Dubay şeyxinin keçmiş azərbaycanlı həyat yoldaşının vəkilləri BMT-nin İnsan Hüquqları Şurasına müraciət ediblər. Onlar Zeynəb Cavadlı və onun uşaqlarının təhlükəsizliyini təmin etmək üçün Şuranın işə müdaxiləsini istəyirlər.
İddia olunur ki, xanım Cavadlı şeyx Səid bin Məktum bin Rəşid əl-Məktumla qəyyumluqla bağlı mübahisə zamanı hakimiyyət tərəfindən təzyiq, təqib və hədə-qorxuya məruz qalıb.
Şeyxin vəkilləri isə Zeynəb Cavadlının yararsız ana olduğunu iddia edirlər. Onun özü bu ittihamları rədd edib.
DİA.AZ BBC-nin Azərbaycan xidmətinə iastinadən xəbər verir ki, bu, Dubayda hakim ailə daxilində ixtilafları üzə çıxaran son hadisədir.
Xanım Cavadlı BBC-nin əldə etdiyi eksklüziv videoda "lütfən mənə kömək edin" deyir.
"Uşaqlarımla mənim həyatımız və təhlükəsizliyimiz üçün vahimə içindəyik, qorxuruq".
"Biz faktiki olaraq evsizik və Dubayda bir oteldə ilişib qalmışıq, uşaqlarım həbs oluna biləcəyimdən və əlimdən alınacaqları qorxusuyla oranı tərk edə bilmirlər".
Azərbaycandan olan 31 yaşlı keçmiş beynəlxalq gimnast 2019-cu ildə şeyx Səiddən boşandıqdan sonra yaşadığı Dubayda qalıb. O, ölkəni tərk edəcəyi təqdirdə uşaqlarını bir daha görə bilməyəcəyindən qorxur və üç azyaşlı qızı ilə Dubayda qalır.
Təxminən üç ilə yaxındır ki, o, keçmiş həyat yoldaşı ilə qəyyumluq uğrunda mübarizə aparır.
Xanım Cavadlı Dubayın hökmdarı şeyx Məhəmməd bin Rəşid əl-Məktumun qardaşı oğlu olan şeyx Səidlə 2015-ci ildə ailə qurub.
Müdaxilə ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasına müraciətində xanım Cavadlının britaniyalı vəkilləri onun həm hərəkət, həm də ifadə azadlığının məhdudlaşdırıldığını, ona qarşı hədə-qorxu taktikasının tətbiq edildiyini iddia edirlər.
Müraciətdə iddia olunur ki, iki il əvvəl yerli polis onların evinə zorla daxil olarkən hücuma məruz qalıblar. Zeynəb Cavadlı həmin anları canlı yayımlayaraq dünyanın diqqətini özünə çəkmişdi. Bu hadisədən sonra onun valideynləri Azərbaycana qayıdıblar.
Zeynəb Cavadlının sözlərinə görə, son üç il ərzində polis basqınları, məhkəməyə çağırış və həbs qərarları onun gündəlik həyatının bir hissəsinə çevrilib.
50 səhifəlik sənədə əsasən, onun işinə qərəzsiz baxılmayıb və qəyyumluq haqqı bunun üçün tələb edilən hüquqi prosedur olmadan şeyx Səidə verilib
Müraciətdə iddia olunur ki, xanım Cavadlı "açıq-aşkar ədalətsiz, ayrı-seçkilik və qərəzli məhkəmə prosesi" ilə üzləşib. Bildirilir ki, onun xeyrinə olan yeganə məhkəmə qərarı bir müddət sonra "heç bir hüquqi əsaslandırma" olmadan yenidən dəyişdirilib.
Şeyx Səidin vəkilləri Dubaydakı məhkəmə dinləmələrində bildiriblər ki, xanım Cavadlı uşaqlar üçün mütənasib olmayan yerdə yaşayır, o, qızları məktəbə göndərməyib və ən kiçik qızın səhhətini təhlükəyə qoyan yararsız anadır.
Xanım Cavadlı ittihamları rədd edib və məhkəməyə bunun əksini təsdiqləyən sübutlar təqdim edib.
O, hazırda uşaqların alınıb bir daha geri qaytarılmayacağından qorxduğundan onları məktəbə göndərmir. Məktəb vəziyyəti müzakirə etmək üçün ondan görüşə qatılmağı xahiş edib.
O və onun vəkilləri hesab edirlər ki, uşaqların şeyx Səidə verilməsi barədə qərar istənilən vaxt icra oluna bilər, baxmayaraq ki, o, bu qərara qarşı yeni apellyasiya şikayəti verib.
Dubayın hüquq sistemində təcrübəyə malik olan başqa bir mənbəyə əsasən, Zeynəb Cavadlının təsvir etdiyi vəziyyət hakim ailə üzvlərinin keçmiş xanımları ilə bağlı işlərin icra qaydasına uyğun gəlir.
Şeyx Məhəmməd bin Rəşid əl-Məktumun keçmiş həyat yoldaşı şahzadə Haya 2019-cu ildə həyatı üçün qorxduğunu deyərək, BƏƏ-ni tərk edib. Bu ilin əvvəlində şahzadə iki uşağının qəyyumluğu ilə bağlı Böyük Britaniyanın ən yüksək məhkəməsində baxılan işi qazanıb.
Son hadisələr şeyx Məhəmmədin qızının qeyri-adi hekayəsi ardınca cərəyan edir. Belə ki, şahzadə Lətifə 2018-ci ildə ailəsinin iddia etdiyi məcburi nəzarətdən qurtulmaq üçün ölkəni tərk etməyə çalışıb.
Lakin onun göyərtəsində olduğu gəmi yarı yolda ələ keçiriləndən sonra Dubaya qaytarılıb və şahzadə bir müddət gizli videolarda zorla saxlanıldığını iddia edib. O vaxtdan bəri nadir hallarda ictimaiyyət qarşısına çıxan şahzadə sağ-salamat olduğunu və istədiyi həyatı yaşadığını bildirib.
Zeynəb Cavadlı BMT-nin müdaxiləsi ilə bağlı işini məhz belə bir kontekstdə təqdim edir.
"Biz öz evimizdə girovluqdayıq", - o, BBC-nin əldə etdiyi videoda deyir.
"Hələ də gec deyil... Vəziyyəti daha da pisləşdirməyə ehtiyac yoxdur - hazırda bütün tərəflərin maraqlarına uyğun olaraq buna son qoymaq mümkündür", - onun vəkillərindən biri Rodney Dixon deyir.
BBC məsələ ilə bağlı şərh almaq üçün BƏƏ hakimiyyəti ilə əlaqə saxlasa da, hələlik cavab almayıb.