Ərinin kürəyinə bıçaq saplayır, daha sonra isə qardaşı ilə meyiti kolluğa atır - 9 il sonra üstü açılan qətl...
Neftçala rayonunda törədilən və 9 il sonra üstü açılan qətlin təfərrüatı məlum olub.

Teref.az "Ölkə.Az"a istinadən xəbər verir ki, 9 fevral 2013-cü ildə Neftçala şəhəri Su Kanal İdarəsinin işçiləri irzə Ələkbər Sabir küçəsində təmir işləri aparan zaman onlar şəhər qəbiristanlığının yaxınlığından çürümüş kişi meyiti tapıblar. Bu barədə polisə məlumat verilib.

Meyitə baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, çöllük ərazidəki meyitdən kəskin iy gəlməklə baş nahiyəsi skletləşmiş, döş qəfəsinin sol hissəsi isə didilib dağıdılıb. Məhkəmə tibb eksperti onun təxminən 1 il əvvəl ölməsi haqda rəy verir.

Fakt üzrə aparılmış araşdırma zamanı toplanmış materialda cinayət əlamətləri olduğuna görə Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 - qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanılır, istintaq aparılır. İstintaqla naməlum meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün həmin dövrdə axtarışda olan şəxslərin siyahısı araşdırılır.

Məlum olur ki, 28 dekabr 2012-ci ildə ailə üzvləri, həmçinin anası Neftçala şəhər sakini Mənəfov Mayis Nazim oğlunun itkin düşməsiylə bağlı polisə müraciət ediblər. Tanınmaya çağırılan Mənəfovun həyat yoldaşı və anası, onu tanıyanlar əynindəki paltarların çürüməmiş hissələrindən, ayaqqabılarından meyitin həqiqətən ona məxsus olduğunu təsdiqləyirlər.

Mənəfov Mayis Nazim oğlunun meyitinin tapılması faktı üzrə başlanılımış cinayət işinin ibtidai istintaqı bir neçə dəfə uzadılır. Nəhayət, 2015-ci il dekabr ayının 25-də Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 53.1.1 - yəni, təqsirləndirilən qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığından cinayət işi üzrə icraat dayandırılır.

26 may 2021-ci il tarixdə isə cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, kiçik ədliyyə müşaviri Pərviz Cəlilova tapşırılır.

Beləliklə, 7 iyun 2021-ci il tarixdə iş üzrə dayandırılmış icraat təzələnərək ibtidai istintaq davam etdirilir.

Mayis Mənəfovun həyat yoldaşı bildirir ki, 2012-ci il dekabr ayının 28-də axşam saatlarında Mayis evdən su almaq üçün çıxdıqdan sonra evə qayıtmayıb. Mənəfovun anası isə ifadəsində deyir ki, balaca oğlu Mayis Mənəfov 1999-cu ildə Dilşadla ailə qurub və bu nikahdan onların bir qızları var. Ana əvvəlcə onlarda yaşasa da, ərlə-arvad arasında tez-tez mübahisələr olduğundan Mayis onu digər oğlunun evinə aparıb qoyub. Onlarla birlikdə yaşamadığı vaxtlarda da qonşulardan eşidirmiş ki, Mayislə Dilşad arasında yenə tez-tez mübahisə düşür. Buna səbəb əsasən Mayisin evə tez-tez içkili gəlməsi, az maaş alması, həmçinin müəyyən səbəblərə görə arvadını qısqanması olub. Məsələ bundaymış ki, Mayis Ələt deposunda işlədiyinə görə təxminən 1 ay işdə, 1 ay isə evdə olurmuş. O hər dəfə evə gələndəsə, ər-arvad arasında müəyyən səbəblərə görə dava-dalaş düşürmüş.

