Qarabağ qruplaşmaları bir-birini “gəmirirlər”
Qarabağ separatçılarının lideri Araik Aryutunyan Ağdamdan keçməklə Xankəndinə gedən yolun açılmasına razılıq verməyi planlaşdırır. Turan agentliyi Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu, onun opponentlərinin, o cümlədən rusiyalı biznesmen Ruben Vardanyan və daşnakların etirazına səbəb olub.

Öz növbəsində Araik Arutyunyanın silahlı tərəfdarları “hökuməti”, “parlamenti” qovacaqları və “böhran şurası” yaradaraq, bütün hakimiyyəti ona verəcəkləri ilə hədələyirlər.

Hər şey Araik Arutyunyanın bir neçə gün əvvəl istefa vermək niyyətində olduğunu elan etməsindən sonra başlayıb. Bundan sonra Ruben Vardanyan onu istefa ilə bağlı fikrini dəyişərək ictimaiyyəti aldatmaqda ittiham edib. O, Arutyunyana göndərdiyi videomüraciətdə deyib: “Siz nə lider, nə də ali komandan ola bildiniz və bu, davranışınızla bağlıdır”.

“Həftənin əvvəlində siz hamını istefaya gedəcəyinizə inandırırdınız və artıq qərar verdiyiniz üçün sizi dilə tutmağa ehtiyac olmadığını deyirdiniz. Amma 8 nəfərin iştirak etdiyi iclasda çoxları sizə inanmadı. Siz elə bir vəziyyət yaratdınız ki, artıq dövlət başçısının sözlərinə heç kim inanmır, sizin sözləriniz boş şeylərdir”, – deyə o, davam edib.

O, daha sonra qeyd edib ki, Arutyunyan “qırmızı xətti” keçib və xalq bunu ona bağışlamayacaq. Amma bununla nə demək istədiyini açıqlamayıb.

Bu sualın cavabı Arutyunyanın Azərbaycanla əməkdaşlığa razı olduğunu və Ağdamdan Xankəndiyə gedən yolu açmağa hazır olduğunu iddia edən erməni mətbuatında yer alıb. “Past” nəşrinin məlumatına görə, yaxın vaxtlarda Bərdədə Qarabağ ermənilərinin nümayəndələrinin Azərbaycan hakimiyyəti ilə görüşü keçiriləcək və orada bütün məsələlər razılaşdırılacaq.

Bu planlar təkcə Ruben Vardanyanın deyil, Azərbaycanla barışığın əleyhinə çıxan qüvvələrin, ilk növbədə daşnakların etirazına səbəb olub. Qarabağ “parlamenti”nin rəhbəri David İşxanyanın Bakı ilə münasibətlərin normallaşdırılması istiqamətində atılan addımların qarşısını almaq cəhdləri ona gətirib çıxarıb ki, Arutyunyanın silahlı tərəfdarları “parlament”i ələ keçiriblər, sakitləşmək istəməyən İşxanyanı hədələyiblər. Bunu öz videomüraciətində yeni peyda olmuş “Artsax könüllülərinin komandiri” Karen Matevosyan bildirib. Qarabağdan gələn xəbərlərə görə, bu hərbi dəstənin üzvləri Arutyunyanın əleyhdarlarına təzyiq göstərir və onları hədələyirlər.

Hər şeydən göründüyü kimi, Azərbaycanla reinteqrasiya ideyasının əleyhdarları da boyun əymək niyyətində deyillər və qətiyyətli addımlara hazırdırlar. “Təhlükəsizlik qüvvələrinin” və hər şeydən əvvəl qeyri-qanuni Qarabağ “ordusunun” mövqeyinin necə olacağı bəlli deyil.

Hadisələrin necə inkişaf edəcəyi naməlum olaraq qalır, lakin İrəvanın susması Ermənistanın bu prosesə müdaxilə etmək niyyətində olmadığını deməyə əsas verir. Eyni zamanda, vəziyyətin gərginləşməsi və müxtəlif qruplar arasında silahlı qarşıdurmanın başlaması Bakının Qarabağdakı qanunsuz silahlı birləşmələri tərksilah etmək planlarını sürətləndirə bilər.

Yuxarıda təsvir edilən hadisələrdə həqiqət payı nə qədərdir? Hər şey tam olaraq erməni mediasının təqdim etdiyi kimi ola bilərmi? Əgər belədirsə, onda belə çıxır ki, “prezident” Araik nədənsə yenidən mövqeyini dəyişib və artıq az qala Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasının tərəfdarıdır. Buna nə səbəb ola bilər? Kremldən verilən “işarə”? Bəs Rusiya bununla hansı məqsədləri güdə bilər?

