Ermənistanın tələbi ilə çağırılmış BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasında ölkəmiz əleyhinə qərar qəbul olunmadı. Ermənilərin hiyləgərcəsinə tərtib etdikləri siyasi oyunları uğursuzluqla bitdi. Dünya birliyi ermənilərə həqiqətən də qapını göstərdi. Onlara başa salındı ki, reallıqla barışmalısınız. Reallıq isə ondan ibarətdir ki, bundan sonra Qarabağda yaşayan ermənilərlə bağlı bütün məsələlər məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nəzərdən keçiriləcək.
Beləliklə, Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün meydança kimi, rupor kimi istifadə etmək cəhdləri uğursuzluğa düçar oldu. İclas həm də erməni diplomatiyası ilə Azərbaycan diplomatiyasının keyfiyyət güzgüsünə çevrildi.
Bu iclasda Azərbaycan əleyhinə qətnamə çıxarılmasına çalışan Ermənistan diplomatiyası gerçəkdən də çox ciddi məğlubiyyətə uğradı. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin sözügedən iclasda etdiyi çıxış da kifayət qədər effektiv, sərrast və əsaslandırılmış çıxış idi. Bir sözlə, BMT Təhlükəsizlik Şurasının ötən gün baş tutan təcili iclasının nəticələri bir daha göstərdi ki, Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin möhkəmləndirilməsi istiqamətində yürütdüyü ardıcıl və inamlı siyasət öz müsbət nəticələrini verir. Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək üçün Ermənistan və onun havadarları tərəfindən həyata keçirilən bütün təxribatlar, məkrli siyasi oyunlar iflasa uğrayır.
Bununla yanaşı, TŞ-dəki dinləmələr bəzi Qərb dövlətlərinin Qarabağa yanaşmalarının elə də dəyişmədiyini, oradakı etnik azlıqdan geosiyasi məqsədləri üçün faydalanmağa çalışdıqlarını bütün çılpaqlığı ilə üzə çıxardı. O baxımdan BMT fiaskosu sadəcə ermənilərin deyil, eyni zamanda onlara hərtərəfli dəstək olan, himayə edən güclərin də məğlubiyyəti sayılmalıdır. Sirr deyil ki, məhz qeyri-konstruktiv mövqeyinə, eləcə də Azərbaycana qarşı apardığı qərəzli siyasətə görə Fransa regionda bütün nüfuzunu itirib. Rəsmi Paris sülh prosesində heç bir rol oynamaq imkanına malik deyil.
Ancaq eyni arzuolunmaz aqibətlə Amerika Birləşmiş Ştatları da üzləşə bilər. Məsələnin Ermənistanın əsassız müraciəti əsasında BMT TŞ-də müzakirəyə çıxarılmasına dəstək verən Vaşinqtonun da bölgədəki mövqeləri zəifləməyə doğru gedir. Amerika BMT TŞ-nin iclasında özünü obyektiv tərəf kimi göstərə bilmədi və açıq-aşkar ermənilərin əlinə oynadı. Müzakirələrdə çıxış edən ABŞ nümayəndəsi Linda Tomas Laçın dəhlizinin "bağlı" qalması nəticəsində Qarabağdakı erməni əhaliyə qida və dərman çatdırılmasının dayandırılmasından "dərin narahatlıq" keçirdiyini söylədi. Rəsmi Bakını onsuz da fəaliyyətdə olan bir yolu açmağa çağırdı. Aydın şəkildə görünürdü ki, ABŞ-nin BMT-dəki təmsilçisi bir sıra hallarda özünü beynəlxalq tribunanın kürsüsündə yox, Kaliforniyada seçkiqabağı kampaniyada çıxış edirmiş kimi aparırdı. ABŞ nümayəndəsinin Azərbaycanla Ermənistana Qarabağla bağlı "uzunmüddətli danışıqlar" təklif etməsi Fransa kimi Ağ Evin də regionda sülhdən daha çox qarşıdurmanın qalmasında maraqlı olduğunu göstərməkdən başqa bir şey deyil. Görünür, Qarabağın Azərbaycan torpağı olduğunu, bunu görməzdən gələnlərə anlatmaq üçün çox qısa zamanda daha təsirli addımlar atılacaq.