Ana onu da deyir ki, dekabrın 29-da gəlini ona telefonla zəng edib Mayisin su almaq üçün evdən çıxıb getdiyini və bir daha geri qayıtmadığını söyləyib. Dilşad bu barədə ona deyəndən sonra özü də polis şöbəsinə gedərək oğlu Mayisin evdən çıxıb itkin düşdüyü haqda məlumat verib. Həmin vaxt qonşularla danışsa da, ona heç kim heç nə deməyib. Nəhayət, 2013-cü il fevralın 9-da Mayisin meyitinin qəbirstanlığın yanındakı kolluqların arasından tapılması haqda məlumat alıb. Meyitxanada oğlunun meyitini tanıyıb.

Yeri gəlmişkən, Mayisin həyat yoldaşı Dilşad isə həmin gün onların dalaşmadıqlarını deyir və bildirir ki, dekabrın 28-in də Mayis qızı Heyranı məktəbə aparıb, ondan sonra da su almaq üçün gedib, bir daha qayıtmayıb.

Ailənin tək övladı 2000-ci il təvəllüdlü Heyran şahid qismində ifadəsində göstərir ki, dekabrın 27-si 2012-ci il tarixdə axşam saatlarında dayısı və onun balaca oğlu onlara qonaq gəlirlər. Dayısı ilə atası bir yerdə yemək yeyib içki içirlər. Dayısı gedəndən sonra dayısıoğlu onlarda qalır. Onlar qonşu otaqda oynadıqları vaxt atası ilə anasının mübahisə etdiklərini eşidir. Bu vəziyyət əvvəllərdə də vaxtaşırı təkrarlandığından Heyran bunu adi hal kimi qəbul edir. 10-15 dəqiqə sonra evdə sakitlik yaranır. Bir azdan dayısı gəlib uşağı aparır və anası onun olduğu otağın qapısını arxadan açarla bağlayır. Bundan sonra qız otaqda yatır.

Səhərisi gün anası ona deyir ki, atası şəhərdə olan dostları ilə yeni il bayramına görə görüşməyə gedib. Həmin gün atası evə gəlməyib, o da saat 9 radələrində yatıb.

İstintaqa ifadə verən qonşu Aygül həmin gün baş verənlər barədə daha çox məlumatlı olub. Aygül ifadəsində deyir:

“Dekabrın 27-si Dilşadgillə eyni mərtəbədə olan divar qonşusugildəydim. Həmin gün axşam 8-9 radələrində Dilşadın yaşadığı evdən “guppultu” səsi eşitdim. Dedim, birdən evimizə oğru girər, öz evimə gedib, təzədən qayıtdım qonşuya. Dilşadgilin qapısının yanından keçəndə səs eşitdim. Dayanıb, dinlədim. Mayisin səsiydi. Əsəbi halda Dilşada “bas deyirəm, düyməni bas görüm kimin nömrəsidi, görüm bu nömrə kimindi" deyirdi. Başa düşdüm ki, evdə Dilşada gələn zəngə görə Mayislə dalaşırlar. Dilşad Mayisə “anamın nömrəsidi” dedi. Mayis də ona qarşı nalayiq sözlər deyərək anasının ünvanına söyüş söydü. Mən təxminən 10 dəqiqə qapının ağzında dayanıb, evdə olan söhbəti dinlədim. 10 dəqiqə ərzində Mayis ona nömrənin kimin olduğunu soruşur, söyüş söyürdü. Mən qonşugilə keçəndən bir az sonra sakitçilik oldu. Həmin gecə saat 1-ə işləyəndə binanın qarşısındakı su matorunu söndürüb evə qalxanda gördüm ki, onların yaşadığı evin qapısı açıldı və Dilşadın böyük qardaşı qapıdan çıxıb birbaşa aşağı düşdü. Dekabrın 30-da qonşulardan eşitdim ki, Mayis itkin düşüb. Mayis itkin düşəndən bir neçə gün sonra Dilşad bizə gəlib mənə dedi ki, qayınanası ondan dava-dalaşla bağlı nəsə soruşubmu? Mən də cavab verdim ki, nə işimə qalıb, heç nə demədim”.

İfadəsi alınan digər qonşular da təxminən eyni məzmunda ifadə verirlər. Beləliklə, bu və digər şahid ifadələriylə məlum olur ki, Dilşad Mənəfova ilkin ifadəsində baş verənləri xeyli dərəcədə təhrif edib.

