Azərbaycan Xalq Partiyasının sədri, keçmiş baş nazir Pənah Hüseynin 7 fevral növbədənkənar prezident seçkiləri ilə bağlı açıqlama yayıb. "Sherg.az"ın xəbərinə görə, AXP sədri və sabiq baş nazirin açıqlamasında vurğulanıb ki, dünyada və regiondakı geopolitik reallıqları və cağırışları, Azərbaycana yönəlik təhlükə və təhdid fəaliyyətlərini nəzərə alaraq, habelə islahat və dəyişikliklərin hakimiyyət və müxalifətin əməkdaşlığı şəraitində daha sürətli və əlverişli şəraitdə həyata keçəyi mövqeyinə dayanaraq, bu seçkinin cəmiyyətimizin qütbləşməsinə, qarşıdurmasına yox, milli birliyinə və konsolidasiyasına xidmət etməsi daha doğrudur: "AXP də öz növbəsində buna səy göstərəcək. Partiyamız seçkiləri boykot etmir. Hakimiyyət orqanının seçilməsi ilə bağlı bu seçkinin yekun nəticəsini mübahisələndirməyəcək və tanıyacaq".
P.Hüseyn vurğulayıb ki, bugün 8 saylı Binəqədi I seçki dairəsi 36 saylı seçki məntəqəsində səs verib: "Bu, bizim ölkənin mövcud siyasi vəziyyəti və inkişafı, habelə hakimiyyət alternativləri məsələsində indiki iqtidardan prinsipial fərqli mövqe, baxış və dəyərləndirmələrimizi dəyişdirmir. Hesab edirəm ki, 7 fevral seçkiləri koklü islahat və dəyişiklikləri istisna etmir. Yəni sistem xarakterli, o cümlədən seçki islahatı aparıldıqdan və çoxpartiyalı seçkilər əsasında Milli Məclisə və yerli özünüidarə orqanlarına seçkilər keçirildikdən sonra cəmiyyətin sifarişi və dəyişikliklərin məntiqi olaraq növbəti növbədənkənar prezident seçkilərinin gündəmə gəlməsi istisna deyil. Azad olunmuş torpaqlarımızda, Xankəndidə Azərbaycan hakimiyyət orqanına seçkidə səsvermələr isə həqiqətən ciddi və böyük hadisədir. Millətimiz, dövlətimiz və vətəndaşımız üçün xeyirli, uğurlu olsun".