yönəlik iradə nümayiş etdiriblər. Bunu kənara itələmək indiki situasiyada çətindir, nəzərə alsaq ki, Rusiyanın regionda təsir imkanları getdikcə məhdudlaşır, o zaman Qərb platformasında sülh müzakirələrinin getdikcə daha böyük meydan qazanması qaçılmazdır.

Prezident İlham Əliyev Blinkenlə görüşdən sonra bildirdi ki, Ermənistanın mövqeyində, yetərli səviyyədə olmasa da, tərəqqi var. Bu irəliləyişin konkret nədən ibarət olması məlum deyil, amma Qərbin olumlu baxdığı kompromislərdən biri rəsmi Bakı tərəfindən qəbul edilir.

İlham Əliyev bildirib: “Biz sərhədlərin delimitasiyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır. İlkin təəssüratımız belədir ki, həm Avropada, həm Amerikada bizim bu təklifimiz məntiqli hesab olunur”.

Xatırladaq ki, bu təklif yeni deyil, hələ ötən il Brüsseldə Şarl Mişelin vasitəçiliyi baş tutan üçtərəfli görüşdən sonra Azərbaycan dəhlizlərə eyni yanaşma təklif edib: “Zəngəzur dəhlizində hansı meyarlar tətbiq olunacaqsa, Laçın dəhlizində də eynisi olacaq”, -deyə Prezident vurğulamışdı.

Bu təklif rəsmən Ermənistan tərəfinə təqdim edilib. Nikol Paşinyan Münhendə bildirib ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda Laçın dəhlizi ilə bağlı konkret məqamlar yer alıb. “Bu bəyanata görə, Azərbaycan və Rusiya sülhməramlılarının vəzifəsi Laçın dəhlizini açıq saxlamaqdır, lakin indi təəssüf ki, bizdə tamam başqa vəziyyət var. Biz hesab edirik ki, beynəlxalq diqqət bu vəziyyətə yönəlməlidir, çünki bu vəziyyətin davam etməsinin Dağlıq Qarabağ erməniləri üçün geridönməz humanitar nəticələrə səbəb ola biləcəyindən ehtiyat edirik”, – o bildirib.

Beləliklə, İlham Əliyevin rəsmi təklifinə Paşinyandan dərhal publik “yox” cavabı gəlib. Amma ola bilsin, bu, hələ ki, İrəvanın dəqiqləşmiş mövqeyi deyil, çünki Azərbaycan Prezidenti bildirib ki, qarşı tərəf Bakının təklifinə cavab verməyib. Dəhlizlərlə bağlı ABŞ və Avropa İttifaqının da dəstəklədiyi suverenlik prinsipinin tətbiqini rədd etmək Ermənistan rəhbərliyi üçün o qədər də asan ola bilməz.

Məsələnin həlli təkcə Paşinyan hakimiyyətindən də asılı deyil. Rusiyanın mövqeyi necə olacaq, bu, önəmlidir. Hazırda Azərbaycanın Laçın rayonu istiqamətində Ermənistanın dövlət sərhədi rus sülhməramlılarının müvəqqəti nəzarətindədir. Eləcə də Laçın-Xankəndi yoluna da onlar nəzarət edir. Üçtərəfli razılaşmaya görə, 2025-ci ilə qədər bu status-kvo qalmalıdır. Azərbaycan Moskvanın razılığı olmadan Laçında sərhəd-buraxılış məntəqəsi tikməyə nail ola bilərmi?

Daha bir vacib sual Zəngəzur dəhlizi ilə bağlı üçtərəfli bəyanatda yer alan müddəalardır. Sənədə görə, Ermənistan Rusiya Federal Sərhəd Xidmətinin nəzarətində olacaq bu yolda Azərbaycanın qərb hissəsi ilə Naxçıvana maneəsiz gediş-gəlişi təmin etməlidir. Nəzəri baxımdan, hər iki tərəf Zəngəzurda və Laçında nəzarət-buraxılış məntəqələri yaratdılar, bəs yolda hərəkətin təhlükəsizliyinə nəzarət mexanizmi kimin əlində olacaq? Ermənistan bu halda Rusiyanı öz ərazisinə buraxacaqmı? İrəvanın xarici siyasətində sürətli dəyişkənlik, Qərb xəttinin güclənməsi, KTMT-nin yox, Avropa ittifaqı missiyasının sərhədlərə gətirilməsi İrəvanın əks mövqedə dayandığını göstərir.

