Türkiyədə dörd ay əvvəl evlənən kişinin arvadı iki ay ərzində ikinci dəfə qaçırılıb və fidyə istənilib.
Hadisə Adanada baş verib.
Suriyadakı vətəndaş müharibəsindən qaçaraq Adanaya köçən kənd təsərrüfatı işçisi 22 yaşlı Salih İsmail dörd ay əvvəl 18 yaşlı Dilan İsmayılla evlənib.
İddiaya görə, iki ay əvvəl naməlum şəxslər Dilan İsmayılı küçənin ortasında qaçıraraq ərinə zəng ediblər və 20 min dollar (34 min manat) fidyə tələb ediblər. Çarəsiz qalan İsmayıl polisə xəbər belə verməyib, toy zinət əşyalarını nağdlaşdırıb və deyilən yerə aparıb. Bir neçə gün sonra Saleh İsmayılın həyat yoldaşı geri qaytarılıb.
Qaçırılan Dilan İsmayıl həmin günlər barədə heç nə danışmayıb.
Ancaq keçən həftə zibil atmağa çıxanda yenidən qaçırılıb.
Bu dəfə Saleh İsmayıldan 25 min dollar (42,5 min manat) istənilib. Çarəsiz qalan Saleh vəziyyəti polisə xəbər verib. Hazırda gənc qızın axtarışına başlanılıb.
Dilan İsmayılın yeznəsi Şiyar Bilgiç baldızının harada olduğunu bilmədiyini bildirib.
“Qız zibil atarkən qaçırılıb. Ondan nə istədiklərini, bu pulu necə ödəyəcəyimizi də bilmirik. Mesaj göndərdilər ki, qız hazırda Almaniyadadır. Amma nə dərəcədə düz deyirlər, bilmirəm. Baldızımın həyatı üçün narahatıq”, – deyə qohumu bildirib.