Ali təhsil naziri vəzifəsini icra edən Neda Məhəmməd Nadim İslam Əmirliyi tərəfindən planlaşdırılan bəzi «islahatların» son 16 ayda ali təhsil sektorunda həyata keçirilmədiyini bildirib.
“Tolo news” xəbər verir ki, N.M. Nadim qız tələbələr üçün universitetlərin bağlanmasının dörd səbəbini açıqlayıb. O, deyib ki, qadınların yataqxanalarda qalması, əyalətlərdən kişilərin müşayiəti olmadan gəlməsi, tələbələrin hicaba riayət etməməsi, birgə təhsilin davam etməsi, qızlar üçün İslam qanunlarına və əfqan qüruruna zidd olan bəzi fakültələrin fəaliyyət göstərməsi universitetlərin bağlanmasına dəlalət yaradıb: “Mövcud kurrikuluma ən azı 160 sahə daxildir. Qadınların ləyaqəti, qüruru və əfqan mədəniyyəti ilə ziddiyyət təşkil edən bəzi sahələr var idi. Mühəndislik və kənd təsərrüfatı onların bir hissəsidir”.
N.M.Nadim bildirib ki, İslam Əmirliyi şəriət qanunlarına əsaslanaraq qadınların hüquqlarına sadiqdir.
Qadınların ali təhsilinin dayandırılması ilə bağlı müxtəlif reaksiyalara cavab olaraq Nadim deyib ki, beynəlxalq ictimaiyyət Əfqanıstanın daxili işlərinə qarışmamalıdır: “Biz onları daxili işlərimizə qarışmamağa çağırırıq. Onlar bir tərəfdən bacılarımızın hüquqlarını təmin etməyə çağırır, digər tərəfdən isə ölkədəki müsəlmanlara məhdudiyyətlər qoyurlar”.
Qeyd edək ki, çərşənbə axşamı Ali Təhsil Nazirliyi bəyanat verərək dövlət və özəl qurumlara növbəti xəbərdarlığa qədər qız tələbələr üçün dərsləri dayandırmağı əmr edib.