Erməni mənbələrinin iddiasına görə, Azərbaycan tərəfi ilə aparılan danışıqlar nəticəsində Dağlıq Qarabağın üç keçmiş prezidenti və hökumət üzvləri bu gün Ermənistana keçiblər.
İddianın nə dərəcədə ciddi olub-olmadığına yalnız rəsmi Bakı aydınlıq gətirə bilər. Amma iddianı irəli sürən Bagramyan26 Telegram səhifəsi də kifayət qədər ciddi mənbə hesab olunur.
Məlumatın müəmmasını artıran başlıca faktor Azərbaycan Respublikası Baş Prokuroru Kamran Əliyevin dünən jurnalistlərə verdiyi açıqlamadır. Kamran Əliyev jurnalistlərlə söhbətində Arayik Arutyunyan, Cəlal Arutyuntan və David Babayanın adını çəkərək onların beynəlxalq axtarışa verildiyini bildirmiş və bütün erməni separatçı liderləri təslim olmağa səsləmişdi. Ardınca da əlavə etmişdi: “Onlardan biri artıq həbsdədir və barəsində istintaq tədbirləri aparılır. Yaxın zamanlarda Azərbaycan ictimaiyyəti bunlar və digərləri barədə ətraflı məlumat alacaqlar”.
Kamran Əliyevin təslim olan separatçı lider deyərkən qondarma rejimin sabiq “xarici işlər naziri” David Balayanı nəzərdə tutduğu aydındır. Deməli, məntiqlə, digər separatçı liderlər, o cümlədən Arayik Aratyunyan hələ də Qarabağdadır və hansısa daşın-kəssəyin arxasında gizlənir. Amma məsələ burasındadır ki, erməni mənbələrinin açıqlamalarında Qarabağ separatçılarının 3 eks-prezidentinin Azərbaycanla əldə edilən razılıq əsasında Ermənistana keçməsi barədə yayılan məlumatda nəzərdə tutulanlardan biri Arayik Aratyunyandır. Zira Qarabağ separatçılarının hazırda yaşayan 4 “eks-prezident”ləri var. Onlardan biri Robert Koçaryandır ki, çoxdan Qarabağa ayaq qoymur. Dolayısıyla onun Ermənistana keçməsi üçün Azərbaycanla hansısa sövləşmələrə girməsi də mümkün deyil. Digərləri isə Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyandır. Belə çıxır ki, Ermənistana buraxılanlardan biri də Arayik Arukyunyan olub. Elədirsə, Kamran Əliyev niyə onu və “silahdaş”larını təslim olmağa çağırırdı?
Vəziyyəti mürəkkəbləşdirən başqa məqamlar da var. Erməni mənbəsinin iddiasına inansaq, Azərbaycanın razılığı ilə Qarabağı tərk edənlər təkcə “eks-prezidentlər” olmayıblar. Onlarla yanaşı, separatçı rejimin bəzi keçmiş liderləri də Qarabağı manesiz tərk edib. Bəs, bunlar kim ola bilər?
Musavat.com -un özəl mənbələrə istinadən yaydığı bir məlumat bu suala müəyyən aydınlıqlar gətirir:
“Böyük ehtimalla söhbət Bako Saakyan, Arkadi Qukasyan və Araik Arutyunyandan, eləcə də Vitali Balasanyandan gedir. Yeni "prezident" Şahramanyan danışıqlarda pərdəarxası sima olaraq, Xankəndində qalır...
Musavat.com -un özəl məlumatına görə, bu simalar Xankəndi və ətraf bölgərin mərkəzi hakimiyyətin problemsiz nəzarəti altına keçməsi, silahlı dəstələrin tərkisilah olunması və ən əsası, Ruben Vardanyanın və daha 3 "generalın" həbs olunması prosesində Bakı ilə gizli əməkdaşılıq ediblər. Onların yeganə xahişi Qarabağı problemsiz tərk etmək olub”.
Burada diqqəti cəlb edən əsas məqam Qarabağda baş verən bütün cinayətlərin törədilməsində ən böyük günah sahibi Vitali Balasanyanın da həmin “əfv edilmiş”lər sırasında olmasıdır. Çünki bu adamın Qarabağ problemi yarandığı gündən son anına qədər Azərbaycan xalqına qarşı yürüdülən bütün vəhşiliklərin başında durub və əsla əfv edilməyəcək ağır hərbi cinayətlər törədib. Gəlin, onun bulaşdığı cinayətləri barədə tarixçi alim, dosent Zaur Əliyevin təsbitləri ilə tanış olaq:
“Vitalinin həyatında cəmi bir dostu olub. Onunla birgə Azərbaycan torpaqlarının işğal edilməsində iştirak edən, birlikdə Xocalı soyqırımını həyata keçirdiyi Serj Sərkisyan. Onlar 90-cı illərdən Qarabağda erməniləri döyüşə qatmaq üçün iş görüblər. Müharibəyə getmək istəməyən ermənilərin qız-gəlinlərini Serjlə birlikdə zorlayıb, qorxu yaradıblar. Xocalıda insanlığa sığmayan vəhşətlər törədiblər. Körpə qızların və qadınların qızıl əşyalarını Serj, kişilərin qızıl əşya və dişlərini isə Vitali toplayıb.