ABŞ-nin Azərbaycan əleyhinə addımları son günlər bir neçə dəfə təkrarlanıb və bunun arxasında erməni lobbisinin dayandığı da şübhə doğurmur. ABŞ-də güclü, təşkilatlanmış erməni diasporunun olması hər kəsə bəllidir. Konqresdə, Senatda, digər müxtəlif dövlət orqanlarında, kütləvi informasiya vasitələrində əməlli-başlı kök atmış lobbi təşkilatları vasitəsilə özlərinin maraqlarına uyğun ictimai rəy formalaşdırmağa çalışırlar. Laçın yolu üzərində sərhəd-buraxılış məntəqəsinin quraşdırılması, Ermənistanın, Qarabağdakı separatçıların, diaspor və lobbi təşkilatlarının ciddi narazılığına səbəb olub. Ermənistanın məğlubiyyətini həzm edə bilməyən həmin qüvvələrin Azərbaycan əleyhinə böhtan, şantaj, iftira kampaniyasına başlamaları gözlənilən idi.
Son günlər “Vaşinqton Post” qəzetində Azərbaycan əleyhinə silsilə məqalələrin yayılması, heç şübhəsiz, erməni diasporuna bağlı qüvvələrin sifarişidir. Əlbəttə, “Vaşinqton Post” kimi nüfuzlu mətbuat orqanında altı gündə üç məqalənin Azərbaycana həsr olunması acı təəssüf hissi doğurur. Hər şeydən əvvəl ona görə ki, 2001-ci ilin sentyabrında ABŞ-də baş vermiş terror hadisəsindən sonra bu ölkənin yanında olan ölkələrdən biri Azərbaycan idi. Xatırladaq ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəhbəri Robert Menendezin tapşırığı ilə amerikalı nümayəndələrdən ibarət bir qrup Ermənistana səfər etmişdi. Senatın Xarici Əlaqələr Komitəsinin ofisinin nümayəndələri - Sara Arkin və Demian Mörfi yük maşınlarının dayandığı sərhəd Kornidzorda olublar. Nümayəndə heyətini Sünik (Qərbi Zəngəzur) qubernatoru Robert Qukasyan müşayiət edib və onlar Gorus şəhərinin meri Aruş Aruşanyanla görüşüblər. Senatorlara sərhəddəki vəziyyət, guya, Laçın yolunun "bağlanması" və "Qarabağdakı humanitar durum" barədə məlumat verilib.
Bir daha vurğulayaq ki, amerikalı nümayəndələr ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendezin tapşırığı ilə Ermənistana gedib. Aydındır ki, bu cür saxta “yoxlama missiyası” təşkil etməkdə məqsəd “əsasları” çoxaltmaq və məsələni Senatın gündəliyinə daşımaqla hansısa anti-Azərbaycan sənədinin qəbuluna nail olmaq idi. ABŞ Konqresi və demokratlar tarixən ermənilərin beynəlxalq miqyasda özlərinin "məzlumlaşma" silahından istifadə etdikləri ən mühüm platformalardan və hədəflərindən biridir. Təsadüfi deyil ki, bütün müqavimətlərə baxmayaraq, uzun illər qondarma “erməni soyqırımının” məhz bu platformada tanıdılması üçün böyük vaxt və enerji sərf edərək, onun tanıdılmasına nail oldular. Maraqlısı odur ki, Vaşinqton və Paris dünya gündəmini zəbt edən Rusiya-Ukrayna müharibəsi, "Taxıl sazişi", Afrika və Yaxın Şərqdə baş verən, uzun müddətdir həllini gözləyən ciddi hadisələr dura-dura ermənilərin əsassız iddiaları ilə məşğul olmağa davam edirlər. Deməli, Ağ Evə görə, ən aktual məsələ erməni məsələsidir.
Müstəqillik illərində ABŞ-Azərbaycan münasibətləri hər zaman yüksələn xətlə inkişaf edib. Özünü demokratik ölkə hesab edən ABŞ öz dövlət maraqlarını bir qrup erməni tərəfindən satın alınmış siyasətçilərin koorporativ maraqlarına qurban verməməlidir. Ümid edək ki, Vaşinqton Azərbaycan-Ermənistan arasında gedən sülh danışıqlarında əsas platformalardan biri olduğunun mahiyyətini dərk edəcək və vasitəçi kimi obyektiv olmağı bacaracaq. Əks halda Ağ Evin rəsmi Parisdən fərqlənməyən siyasəti Vaşinqtonun hər zaman qorumağa çalışdığı balanslı yanaşmasına sarsıdıcı zərbə vurmuş olacaq.