Cümə günü, iyunun 23-də Şuşa rayonunun faktiki işğal altında qalan Kiçik və Böyük Qaladərəsi kəndlərində məskunlaşmış bir qrup hayk mikroavtobusla Rusiya “sülhməramlıları”nın müşayiəti ilə Xankəndinə gedib və onlar alış-veriş etdikdən sonra geri qayıdıblar.
DİA.AZ moderator.az-a istinadla xəbər verir ki, bunu NEWS.am ilə söhbətində adı çəkilən kəndlərə yaxın məsafədə yerləşən Sarıbaba(yaxud Salatınkənd) kəndinin qanunsuz icma başçısı Artak Akopyan söyləyib.
O bildirib ki, sabah, yəni iyunun 26-da Şuşa rayonunun Sarıbaba kəndi və Turşsu qəsəbəsində məskunlaşmış hayklardan da bir qrupu “sülhməramlı”ların müşayiəti ilə Xankəndinə yola düşəcək və yenidən qayıdacaqlar .
Qeyd edək ki, erməni mənbələri Şuşanın adı çəkilən 4 məntəqəsini “ikiqat blokadada qaldığını” iddia edir
Artıq 11-ci gündür ki, yəni iyunun 15-dən, Həkəri çayı üzərindəki Laçın sərhəd-buraxılış məntəqəmiz Ermənistan istiqamətindən snayper atəşinə məruz qaldıqdan və bir sərhədçimiz yaralandıqdan sonra Azərbaycan tərəfi Yuxarı Qarabağa gediş-gələşi tamamilə əngəlləyib. Yalnız bu gündən Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə ağır xəstələrin Ermənistana aparılıb-gətirilməsinə icazə verilir.