“Ceyhun Mirzəyevin qızını axtarırıq, onu aldadıb, əlindən pulunu alıblar”
“Ceyhunla mən “Ögey ana” filminin sınaq çəkilişlərində tanış oldum. Ceyhunu İsmayıl, məni isə Cəmilə roluna təsdiq edirdilər. Biz birlikdə sınaq çəkilişlərində iştirak etdik, oynadıq. Hər ikimiz də seçimdən keçdik. Ceyhunun anası gürcü idi. Onu çəkilişlərə anası gətirirdi. Ceyhun çox istedadlı idi. Digər uşaqlara da kömək edirdi. İstedad onun içindən gəlirdi. Sonradan da yaxşı rejissor, gözəl aktyor oldu. Ən gözəl rolu da elə “Fəryad” filmində oldu. O da, mən də ailə həyatı qurdum. Telefonla zəngləşirdik, münasibətimiz yaranmışdı. Dostluğumuz başlamışdı”

Bunu Moderator.az-a “Ögey ana” filminin Cəmiləsi Sevinc Axundova Ceyhun Mirzəyevin doğum günündə onunla bağlı xatirələrini danışarkən söyləyib. O daha sonra əlavə edib.

“Sonuncu danışığımızı indiyə qədər xatırlayıram. Mənə bundan əvvəl demişdi ki, istəyirəm “Ögey ana” filminin sonunu çəkim. Bu filmdə də öz ailəsini, mənim ailəmi lentə almaq istəyirdi. Elə oldu ki, ortaya “Fəryad” filmi girdi, onu çəkdilər. “Ögey ana” filmi qaldı ikinci planda. Yaşasaydı çəkərdi. Sonra gəlib məndən Ceyhunla bağlı müsahibə aldılar. Onun ad günü münasibəti ilə veriliş hazırlayırdılar. Qismət olmadı ki, veriliş efirə getsin. Ceyhun “Fəryad” filminin montaj prossesindən gələndən sonra evdə keçinmişdi. Heydər Əliyev adına sarayda “Fəryad” filminin təqdimatı olanda Ceyhun artıq həyatda yox idi. Vaqif Mustafayev özü də həmin təqdimatda bildirdi ki, “bu rolu məhz Ceyhunun oynamasını mən istədim”. Allah ona rəhmət etsin, ruhu şad olsun. O qalsaydı çox işlər görərdi” deyə Sevinc xanım bildirib.
Sevinc Axundova bildirib ki, Ceyhun Mirzəyevdən sonra onun ailə üzvləri ilə yaxın münasibətdə olub.

“Ceyhundan sonra ailəsi ilə çox gözəl münasibətimiz oldu. Tez-tez yoldaşı Lida xanımı, qızını evimə dəvət edirdim. Həyat yoldaşı prokuror idi. Qızı çox savadlı idi, bir neçə dil bilirdi. Lida xanım bir neçə il bundan əvvəl dünyasını dəyişdi. Qızına çox dedik ki, getmə, burada qal. Amma bağı, evi satıb getdi. İndi axtarırıq qızını. Bir tanış var, deyir ki, onu tapacam. Rusiyada 1 otaqlı evdə yaşayır. Hətta dedilər ki, onu kimsə aldadıb, pulunu alıb. Ümid edirik ki, axtarışlarımız nəticə verəcək” deyə Sevinc Axundova bildirib.
 

Dünyapress TV

Xəbər lenti