Balasanyan “Daşnaksütyun” partiyasının üzvüdür. Həm qondarma “artsax rejimi”nin, həm də Ermənistanın “xaç qəhrəmanı”dır. 1992-ci ilin əvvəlindən başlayaraq Azərbaycana qarşı döyüşüb. Xocalı camaatını qırıb, hətta şəhid komandirlərimiz Şirin Mirzəyevin və Allahverdi Bağırovun xidməti maşınlarının keçdiyi yollara mina da yerləşdirə bilib və onların öldürülməsinə nail olub… Vitali sadəcə, pul qazanmağı düşünüb - meyit və əsir satmaqla”.
Alim Kult.az-a açıqlamasında həmçinin bildirib ki, Vitali Balasanyan Qarabağda 5 mart 1959-cu ildə doğulub, uşaqlığı və gəncliyi orada keçib: “1990-cı ildən Əsgərandakı silahlı birləşmələrə komandanlığı məhz Balasanyan edirdi. Balasanyan əsgərlərinin Xocalı qırğınından sağ qalanları uçuruma doğru necə apardıqlarını və oradan necə atdıqlarını təsdiq edən kadrlar da hazırda əlimizdə var.
Digər video-müsahibəsində o etiraf edir: “1988-ci ilin 22 fevralında məşhur Əsgəran hadisələrinin təşkilatçı, atəş açan, öldürən, yaralayan mən olmuşam”.
Bayrağı təhvil verməyib təslim olan cəsur döyüşçü Natiq Qasımovu əsir alan da, dindirən də, işgəncə verən də Vitali Balasanyandır.
1988-ci il 20 fevralda Xankəndi Mərkəzi Xəstəxanasında təcrübə keçən iki azərbaycanlı tələbə qız ermənilər tərəfindən zorlandı. Bundan cəmi iki gün sonra azərbaycanlılar və ermənilər arasında birbaşa qarşıdurma atışmaya çevrildi. Nəticədə iki azərbaycanlı gənc həyatını itirdi. Məhz bu zorlamanın və iki azərbaycanlının qətl edilməsinin başında da bu Vitali dururdu. Bunu özü "News.am” saytına müsahibəsində də etiraf edib.
366 saylı rus motoatıcı alayının köməkliyi ilə dinc insanlara qarşı törədilən vəhşilikdə “əfsanəvi general” ünvanı qazanan Vitali bəşəriyyətin rast gəlmədiyi yırtıcıdır”.
Balasanyan həmçinin qətlə yetirdiyi və əbədi şikəst etdiyi Azərbaycanlı əsirlərinin meyitlərini və özlərini yaxınlarına müxtəlif yollarla satmaqla da məşğul olub. Bir sözlə, bu yırtıcı erməni “generalı” I Qarabağ savaşında aparılan etnik təmizlənmə siyasətində nəinki iştirak, hətta ona birbaşa rəhbərlik edib. Məhz bu səbəbdən Azərbaycan dövlətinin onun Qarabağdan qaçmasına şərait yaratması inandırıcı görünmür.
Bununla belə, onu da qeyd etməliyik ki, beynəlxalq axtarışa verilən bəzi erməni separatçlılarının Qarabağdan qaçdığına dair məlumatlar yeni deyil. Birgünlük antiterror əməliyyatından az sonra erməni separatçılarının “keçmiş müdafiə naziri”, xuntanın qondarma “parlament”inin deputatı Samvel Babayanın da Ermənistanda olduğu ortaya çıxmışdı. Onun özü erməni mediasına verdiyi açıqlamasında bu faktı təsdiqləmiş və sentyabrın 25-də gecə saat 2:00-da Azərbaycan-Ermənistan sərhədindən – Həkəri çayı üzərindəki “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçərək Ermənistana gəldiyini bildirmişdi.
1988-1994-cü illərdə Azərbaycana qarşı savaş zamanı Robert Köçəryan, Serjik Sərkisyan, Monte Melkonyan, Bako Saakyan və s. ilə yanaşı, bir sıra cinayətlərdə ittiham olunaraq İnterpola axtarışa verilən S.Babayan “Azat” nəşrinə açıqlamasında iddia etmişdi ki, o da hamı kimi sərhəd-keçid məntəqəsində düşüb sənədlərini sərhədçilərimizə göstərib və Ermənistana keçib. Separatçı lider hətta vurğulamışdı ki, Azərbaycan keçid məntəqəsindən keçərkən formasını belə dəyişməyib.
Göründüyü kimi, Azərbaycan ictimaiyyətində bəzi suallar yaradan müəmmalı məlumatlar dövriyyədədir. Bu məlumatlar Azərbaycan ictimai rəyini alt-üst etməyə hesablanmış dezinformasiya da ola bilər. Odur ki, rəsmi Bakı bu müəmmalı suallara və məlumatlara aydınlıq gətirməlidir.