Beləliklə, 9 noyabr bəyanatının regionda yaranmış yeni situasiyaya adekvat olmadığı ortaya çıxır. Azərbaycan təklifi, Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi üçtərəfli sənədin müddəalarını istisna edir. Paşinyan yalnız bəyanatın Laçın dəhlizi ilə bağlı hissəsinə istinad edir, bu da həm Bakının, həm də Qərbin yanaşması ilə tərs mütənasibdir.

Sülh müqaviləsi ilə bağlı ziddiyyətlərin bir hissəsini də Qarabağ mövzusu təşkil edir. İrəvan Bakıya göndərdiyi təkliflərə yenə Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizlik problemlərinin həllini və beynəlxalq qarantiya məsələsini daxil edib. İlham Əliyev bu təklifi birmənalı şəkildə rədd edib. Amma onun mövqeyində başqa kompromis var: Rusiyanın Xankəndinə göndərdiyi Ruben Vardanyan Qarabağdan çıxarılmalıdır, Bakı bölgənin yerli əhalisi ilə danışmağa hazırdı.

Burada Bakının təklifinin kimə ünvanlandığı tam aydın deyil. Vardanyanı Xankəndindən kim qovmalıdır? Ermənistan, yoxsa Qərb? Hazırda onların praktik bu imkanları yoxdur, çünki Vardanyan Kremldən idarə olunur, Rusiya isə onu geri çəkmək, Qərb platformasında sülh anlaşmasına dəstək vermək niyyətindən çox uzaqdır. İkincisi, İrəvan nəzəri baxımdan Qarabağdakı ermənilərə iqtisadi, siyasi təzyiq göstərə bilər, amma bu, çox mürəkkəb məsələdir və Vardanyanı qısa müddətdə Xankəndindən uzaqlaşdıra bilməz. O istefaya göndərilsə belə, Kreml onu Qarabağda saxlamaqda davam edəcək.

Beləliklə, ilkin mərhələdə prosesdə müsbət dinamika olsa da, ziddiyyətlər kifayət qədər çoxdur, onların həlli, kompromislərin tapılması münaqişə tərəflərindən daha çox bölgəyə təsir edən güc mərkəzlərinin imkanlarından asılıdır. Hazırda region uğrunda Rusiya-Qərb savaşı aktiv fazaya daxil olub…
pressklub
 

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Mövqelərimiz yenidən atəşə tutuldu
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə- VİDEO
18 Aprel 2025 Bu gün Başlıbel faciəsindən 32 il ötür
17 Aprel 2025 Təhməzovlarla Vəliyevin ortaqlığı: Sarıcalıda su daman evləri onların tikdiyi üzə çıxdı
15 Aprel 2025 Petrosyanla bağlı yalan danışdığı elə məhkəmədə sübut olundu
15 Aprel 2025 Şəhid atasını aldadaraq pulunu oğurladılar - VİDEO
14 Aprel 2025 Qarabağ Universitetinin yeni fakültələri Şuşa və Xocalıda fəaliyyətə başlayacaq
12 Aprel 2025 O videonu Arayikə izlətdilər- Timsahın göz yaşları...
10 Aprel 2025 Mövqelərimiz yenə atəşə tutuldu
09 Aprel 2025 “Böyük Qayıdış”ın zəfər həftəsi
08 Aprel 2025 Ağdaban faciəsindən 33 il ötür
07 Aprel 2025 Qarabağda bir gündə 4 nəfər minaya düşüb - YENİLƏNİB
06 Aprel 2025 Türkiyənin adından Qarabağ haqda pis xəbər yayıldı: səfirlik REAKSİYA VERDİ– FOTO
05 Aprel 2025 Suqovuşan kəndinə növbəti köç karvanı yola salındı
05 Aprel 2025 Zəngəzur dəhlizi ilə bağlı mühüm gəlişmə...
03 Aprel 2025 32 ildir açıq qalan sual: Kəlbəcərin işğalının qarşısını almaq mümkün idimi?
02 Aprel 2025 Qələbəyə aparan yol - Aprel döyüşlərindən doqquz il ötür
01 Aprel 2025 “300-ə yaxın müsəlman məscidi, 500-dən artıq müsəlman qəbiristanlığı barədədə hesabat versin”-DEPUTAT
29 Mart 2025 Azərbaycan öz Milli Qəhrəmanına BELƏMİ SAYĞISIZDIR? - BU NƏDİ BELƏ?..
28 Mart 2025 Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Sarıcalı kəndinə səfərdən görüntülər paylaşılıb - VİDEO

Dünyapress TV

Xəbər lenti