Dilşad Mənəfovanın tanışı Səlim istintaq zamanı ifadəsində göstərir ki, Mayıs Mənəfovu şəxsən tanımasa da, Dilşadı uşaq vaxtından, təxminən 16-17 yaşından tanıyır:

“Uşaqlıqdan tanışıq, qonşu olmuşuq. O, ailə qurduqdan sonra 2011-ci ildə təsadüfən rastlaşdıq, qısa söhbət elədik, əlaqə saxlamaq üçün ondan mobil telefon nömrəsini aldım. Bundan sonra onunla arabir telefonda danışmışıq, hal-əhval tutmuşuq, bir-iki dəfə görüşmüşük. 2013-cü ilin yanvar ayında Dilşad mənə zəng edib əri Mayisin itkin düşdüyünü dedi. Bundan sonra Dilşadla danışmamışıq. Sonuncu danışıqdan bir-iki həftə sonra eşitdim ki, əri Mayisın meyiti Neftçala şəhərində yolun kənarından kolluqdan tapılıb”.

Beləliklə, 10 iyul 2021-ci ildə Mənəfova Dilşad şübhəli şəxs qismində tutulur, 12 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 120.1-ci - qəsdən adamöldürmə maddəsiylə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilir və Binəqədi rayon məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilir.
Dilşad Mənəfova 2012-ci il dekabr ayının 27-də evdə əslində nə baş verdiyi haqda istintaqa ifaddə verərək bildirir ki, həmin tarixdə qardaşı 8 yaşlı oğlu ilə onlara gəlir. Qardaşı Mayislə birlikdə yeyib-içdikdən sonra çıxıb gedir. Heç 10 dəqiqə keçməmiş əriylə mübahisələri düşür. Mayis mətbəxə keçərək oradan mətbəx bıçağını götürüb onun yanına gəlir və telefondakı nömrənin kimə məxsus olmasını soruşur. Divanda oturan Dilşad ayağa durub, onu itələyir, Mayis sərxoş olduğundan yerə yıxılır. Dilşad yerə düşən bıçağı götürüb arxası ona tərəf olan Mayisin kürəyindən vurur. Bıçaq elə kürəyindəcə Mayis yerə yıxılır. Qadın özünü piss elədiyindən mətbəxə keçir, təxminən 15-20 dəqiqə orda yerdə oturur. Bundan sonra otağa keçəndə Mayisin həmin yerdə uzandığını görür, əliyə tərpətsə də, onun öldüyünü başa düşür. Mayisin bədənindən bıçağı çıxardaraq mətbəxdə onu yuyub şkafa qoyur. Sonra qardaşlarına zəng vurur. Onlar gəldikdən sonra nə baş verdiyini danışır və yalvarır ki, meyiti gizlətməkdə ona kömək etsinlər. Qardaşlardan biri qaynatasının avtomobilini gətirməli olur. Ancaq elə etmək lazımıydı ki, bundan maşının sahibi xəbər tutmasın. Böyük qardaş açarsız avtomobili işə salır və onlar maşını bacısıgilin yaşadığı evin yanına gətirirlər. Meyit ədyala bükülür, avtomobilin arxa oturacağına qoyulub şəhər kənarına çıxarılır. Onlar Mayisin meyitini qəbristanlığın yaxınlığındakı kolluq əraziyə atırlar. Sonra qərara gəlirlər ki, hamıya Mayisin evdən çıxıb evə qayıtmamasını desinlər. Hadisədən 2-3 gün sonra Dilşad ərini öldürdüyü bıçağı evdən götürüb yaşadığı binanın arxasındakı “Qobu” adlanan gölə tullayır.

1976-cı il tarixdə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, dul, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Neftçala şəhərində qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə yaşayış massivində ünvanı müəyyən edilməyən fərdi evdə kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş

Dişad Mənəfova barəsində aparılmış cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb

Məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum olunub.
 

Dünyapress TV

Xəbər lenti