Tanınmış jurnalist Ülviyyə Alovlu Azərbaycanın ilk və hələ də yeganə "dünya gözəli" tituluna sahib olan Sona Mehmandarova ilə bağlı maraqlı paylaşım edib.
Sfera.az həmin yazını təqdim edir.
“Sona Mehmandarova 1894-cü ildə Lənkəranda anadan olubb. O, Azərbaycan Xalq Cümhuriyyətinin Müdafiə naziri olmuş Səməd bəy Mehmandarovun qardaşı Nağı bəy Mehmandarovun qız idi. Xarici gözəlliyinə görə evə tez-tez elçilər gəlirdi. Atası Nağı bəy qızının təhsilinə öncəlik verdiyini bildirərək, qızına olan evlilik təkliflərini rədd edirdi. Belə rədd cavabı alan elçilərdən Əhməd bəy Zeynalov 1910-cu ildə Nağı bəyi öldürərək dənizə atır.
Atasının ölümündən sonra Sona Lənkəranı tərk edərək Bakıya - anasının qohumlarının yanına gəlir. 1912-ci ildə qohumlarının təkidi ilə "Obşestvennoye sobraniye" binasındakı (indi Azərbaycan Dövlət Filarmoniyası yerləşən bina) gözəllik yarışmasına qatılır.
Burada qalib olan Sona Tiflisdə keçirilən digər müsabiqəyə qatılır və burada "Qafqaz incisi" tituluna layiq görülür.
Tiflisdən sonra Sankt-Peterburqa yola düşür və burada da birinciliyə layiq görülür. 1912-ci ilin sonunda isə Parisdə keçirilən beynəlxalq əhəmiyyətli müsabiqədə qalib gələrək, "Dünya gözəli" titulunun qran-prisinə sahib olur və məşhurluğu dünyaya yayılır.
Bu qalibiyyətdən sonra Sona xanım Azərbaycana qayıda bilmir və Sankt-Peterburqda yaşamağa başlayır”.