“Ruben Vardanyanın Xankəndidəki iş otağından tapılmış “Naxçıvan atlası” bizə təqdim olunub və hazırda bu atlası təhlil edirik”.
Azərbaycan Kartoqrafları İctimai Birliyinin sədri Müqabil Bayramov mətbuata açıqlamasında belə deyib.
O bildirib ki, bu atlası 2012-ci ildə Erməni Memarlıq Fondu nəşr edib.
Atlasda yer alan xəritələr başdan-ayağa saxtakarlıqlar üzərində qurulub:
“Atlasda iddia olunub ki, guya Naxçıvan daim erməni dövlətlərinin və knyazlıqlarının tərkibində əyalət olub. Bu xəritələr Azərbaycana qarşı ərazi iddialarıdır. Atlasda ilk xəritə guya yunan mütəfəkkiri Ptolomeyin II əsrdə yazdığı "Coğrafiya" əsəri əsasında tərtib olunub və orada "Böyük Ermənistan"dakı yer adları erməni toponimləri ilə verilib.
Ancaq elmi ictimaiyyətə çoxdan məlumdur ki, Ptolomeyin "Coğrafiya" əsəri günümüzə gəlib çatmayıb, əsərin orijinalı IV əsrdə itib və yalnız 1000 il sonra versiyalarından biri tapılıb, iki dəfə də həmin versiya bir-birinə tam uyğun gəlməyən formada latın dilinə tərcümə olunub”.
Müqabil Bayramov onu da deyib ki, atlasda saxtalaşdırılmış bir sıra xəritələrdə Naxçıvan ərazisi heç bir əsas olmadan qırmızı xətlərlə işarələnib:
“Bu atlas Azərbaycana qarşı ərazi iddialarının guya tarixi legitimliyini saxtakarlıqlarla əsaslandırmaq üçün ucuz təbliğat materialıdır.
Kartoqrafiya ciddi sahədir, onu siyasi oyunbazlığın alətinə çevirmək olmaz. Düşündürücüdür, Vardanyan Naxçıvanla niyə bu qədər maraqlanıb?! Görünür, Azərbaycan Ordusunun 2023-cü ilin sentyabrında keçirdiyi antiterror əməliyyatı onun çox arzusunu ürəyində qoyub”.
Qeyd edək ki, saxta atlasın tərtib olunması və separatçı rejimin ləğvindən sonra tapılması Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının davam etməsindən xəbər verir.
Lakin ermənilərin bu iddiası yalnız Qarabağ bölgəsi ilə kifayətlənməyib.
Onlar daima Naxçıvana qarşı da işğalçılıq və etnik təmizləmə siyasətini həyata keçirmək arzusu ilə yaşayıb. Hələ Sovet dövründə Şərur-Dərələyəz mahalının torpaqları və yaşayış məntəqələrinin qanunsuz olaraq Ermənistan SSR-ə pay verilməsi də bu məqsədə xidmət edib.
İşğal dövründə isə erməni şovinistləri Qarabağın ilhaqını başa çatdırdıqdan sonra Naxçıvan MR-nın ərazisini də işğal edəcəklərinə dair planlarını gizlətmirdilər.
“Miatsum” ideologiyasına görə, guya Qarabağdan sonra Gürcüstandan Samsxe-Cavaxetiya, növbəti mərhələdə isə Naxçıvan işğala məruz qalmalı idi. Ancaq 44 günlük müharibədə Ermənistanın sarsıdıcı məğlubiyyətə uğraması bu xülyaların pul olması ilə nəticələndi.
Buna baxmayaraq, ermənilər Naxçıvana olan iddiasından əl çəkmək istəmir.
Hətta Ermənistanda “Naxçıvan-Girdman-Şirvan erməniləri” adlı qondarma ictimai qurum da fəaliyyət göstərir. Yəni ermənilər Azərbaycana qarşı təxribatçı əməllərini davam etdirir.
Ermənişünas alim Qafar Çaxmaqlı “Cebheinfo.az”-a açıqlamasında Naxçıvana ərazi iddiası ilə bağlı Ermənistanda tədbir də keçirldiyini deyib.
