Rusiyada “Memorial” - siyasi məhbusların dəstəklənməsi layihəsi AzadlıqRadiosu Tatar-Başqırd xidmətinin jurnalisti Alsu Kurmaşevanı siyasi məhbus elan edib.
ABŞ və Rusiya vətəndaşı olan Kurmaşeva oktyabrın sonundan Kazan şəhərindəki təcridxanadadır.
O Rusiyanın “xarici agent” qanununu pozmaqda ittiham olunur. Jurnalisti “xarici agent” kimi qeydiyyatdan keçmək üçün Rusiya hakimiyyəıt orqanlarına müraciət etməməkdə günahlandırırlar.
Bu, Rusiyada bu maddə üzrə qaldırılmış ilk cinayət işidir.
“Siyasi məhbuslara dəstək. “Memorial” layihəsinin rəhbəri Sergey Davidis AzadlıqRadiosuna deyib ki, insan haqları müdafiəçiləri özünü “xarici agent” kimi bəyan etmədiyinə görə jurnalsitə qarşı başlanmış cinayət təqibini və onun azadlıqdan məhrum edilməsini qanunsuz hesab edirlər.
“Memorial” təşkilatında hesab edirlər ki, bu, müasir Rusiyada “avtoritar və hətta totalitar meyllərin” təzahürüdür.
"Bu maddə bütün jurnalistlərə xəbərdarlıqdır"
Cinayət Məcəlləsinin bu maddəsi, hər hansı şəxsin Ədliyyə Nazirliyindən özünün “xarici agent” reyestrinə salınmasını rica etmədən Rusiyada hərbi-texniki fəaliyyətlərlə bağlı informasiyanı toplamasına görə həbsxana cəzası nəzərdə tutur.
İnsan haqları müdafiəçiləri deyilər ki, bu maddə əslində hərbi mövzuda hətta dövlət sirri olmayan hər hansı informasiyanın toplanmasını qadağan edir.
İnsan haqları müdafiəçilərinin fikrincə, beləliklə, Kurmaşeva faktiki olaraq jurnalist fəaliyyətinə görə təqib olunur. Onun barəsində cinayət işi, əslində bütün jurnalistlərə, xüsusilə də xarici media ilə işləyənlərə xəbərdarlıqdır.
İnsan haqları müdafiəçiləri Rusiya hakimiyyətini Alsu Kurmaşeva barəsində cinayət təqibinin dayandırılmasına və onun azad olunmasına çağırırlar.
“Qanunsuz saxlanmış şəxs”
Bundan əvvəl “Sərhədsiz reportyorlar”, “Jurnalistikada qadınlar koalisiyası”, Jurnalistlərin Müdafiəsi Komitəsi və daha 12 təşkilat ABŞ dövlət katibi Antoni Blinkenə müraciət edərək onu “prosesi sürətləndirməyə”, AzadlıqRadiosu Tatar-Başqırd xidmətinin jurnalisti Alsu Kurmaşevanın “qanunsuz saxlanmış şəxs” elan edilməsinə çağırıb.
Amerika vətəndaşının “qanunsuz saxlanmış şəxs” kimi tanınması ABŞ hakimiyyətindən onun azad edilməsi üçün rəsmi tədbirlər görülməsini tələb edərdi.
Yəni bu halda ABŞ Rusiya hakimiyyətindən öz vətəndaşının azad olunmasını tələb edə bilərdi.
ABŞ, Kanada, Çexiya, Fransa, Polşa və İsveç hökumətləri, habelə Avropa İttifaqının xarici işlər komissarı, Avropoa Parlamentinin rəhbərliyi, ATƏT, BMT-nin insan haqları üzrə ali komissarı Alsu Kurmaşevanın saxlanmasını pisləyiblər.
Bundan əvvəl
Oktyabrın 23-də Kazandakı Sovetski rayon Məhkəməsi Kurmaşevanın vəkilinin həbsə alternativ qətimkan tədbiri barədə vəsatətini rədd edərək jurnalistin dekabrın 5-dək təcridxanada saxlanılması haqda qərar çıxarıb.
"Bugünkü dinləmənin nəticəsindən çox məyus olduq", – Azad Avropa/Azadlıq Radiolarının prezidenti vəzifəsini icra edən Cefri Qedmin (Jeffrey Gedmin) demişdi.
"Alsunun ailəsinə qovuşa bilməsi üçün onu dərhal azad etməyə çağırırıq", – o, sözlərinə əlavə edib.
Hakimiyyət oktyabrın 11-də Kurmaşevanı ABŞ pasportunu Rusiya hökumət orqanlarında qeydiyyatdan keçirmədiyinə görə 10 min rubl ($103) cərimələyib. Bunu yerli media gördüyü məhkəmə sənədlərinə əsasən yazıb.
Kurmaşeva bu il Rusiyanın saxladığı ikinci ABŞ mediası təmsilçisidir.
Çexiyanın Praqa şəhərində AzadlıqRadiosunun Tatar-Başqırd xidmətində işləyən Kurmaşevanın həm ABŞ, həm də Rusiya vətəndaşlığı var. O, Rusiyaya mayda ailəsində yaranmış təcili vəziyyətə görə gedib.
Onu iyunun 2-də Kazan aeroportunda uçuşu gözləyərkən müvəqqəti saxlayaraq ABŞ və Rusiya pasportlarını müsadirə ediblər, jurnalist o vaxtdan Rusiyadan çıxa bilməyib.