Rusiya pasportu olan ermənilərin Qarabağdan çıxarılması ilə bağlı yeni tendensiyanın Moskvanın özü tərəfindən başlandığını istisna etmək olmaz. Xüsusən də, sülhməramlı kontingentdəki rus hərbçilərinin gedənlərə fiziki yardım göstərdiyini yada salmaq lazımdır. Görünür, bu hadisələr separatçı elitada çaxnaşma yaradıb və elitanı təşkil edən müxtəlif klanlar arasında çəkişmə başlayıb.

DİA.AZ-ın məlumatına görə, yaranmış vəziyyəti Press Kluba şərh edən Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze bildirib ki, Ağdam-Xankəndi yolunun açılması məsələsinin Moskvada həll olunduğu açıq görünür.

“Amma bu o demək deyil ki, yol mütləq açılacaq. Çünki biz sadəcə olaraq Moskvanın hazırda Qarabağda hansı kombinasiya oynadığını bilmirik. Ola bilsin ki, bu, həqiqətən də onların reallıqları anladıqlarının göstəricisidir və nəticədə Ağdam-Xankəndi yolunun açılışı olacaq. Bəlkə də əksinə, Moskva Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında qeyri-sabitlik yaradacaq ki, bu da bütövlükdə danışıq imkanlarının və Qarabağ ermənilərinin reinteqrasiyası perspektivlərinin tam əngəllənməsinə gətirib çıxaracaq.

Ümumiyyətlə, son vaxtlar hesab edirəm ki, ruslara sülhməramlı kontingenti saxlamaq lazım olduğu tezisinə düzəliş etmək lazımdır. Ruslar bu gün sülhməramlı kontingenti deyil, daha çox Ermənistanla Azərbaycan arasında müharibə və düşmənçilik vəziyyətini saxlamaq istəyirlər. Və bunun üçün Qarabağdakı ermənilərə həqiqətən ehtiyacları olmaya bilər. Lakin növbəti gərginlik və döyüş əməliyyatlarına səbəb olacaq faciə çox lazımdır. Buna görə də, indi həm Bakı, həm də İrəvan xüsusilə diqqətli olmalıdır”, – gürcü analitik hesab edir.
 

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
22 Noyabr 2024 Haaqada İrəvana təzminat davası: söhbət 100 milyardlardan gedir - Hələ GEC QALMIŞIQ...
21 Noyabr 2024 1 003 Xocalı əsirini ermənilərdən xilas edən Allahverdi Bağırovun ailəsi DANIŞDI VİDEO
20 Noyabr 2024 Azadlıq günün mübarək, Ağdam
19 Noyabr 2024 Qədim tarixi yurd yerimiz Kəlbəcər
19 Noyabr 2024 Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
16 Noyabr 2024 Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
15 Noyabr 2024 Problemlərin həlli Azərbaycan və Ermənistana prespektiv və sülh vəd edir -ŞƏRH
14 Noyabr 2024 Kimin qələbə qazanacağının fərqi yoxdur, önəmli olan qısa müddətdə Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək dəmir və quru yolun çəkilməsidir.
12 Noyabr 2024 “Son 4 il ərzində 382 nəfər Ermənistanın hərbi işğalı dövründə basdırdığı minaların qurbanı olub”
11 Noyabr 2024 Azərbaycanla Ermənistanın şərti sərhədindən YENİ GÖRÜNTÜLƏR
09 Noyabr 2024 Zəfər Günü münasibətilə Xankəndidə atəşfəşanlıq - VİDEO
08 Noyabr 2024 ​8 noyabr - Azərbaycan xalqının Zəfər Günüdür
07 Noyabr 2024 Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hazırda təqribən 30 min nəfər yaşayır – TƏHLİL
06 Noyabr 2024 Bakı elə bir təzminat tələb edir ki, uduzsaq… – Erməni medası
05 Noyabr 2024 İki cəbhədə bütöv Zəfər - nə separatçılar var, nə sülhməramlılar...
05 Noyabr 2024 Dünyaya səs salan Xankəndidəki Zəfər paradı
02 Noyabr 2024 Ermənilərin Okamposu onları ifşa etdi - Ermənistan işğalçıdır
02 Noyabr 2024 Sərhəddə gərginlik: Müharibə istəyən qüvvələr... - Seyidov detalları açıqladı
01 Noyabr 2024 “Qarabağ sensasiyası” davam edir: muzdlular, kimyəvi silahlar və ipəkqurdu tırtılları - Nebenzidən Aşota qədər heyrətamiz nağıl

Dünyapress TV

Xəbər lenti