Bakıda fəaliyyət göstərən "Milana Medical" MMC barəsində məhkəmə iddiası qaldırılıb.
TEREF.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, klinika İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinin tələblərini pozub.
Belə ki, tibb mərkəzində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyəti həyata keçirilib.
Klinika barəsində tərtib olunmuş cərimə protokolu Nərimanov Rayon Məhkəməsinə göndərilib. İş hakim Xalidə Əlisoyun icraatına verilib. Məhkəmə iddianı təmin edərsə, tibb mərkəzini 6 mindən 8 min manatadək məbləğdə cərimə gözləyir.
Qeyd edək ki, "Milana Medical"ın sahibi iş qadını və yazar kimi tanınan Xuraman Muradovadır. O, əvvəllər "Laçın" Klinikasının rəhbəri olub. 2014-cü ildən isə "Milan Hospital"ın baş direktorudur. Bir müddət əvvəl isə Xuraman Muradovanın ölkədən çıxışı məhdudlaşdırılmışdı. Buna onun dövlət büdcəsinə olan vergi və sosial ödənişləri ödəməməsi səbəb olmuşdu.