Azərbaycan Silahlı Qüvvələri Ermənistanla sərhəd ərazilərdə, eləcə də Qarabağın dağlıq hissələrində bir sıra strateji nöqtələri nəzarətə götürüb.
Çox güman ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Azərbaycan Ordusunun bu kimi tədbirləri davam etdiriləcək. Hətta erməni mediasının məlumatına görə, Azərbaycan hərbçiləri Xankəndi-Turşsu torpaq yolu istiqamətində irəlilədikdən sonra daha bir neçə on kilometr irəliləyiblər. Həmçinin Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib ki, relyef cəhətdən mürəkkəb olan istiqamətlərdə Azərbaycan hərbçiləri əlverişli mövqelər tutublar. Ordumuz tərəfindən nəzarətə götürülən yüksəkliklərdə genişləndirmə, yerləşdirmə və möhkəmləndirmə işləri davam edir.
TEREF.AZ-ın məlumatına görə, məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Cebhe.info-ya şərhində qeyd edib ki, Qarabağ və Zəngəzurda mühəndis-istehkam işlərinin aparılması həmin ərazilərdə təhlükəsizliyin təmin edilməsinə istiqamətlənib:
“Ermənistanla sərhəddə, o cümlədən rus sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə həyata keçirilən mühəndis işlərinin hədəfi ilk növbədə həmin bölgələrdə xidmət edən hərbi qulluqçuların və yaxınlıqda tikinti-bərpa işlərində çalışan mülki vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Tədbirlər daha çox Ermənistanla sərhəddə nəzarətə götürülən Zabux və Cağacuq kəndləri istiqamətlərində görülür. Strateji nöqtələrdə istehkamların qurulması həmin ərazilərin təhlükəsizliyini və toxunulmazlığını qorumaq, habelə mümkün düşmən təxribatlarının qarşısını almaq üçün əhəmiyyətlidir. Hesab edirəm ki, Azərbaycan Ordusu Şuşanın Allahqullar və Zamanpəyəsi kəndlərini nəzarətə götürdükdən sonra digər ərazilərdə hakim və strateji yüksəkliklərə nəzarət üçün fəaliyyətini davam etdiricək”.
Ekspert bildirib ki, ərazilərimizin qeyri-qanuni erməni silahlılardan təmizlənməsi istiqamətlərində bu kimi tədbirlərin görülməsi mütləqdir:
“Silahlı qüvvələrimiz mülki əhalinin seyrək yaşadığı ərazilərdə, həmçinin Sərsəng su anbarı, talana məruz qalmış Qızılbulaq və Dəmirçi yataqları ətrafında əməliyyatlarını davam etdirəcək”.