EV ALMAQ ÜÇÜN 13 500 MANAT VERDİ, “İT DƏ GETDİ, İP DƏ” –
Tərtər rayonu, Bəyimsarov kənd sakini Kərimova Ziba Məhəmməd qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, məhkəmənin təsdiqi ilə ona borclu olan şəxslər tərəfindən ölümlə təhdid edilir:

“Mən, Kərimova Ziba Məhəməd qızı, yazaraq bildirmək istəyirəm ki, həyatım təhlükədədir. Belə ki, mənə borclu olan şəxslərdən pulumu istədiyim üçün ölümlə hədələnirəm.

Həsənov Mayıs Fərhad oğlu mənə zəng edib evlərini satmaq istədiyini bildirdi. Mən ona “pulum yoxdur, ala bilmərəm”, - dedim. Sonradan zəng vurub bildirdi ki, atam bu evi sizə satmağımı məsləhət bilib. Razılaşıb bildirdim ki, gəl gedək, evin sənədlərini həll edək.

Yoldaşım, mən və başqa bir xanım Tərtər rayonunda yerləşən notariusa getdik. Orda dedilər ki, notarius bizdən çox pul alacaq, gəlin mən sizə sənədləri verim, atamın ilindən sonra qalan işləri həll edərik. Biz də razılaşdıq.

Pulun yarısını verdim, qalanını da il mərisimindən sonra - sənədlər həll olunanda verəcəkdim. Hətta evin bir otağını boşaldıb indidən bizə verəcəyini dedi.

1-2 saatdan sonra aldandığımı düşünərək narahat oldum, ona zəng vurub pulumu istədim. Dedi ki, mən Gəncədəyəm, narahat olma, gəlim məsələni həll edərik. Elə həmin gündən də yoxa çıxdı.

Bir müddət sonra zəng vurub bildirdi ki, qəzaya düşmüşəm, mənə təcili 3 min manat pul ver. Dedim ki, evin sənədlərini həll edək, verim.

Üstündən 1 il keçdi, qardaşı Həsənov Təbriz mənə zəng vurdu ki qalan pulu ver, evi sənə verim. Yenə inandım, gedib bankdan 5 min manat pul götürüb ona verdim ki, evi mənə satsınlar. Notariusda aydın oldu ki, evə sənəd çıxarmaq üçün pulu yoxdur. Təbriz mənə 10 illik etibarnamə verdi. Bir neçə ay keçdi, yenə evi vermədilər.

Tərtər Polis şöbəsinə müraciət etdim. Ordan məhkəməyə yönləndirdilər. 1 il keçəndən sonra məhkəmə qərar verdi ki, 9500 manat Həsənov Mayısdan, 4 min manat isə Təbrizdən alınaraq mənə verilsin. Sən demə, bu iki vicdansız adam məhkəmə gedə-gedə evi başqa bir şəxsə satıblar.

İndi pulumu bu adamlardan ala bilmirəm, məni təhdid edirlər ki, biz türmədə yatmışıq, başına oyun açarıq, o pulları unut. Mənə yazdıqları bütün mesajlar, səslər durur. Xahiş edirəm, məcburi köçkün və əlil ailəsi kimi problemimizin həllində bizə kömək edəsiniz. Qabyuyan işləyib, 400 manat pul alıram. Mənim o qədər pulumu aldadıb əlimdən alıblar”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-04_1713204327_1.jpg
 
 
 

Dünyapress TV

Xəbər lenti