30 il ərzində Azərbaycan torpaqlarının bir hissəsi erməni işğalçıları tərəfindən qəddar işğala məruz qalıb. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurub, bir milyondan çox azərbaycanlı bu illər ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olub. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salıb, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv edib, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurub. İşğal zamanı mülki və təsərrüfat obyektləri ilə yanaşı, Azərbaycanın misilsiz mədəniyyət abidələri də məhv edilib.
Ən çox təəssüf doğuran o idi ki, ATƏT-dən mandatı olan Minsk Qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olmalarına baxmayaraq heç bir halda Ermənistanı qınamadılar.
Azərbaycan Ordusu dövlətimizin qətiyyətli mövqeyi sayəsində 30 ilin erməni işğalına və yalanlarına son qoydu. Dövlətimiz bu illər ərzində dünya güclərinin edə bilmədiklərini etdi, ədalət və beynəlxalq hüquq deyilən məfhumların reallıqda mövcudluğunu, başqasının torpaqlarında gözü olanın, zaman-zaman öz çirkin niyyətinə uyğun olaraq soyqırımlar, faciələr törədənin hansı duruma düşəcəyini bütün dünyaya göstərdi.
Əgər dağıdılan şəhərlərin, yaşayış məntəqələrinin sayı əsas götürülsəydi, biz bəlkə də dünyada ən çox və ən böyük dağıntılara məruz qalan ölkə adını qazana bilərdik. Lakin bütün törədilən ağlasığmaz dağıntılara və vəhşiliklərə baxmadan Azərbaycan müharibədə qalib gəldikdən sonra şəhərlərin insanların rahatlığı üçün yenidən bərpa edilməsi istiqamətində dünyanı heyrətə salan layihələri reallaşdırmaqdadır. İşğaldan azad edilmiş ərazilərin, şəhər və kəndlərin tamamilə fərqli bir qiyafədə və ən gözəl görkəmdə bərpası üçün dövlətimiz böyük layihələr həyata keçirir, müasir dünya təcrübəsindən faydalanır. Ən məşhur beynəlxalq şirkətlər bərpa işlərində iştirak edirlər.
Məhz bu səbəbdən Azərbaycan Prezidenti işğaldan azad edilmiş ərazilərin bərpasına ciddi resursları istiqamətləndirir, şaxələnən iqtisadiyyatımız isə bu ərazilərdə infrastruktur layihələrini inamla reallaşdırmağa imkan verir.
Erməni vandalizminin canlı şahidi olan dağıdılmış şəhər və kəndlərimiz, bayrağımızı sancmağa bir dənə də olsun salamat tikilinin qalmadığı torpaqlarda indi genişmiqyaslı quruculuq işləri, dünyanı heyrətə salan layihələr reallaşdırılır. Qəddar işğala, ağlasığmaz dağıntılara və vəhşiliklərə məruz qalmış yurd yerləri insanların rahatlığı üçün ən gözəl görkəmdə müasir dünya təcrübəsindən faydalanaraq yenidən bərpa edilir. Ölkə Ptezidentinin diqqət və qayğısı sayəsində işğaldan azad edilmiş ərazilərin bərpasına beynəlxalq şirkətləri cəlb edilib, ciddi resurslar istiqamətləndirilib.
Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra qarşıda dayanan əsas vəzifələrdən ən birincisi 30 ilə yaxın torpaq həsrəti ilə yaşayan soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıtmalarının təmin edilməsidir. Artıq otuz il erməni işğalı altında qalmış Qarabağ və ətraf rayonlarımız yeni görkəm alır. Erməni vandalizminin izləri yavaş-yavaş bu totpaqlardan silinir, tarixi abidələr bərpa olunur, yeni yol-nəqliyyat infrastrukturu yaradılır. Əlbəttə, işğaldan azad edilmiş torpaqların bərpası təkcə Azərbaycanın deyil, bütövlükdə regionun iqtisadiyyatının, əməkdaşlığın daha da güclənməsinə təkan verəcək.
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası