Hər şey öncədən də bəlli idi ki, Ermənistanın hamilərinin dəstəyi ilə Azərbaycana müxtəlif istiqamətlərdə "hücum" planı nəticəsiz qalacaq. Baxmayaraq ki, Laçın yolunun başlanğıcına yaxın ərazidə Ermənistana məxsus yüklə dolu nəqliyyat vasitələrinin gözləmə mövqeyində dayanması, Qarabağda separatçıların hərbi texnikanı bir məntəqədən başqasına daşıması, səngərlərin qazılması, erməni diasporunun müxtəlif ölkələrdə başlatdıqları “etiraz aksiyaları”, ermənipərəst konqresmenlərinin təxribatçı açıqlama və müraciətləri, nəhayət bu təxribatların ən piki - BMT Təhlükəsizlik Şurasında təşkil edilən müzakirələr vahid ssenarinin tərkib hissəsi kimi rəsmi Bakını geri orurtmaq məqsədi daşıyırdı.
Sanki “Azərbaycanı necə geri addım atmağa məcbur edə bilərik” mövzusunda fəaliyyət planı hazırlamış Ermənistan və hamilərinin məqsədi təbii ki, faktiki erməniləri Azərbaycanla növbəti qarşıdurmaya və itkilərə sürükləmək məqsədi güdürdü. Lakin Azərbaycan bir daha hərb meydanında olduğu kimi diplomatik müstəvidə də erməniləri və erməni sevdalılarını geri oturtmağı bacardı.
Belə ki, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı ilə bütün Ermənistanı və ermənipərəst Qərb diplomatiyasını fakt qarşısında qoymağı bacardı.
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Ermənistan XİN rəhbərini təxribatçı çıxışına, əsassız iddidlarına qarşı faktlarla cavab verdi və kimin haqlı olduğunu dünya ictimaiyyətinə göstərmiş oldu. İclasda Ermənistan XİN rəhbəri Ararat Mirzoyan heç bir əsası olmadan "Aclıq görünməz soyqırım silahıdır və tədbirlər görülməsə, Qarabağdakı ermənilər məhv ediləcək", - deyə bildirməsinə görə Yaşar Əliyev tərəfindən səsləndirilən faktlar, təqdim edilən sənədlərlə aciz duruma salındı.
Daha dəqiq desək, BMT-dəki daimi nümayəndəmiz Qarabağdakı ermənilərin aclıqdan ölmədiyinə dair sosial şəbəkədən toplanan faktlarla dolu papkanı diplomat kübarlığı və siyasi əda ilə Mirzoyanın "qoltuğuna verdi”. Bu, Ermənistan üçün fiasko, Ararat Mirzoyanın, Ermənistan diplomatiyasının növbəti ağır məğlubiyyətidir. Beləcə, Ermənistan siyasi hakimiyyəti də növbəti dəfə hamilərinə böyük ümid edərək yollandığı xarici səfərdən əliboş, korpeşman geri qayıtdı.
Bu təkcə rəsmi İrəvanın yox, eyni zamanda Fransanın, İranın və digər antitürk dövlətlərin daha bir ləyaqətsizliyinin isbatı gecəsi kimi tarixə köçdü. Əslində Ermənistan və Fransa son dönəmlər bu cür fiskolarla artıq tez-tez üzləşməyə alışqan olublar. Bu, sayca Fransa və Ermənistanın artıq ikinci iflasıdır – ötən ilin dekabrında da məsələnin BMT TŞ-da qaldırılması cəhdi olmuşdu. Yekunda, hər iki halda bu cəhdlər nəticəsiz qaldı.
BMT Təhlükəsizlik Şurasında "Laçın axşamı" əslində Qarabağ ermənilərinin taleyinin narahatlığından qaynaqlanan bir məsələ deyildi. Hər şey gün kimi aydın idi ki, Ermənistan üzərindən regiona daxil olmaq istəyən, gesiyasi düzəni dəyişdirməyə cəhd edən kənar qüvvələr, dövlətlər bu məsələdən istifadə etməklə niyyətlərinə daha sürətli şəkildə nail ola bilərlər. Amma Azərbaycan ilk gündən bildirdiyi kimi, heç bir kənar qüvvənin Cənubi Qafqazda Azərbaycanın ərazi bütövlüyünə, təhlükəsizlik məsələsinə, suvernliyinə təhdid yaradacaq istənilən addımına qarşı lazımı addımları atacaq. Belə də oldu.
Elə Yaşar Əliyevin də qeyd etdiyi kimi,əgər Ermənistan həqiqətən də rayonun sadə sakinlərini düşünsəydi, o zaman Ağdam-Xankəndi yolu ilə Qarabağ bölgəsinə yüklərin çatdırılmasına heç vaxt etiraz etməzdi. Bu yol Azərbaycanın əsas nəqliyyat marşrutlarından biri olan “İpək Yolu” və ya M2 kimi tanınan və beynəlxalq bazarlara etibarlı əlaqələri təmin edən magistral yolu ilə birləşir. Dağ serpantinləri ilə uzanan 59 km-lik Laçın-Xankəndi yolu ilə müqayisədə bu yolun Ağdamla Xankəndi arasında uzunluğu cəmi 18 km-dir. Demək ki, məqsəd və məram elə bizim iddia etdiyimiz kimidir, demək ki, nə Ermənistan hərbi-siyasi rəhbərliyinə, nə də onun havadarlarına Qarabağdakı erməni sakinlərin gələcək taleyi zərrə qədər də maraqlı deyil.
Qarabağ ermənilərinin guya acından öldüyü ilə bağlı iddialara Bakının cavabını isə inanmıram ki, nə Ermənistan, nə də onun həyasızlığına ümidlər bəsləyən hamiləri uzun müddət unuda. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Qarabağ ermənilərinin ac olması iddialarına fotolarla, faktlarla cavab verdi. BMT Təhlükəsizlik Şurasının iclasında zala yığılan digər ölkələrə - Azərbaycanın haqlı mövqeyinə qarşı çıxanlara diplomatiya dərsi keçildi.
Nə qədər yumoristik səslənsə də Yaşar Əliyev erməni dəyirmanına su tökənlərin qabağına tort (fotofaktlar) qoydu. Rəsmi Bakı BMT TŞ-nın iclasında səbrlə və təmkinlə qarşı tərəfi oyun qaydalarına uyğun şəkildə masada da zərərsizləşdirməyi bacardı. Guya “blokada” şəraitində yaşayan erməni sakinlərin Xankəndidə keçirdikləri toy, ad günü, konsert şənliklərinin şəkillərinin sübutlarla, faktlarla iclas zalında təqdim edilməsi zala toplaşanlara yerini dar etdi desək, yalan olmaz.
Nəticə etibarı ilə BMT Təhlükəsizlik Şurasının müzakirələri çərçivəsində Ermənistanın Qarabağda “aclıq reality şou” təqdimatı ilə çağırdığı fövqəladə iclası nəticəsiz bitdi. Ermənistanı belə geniş ictimayyətə bu qədər riyakar, manipulyator və təcavüzkar ölkə kimi təqdim etmək üçün rəsmi Bakı bütün imkanlarından istifadə etdi. İkinci Qarabağ müharibəsində üzləşdikləri ağır məğlubiyyət ermənilərin əskəriyyətini ağıllandırmadısa, özlərinin istəyi ilə BMT Təhlükəsizlik Şurasında təşkil edilən toplantının nəticələri ermənilər üçün növbəti siqnal olmalıdır. Bu günkü eallığı qəbul etmək istəməyərək Azərbaycana qarşı təzyiqlə nəsə əldə edəcəklərini düşünən Ermənistan hakimiyyəti, lobbi təşkilatları və havadarları gec də olsa dərk etməlidirlər ki, rəsmi İrəvan daha böyük fiasko ilə qarşı-qarşıya qala bilər.
Törədilən təxribatlar, legitim ərazilərimizdə separatçıların qanunsuz silahlı birləşmələrinin yeni səngərlər qazıb, mövqelər qurmaq cəhdləri onlara çox baha başa gələ bilər. Məntiqi ardıcıllıqğınöz işini görəcəyi də istisna edilmir. Bu gün diplomatik masadan böyük yenilgi ilə ayrılan Ermənistan və onun qondarma rejiminin növbəti ağır məğlubiyyəti döyüş meydanında reallaşa bilər. Bu dəfə daha acınacaqlı, daha betər. Bu səbəbdən, ermənilər üçün ən doğru yol elə Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yoludur. Sülh də, Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası da məhz bu prosesə çox bağlıdır.