"Mən kinoşünas deyiləm, dərindən nəsə deyə bilmərəm"
“Rasim Ocaqov gözəl sənətkar idi. Onun bir xeyli filmində işləmişəm, qadın qəhrəmanlarını səsləndirmişəm. Onda da aktyor-rejissor tandemi yaranmışdı bizdə. Rasim Ocaqovla işləmək həm məsuliyyətli idi, həm də şərəfli. Rasim müəllim Azərbaycan kinosuna xeyli töhfələr verib. Təəssüf ki, dünyasını tez dəyişdi. Yəni, mən belə fikirləşirəm. Eşidəndəki rəhmətə gedib, təəccübləndim. Çünki mən onu həmişə qıvraq, harasa tələsən, emosional danışan görmüşəm. Birdən-birə onun ölüm xəbəri mənə pis təsir etdi. İnanmağım gəlmədi. Çünki hələ o ölməli adam deyildi. Son vaxtlar tez-tez onu görə bilmirdik. Çünki aktyor ştatı kinostudiyada bağlanmışdı, işləmirdik, hərəmiz bir tərəfə səpələnmişdik”

Bunu Moderator.az-a açıqlamasında Rasim Ocaqovun doğum günündə əməkdar artist Nəcibə Hüseynova deyib. O daha sonra əlavə edib.

“Mən kinoşünas deyiləm, dərindən nəsə deyə bilmərəm. Amma bildiyim bir fakt var. Rasim Ocaqovun “İstintaq” filmi eşitdiyimə görə hətta o vaxt SSRİ miqyasında Moskvadakı Kinematoqrafiya institunda tələbələrə nümunə kimi göstərilirmiş. Bilmirəm indi də davam edir ya yox?! Mən onun keçdiyi yaradıcılıq yolunu məktəb adlandırardım. Çünki o özü də əvvəl operator işləyib. Operatorluqdan sonra rejissorluğa keçib. O kinonu hərtərəfli bilirdi. Rejissorun özünün də kinoya operator kimi öz baxışı, nəzəri var. Mənə elə gəlir ki, biz onu itirməklə Rasim Ocaqov məktəbini itirdik. Yeni nəslə məncə o çox faydalı olardı” deyə aktrisa bildirib.

Nəcibə Hüseynova bildirib ki, öncə “Təhminə” filmindəki Təhminə rolunun ifaçısı Meral Konratı səsləndirməyə öncə tərəddüd edib.

“Açıq-saçıq, söyüşlü səhnələr çox olduğu üçün bu obrazı dublyaj etmək istəmirdim. Əlbəttə ki, Rasim Ocaqov məni hazırlaşdırıb və inandırıb ki, bu məqamda, belə bir vəziyyətdə bu deyilməlidir. Mən də onu demişəm. Bu filmə qədər heç bir filmdə mətn açıq söyüşlə getməyib. Belə halları qəbul etmirdilər. Həyatda o qədər eşidirsən ki, bu söyüşləri.. Kimsə bir-biri ilə mübahisə edir, o buna deyir, bu ona. O zaman mentalitet heç yada düşmür. Amma filmə gələndə hamı başlayır danışmağa ki, ayıbdır, arvad-uşaq, yaşlı adam var. Mənə çox pis təsir edir bu fikirlər. Bir var bu bədii əsərdir, müəyyən məqamlar var ki, orada tələb olunur. Nəyisə açıqlamaq, vurğulamaq üçün. Belə halları nəzərə almırlar, sadəcə olaraq irad bildirirlər. Həhyatda heç fikir vermirlər. Qadının da yanında söyürlər, uşağın da yanında” deyə Nəcibə Hüseynova bildirib.

Mənbə: Moderator.az
Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)
 

Dünyapress TV

Xəbər lenti