Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir
İraqda səlahiyyətlilər qadınlar üçün nikah yaş həddini 18-dən 9 yaşa endirmək istəyirlər.
Bu barədə "The Telegraph" agentliyi məlumat yayıb.
Qeyd olunur ki, mühafizəkar şiə müsəlman partiyalarının koalisiyasının üstünlük təşkil etdiyi İraq parlamenti ölkənin "şəxsi status qanunu"nu ləğv edəcək düzəlişi səsverməyə hazırlayır. O, dini mənsubiyyətindən asılı olmayaraq, iraqlı ailələrin işlərini tənzimləyən hərtərəfli qaydalar toplusunu təşkil edir.
Qadınlar nikah yaşını aşağı salmaqla yanaşı, boşanma, uşaq qəyyumluğu və vərəsəlik hüquqlarından da məhrum ediləcəklər.
Səlahiyyətlilərə görə, qanun qızları "əxlaqsız münasibətlərdən" qoruyacaq. Onlar, həmçinin hesab edirlər ki, yenilik İslam şəriətinin şərhinə tam uyğundur.
Artıq üçüncü dəfədir ki, ölkədə norma tətbiq etməyə çalışılır. İlk cəhdlər 2014 və 2017-ci illərdə edilib, lakin qadınların mənfi reaksiyaları səbəbindən uğursuz olub.
BMT-nin məlumatına görə, ölkədə qanunsuz uşaq nikahlarının sayı çoxdur. Belə ki, qızların 28%-dən çoxu yetkinlik yaşına çatmamış ailə qurur.
İlahiyyatçı Tural İrfan “Sherg.az”a açıqlamasında deyib ki, şəriətdə qızların 9 yaşda nikah yaşına çatması deyə, mütləq və standart qayda yoxdur:
"Bu, əski zamanda, o dövrün ənənəsinə, şəriət dili ilə desək, o zamanın ürfünə uyğun belə olub. Lakin bu, indiki dövr üçün xarakterik deyil. Səddam Hüseyn zamanında da nə belə bir qayda, nə də pozğunluq yox idi. İraqı viran edəndə dedilər ki, demokratiya gətiririk. Səddam Hüseyni isə orta əsr ənənəsi ilə kəndirlə dar ağacından asdılar. İndi də qızların evlənmə yaşını 9 - a salırlar. Belə qəbul etmək olar ki, ABŞ İraqı işğal edərək İrana təhvil verdi. Çünki bu yaxında İranda da buna oxşar qanun qəbul etdilər. Onda belə çıxır ki, ABŞ İraqı irəli yox, geri aparır. Bəs işğalın, hakimiyyəti dəyişməyin mənası nə oldu? Eynən Taliban kimi rejim yaranmağa doğru gedir.
Doğrudur, ərəb ölkələrinin iqlimi isti olduğu üçün həddi- buluğa çatma yaşı digər soyuq ölkələrdən fərqlidir. Lakin bu qədər də deyil. Bu, zinakarlığın qarşısını almaq üçün yox, əksinə, istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir. Bir də İrandakı kimi teokratik rejimə aparan yoldur.
İslam müasirliyi tərənnüm edir. Onlar isə İslam adı ilə öz nəfsi maraqlarını həyata keçirirlər. Ruhani təbəqəsi İraqda din pərdəsi altında geriçi, dünyadan təcrid olunmuş bir rejim qurmaq istəyir.
İslam dinində qanunlar, şəriət qaydaları dövrə, şəraitə, tələblərə, dünyaya baxışa görə, təsbit olunur. Doğrudur, Qərb də evlənmə yaşını artırmaq istəyir ki, müsəlman qadınları istismar edə bilsin. Ona görə müsəlman ölkələrində insan haqları, qadın hüquqları pərdəsi altında işlər aparırlar. Mahiyyət etibarı ilə isə burada qaranlıq məqsədlər yatır. Ancaq ruhanilər də onlardan fərqli istismar yolu seçiblər.
Qadınların evlənmə yaşı həm ağıl, həm də həyat təcrübəsi baxımından tam yetişmiş olmalı, təhsil almalı, öz iradəsini tam təzahür etdirə bilmə həddində olmalıdır. Bunun da ən kamil yaş dövrü 17-18 yaşdır. Yəni, İslamın da əslində tövsiyyə etdiyi yaş dövrü bu cürdür".