Onun sözlərinə görə, ermənilər Qarabağa və Naxçıvana olan ərazi iddialarından əl çəkmək istəmir:
“Çünki “Böyük Ermənistan”ın xəritəsinə həmişə Qarabağ və Naxçıvan da daxil edilib. Bundan başqa, Gürcüstanda “Samsxe-Cavaxetiya” adlandırdıqları Ahıska torpaqlarına da ermənilər iddia edir. Hətta ermənilər Türkiyənin 6 vilayətini “Qərbi Ermənistan” adlandırırlar və öz idddialarını əsaslandırmaq üçün belə saxta yolla tərtib olunmuş xəritələrdən istifadə edirlər.
Ruben Vardanyanın otağından tapılmış həmin atlas da 2012-ci ildə hazırlanıb. Bu xəritə guya tarixi faktların təsdiqi kimi təqdim olunur. Onlar həmin xəritədə “Armeniya” deyilən coğrafi terminə istinad edirlər. Halbuki “Armeniya” ifadəsinin ermənilərə hər hansı aididyyəti yoxdur. Ərəblər bu əraziyə “Ərməniyyə” deyiblər, türklər “ərmən” deyib. Həm də bu coğrafi torpaqlara Naxçıvan daxil deyil.
Naxçıvan “Armeniya”nın şimalında yerləşir. Hazırkı Ermənistan Respublikasının ərazisi də oraya daxil deyildi. Qədim yunan mənbələri əsasında ermənilər saxta xəritələr tərtib etməklə öz iddialarını sübuta yetirmək istəyirlər. Bu, Azərbaycana qarşı birbaşa ərazi iddiasıdır.
Lakin Ermənistan cəmiyyətində separatçılığın tüğyan dövrlərdən bəri davam edən bu cür planların səmərə vermədiyini anlamağa başlayıblar. Ona görə də şovinist düşüncədən dövlət səviyyəsində imtina etmək niyyəti hiss olunur.
Artıq Ermənistanda “Erməni tarixi” adlı dərs kitablarının adları dəyişdirilib. Dərsliklərin üz qabığına “Ermənistan tarixi” yazılsa da, içərisi dəyişdirilməyib. Guya ermənilərin tarixi torpaqları var, “Böyük Ermənistan” deyilən ərazilər olub. Onlar anlamalıdır ki, Ermənistan adlı dövlət heç vaxt mövcud olmayıb.
Ayrı-ayrı imperiyaların tərkibində knyazlıqlar, bəylərbəyliklər olsa da, erməni dövləti olmayıb. 1918-ci ildə Ermənistanın Azərbaycan torpaqları hesabına yaradılması da bütün dünyada qəbul olunub. Ermənilər 1918-1920-ci illərdə Naxçıvana da ərazi iddiası irəli sürüblər.
Lakin 1921-ci ildə imzalanmış Qars müqaviləsi bu niyyətin üstündən xətt çəkib. Həmin sənəddə açıq şəkildə yazılıb ki, Naxçıvan başqa bir dövlətin tərkibinə yalnız Türkiyənin razılığı ilə daxil ola bilər.
Yəni Türkiyə Naxçıvanın təhlükəsizliyinin təminatçısıdır. Hətta erməni siyasi xadimlərinin bir çoxu Naxçıvanın, Zəngəzurun Azərbaycan torpaqları olduğunu etiraf ediblər. Hətta 1920-ci illərdə Anastas Mikoyan Vladimir Leninə raport göndərərək Zəngəzurun və Qarabağın Azərbaycan SSR-in tərkibində qalmasının vacidliyini qeyd edib.
Mikoyan bildirib ki, bu ərazilərin Ermənistana birləşdirilməsi Bakıdan məhrum olmasına səbəb olacaq. Yəni Bakının imkanlarından istifadə etməsi mümkün olmayacaq. Şaumyanın Orjanikidzeyə məktubunda da açıq şəkildə qeyd edilir ki, Zəngəzur və Naxçıvan Azərbaycan torpaqlarıdır.
Yəni Naxçıvan da, Zəngəzur da, Qarabağ da Azərbaycanın tarixi ərazilərdir. Hər hansı saxta xəritə bu tarixi həqiqəti dəyişdirə bilməz. Ermənistanda Elmlər Akademiyasının nəzdində Kartoqrafiya İnstitutu var. Onların işi saxta xəritələr nəşr etməkdir. Son zamanlar sərhədlərin delimitasiyası və demarkasiyası məsələləri gündəmə gəldikdən sonra bu cür təxribatçı xəritələr tərtib etməklə ictimaiyyəti Nikol Paşinyana qarşı qaldırmaq istəyirlər”.