Britaniyalı mütəxəssis Rodni Diksonun Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) keçmiş prokuroru Luis Moreno Okamponun “2023-cü ildə erməni soyqırımı” qərəzli rəyi ilə bağlı hazırladığı ifşaedici hesabat BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.
"Report" xəbər verir ki, hesabatda Luis Moreno Okamponun rəyinin hüquqi əsaslandırma baxımından kökündən qüsurlu olduğu, onun rəyinin müstəqil və ya ədalətli ekspert hesabatının metodologiyasını əks etdirmədiyi vurğulanıb.
Hesabatda bildirilir ki, Okamponun rəyi hüquqi kontekstdə və mövcud sübutların rasional təhlilinə imkan vermir, eləcə də Ermənistan və Azərbaycan arasında Beynəlxalq Məhkəmədəki prosesləri yanlış səciyyələndirir: “Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Ocampo 7 avqust 2023-cü il tarixli rəyində Azərbaycan Respublikasının ərazisində Qarabağ bölgəsində soyqırımın baş verdiyini bildirib. Moreno Okamponun rəyi 1990-cı illərin əvvəllərində Ermənistanın işğalı zamanı Azərbaycan ərazilərində qurduğu qanunsuz və tanınmamış rejimin göstərişi ilə hazırlanıb. 90-cı illərin əvvəllərində baş vermiş işğal nəticəsində yüz minlərlə azərbaycanlı öz yurd-yuvalarını tərk etmək məcburiyyətində qalmış, bununla da etnik ermənilərin demoqrafik üstünlükləri təmin edilmişdir. Hazırda guya Qarabağın erməni əhalisinin qondarma “soyqırımı”nın baş verdiyi iddiası heç bir dəlillə təsdiqlənmir və beynəlxalq ictimaiyyət bunu və iddia edilən nəticələri qəbul etməməlidir. “Soyqırımı” ilə bağlı saxta ittihamlar beynəlxalq hüquqa əsasən məsuliyyətə cəlb olunan qanunsuz əməllərdir".
Diksonun qənaətincə, Moreno Okamponun rəyində Qarabağın birbaşa və ya dolayı yolla Azərbaycanın ərazisi olduğu göstərilir, ancaq bunu, təəssüf ki, ardıcıl olmayan şəkildə edir:
"Mübahisəli ərazi iddialarına istinad etmək düzgün deyil, çünki Qarabağın Azərbaycan olması mübahisəsizdir”.
Britaniyalı mütəxəssis sonda qeyd edib ki, Okamponun rəyi real prioritetlərdən yayındıran əsassız ittihamdır:
"Okamponun rəyi Ermənistan və Azərbaycanın hökumətləri arasında hədsiz ziddiyyət yaratmamalı və beynəlxalq ictimaiyyəti çaşdırmamalıdır.
Ümid edirəm ki, Moreno Okamponun fikirlərindən beynəlxalq ictimaiyyət tərəfindən regionda konstruktiv təşəbbüslərdən diqqəti yayındırmaq üçün istifadə edilməyəcək".