Laçın alayının sabiq komandiri, ehtiyatda olan polkovnik Arif Paşa Moderator.az əməkdaşıyla bu dəfəki söhbətində 1992-ci ilin aprel-mayında Şuşa-Laçın-Qubadlı-Zəngilan ərazilərində briqada komandiri və hərbi komendant olmuş, Müdafiə Nazirliyi Əməliyyat Baş İdarəsinin sabiq rəisi, hazırda ehtiyatda olan general-mayor Elbrus Orucovun jurnalist Eynulla Fətullayevə müsahibəsində səsləndirdiyi bəzi ziddiyyətli məqamlara münasibət bildirib, bir sıra suallara aydınlıq gətirib.
-Arif bəy, yəqin ki, Şuşa və Laçının işğalı zamanı briqada komandiri olmuş, lakin sizdən fərqli olaraq həmin rayonların işğalıyla bağlı hələ 1994-1995-ci illərdə və 2002-ci ildə keçirilmiş məhkəmələrdə yalnız şahid qismində ziddiyyətli ifadələr verməklə qurtulmuş general Elbrus Orucovun jurnalist Eynulla Fətullayevə müsahibəsinə baxmısız?
-Bəli, dinləmişəm... Maraqlıdır, icazə verin, öncə mən sual verim, o müsahibə bir jurnalist kimi sizdə necə təəssürat oyatdı?
-Düzü, həmin müsahibəni dinlədikdən sonra qəlbimdə xeyli şübhələr oyandı ki, bəlkə biz bu 30 ildən çox müddətdə Elbrus Orucov haqqında səhv düşünmüşük, səhv yazmışıq. Bəlkə o doğrudan da Şuşa və Laçının düşməndən müdafiəsi üçün əlindən gələni edib, özü şəxsən müxtəlif mövqelərdə ermənilərlə qarşı-qarşıya savaşıb... Və sadəcə, müstəqil dövlətçiliyin yenicə qurulduğu ölkədəki mürəkkəb hərbi-siyasi durum səbəbindən, vahid komandanlığın olmaması səbəbindən həmin rayonlar işğal edilib...
Bəs siz bir hərbçi kimi hansı nəticəyə gəldiniz? 1990-cı illərdən bəri beyninizdəki Elbrus Orucov obrazında dəyişiklik olmadı ki? Və yaxud onunla yenidən polemikaya girmək arzunuz yaranmadı ki?
-Xeyr. Onun haqqında təsəvvürüm zərrə qədər dəyişmədi... Onunla üzbəüz müzakirəyə gəldikdə, Elbrus Orucov onunla polemikaya layiq olan bir persona deyil. Sadəcə, onu deyə bilərəm ki, Elbrus Orucovun danışdıqlarının hamısı yalandır. Və bundan sonra öz şəxsiyyətimə, qüruruma sığışdırmıram ki, onunla qarşı-qarşıya əyləşib, onun səviyyəsinə enib onunla söhbət edim. Amma ictimaiyyətə bir daha bir sıra həqiqətləri çatdırmaq xatirinə, əgər cəsarət etsə, onunla debata çıxmağa hazıram... Bilirsiz, əsində insanın, o cümlədən hərbçinin ağlı, insanlığı, kişiliyi onun haqqa bağlılığı ilə ölçülür. Bu adam isə yalan danışır. Və general paqonu daşıyan yalançı hərbçi heç yefreytorluğa da layiq deyil...
-Yəni deyirsiz ki, Elbrus Orucov özünün iddia etdiyinin əksinə olaraq Şuşa və Laçının müdafiəsi üçün heç bir iş görməyib? Şuşada, Kosalarda, Şırlanda erməni terrorçularıyla üzbəüz döyüşməyib?
-Yalnız bir faktı demək kifayətdir ki, Elbrus Orucovun Laçına, Şuşaya gedişinin əsl məqsədi aşkar olsun. Bu “briqada komandiri”, “Şuşanın komendantı”nın 3 saat öncədən məlumatlı olub ki, şəhərə hücum olacaq. Və orada olub müdafiəni təşkil etmək əvəzinə, Şuşaya hücum başlanandan 15 dəqiqə sonra minaatanları da götürüb şəhərdən 15-20 km məsafədə olan Kosalar kəndinə yollanıb... Hələ Şuşanın işğalı ərəfəsində isə yüzlərlə hərbçiyə ezamiyyət vərəqəsi verməsindən danışmırıq... Bilirsiz, nə qədər çalışsaq da, Elbrusa bəraət verməyə əsas yoxdur... Xahiş edirəm, hər kəs, Eynulla ilə müsahibəni kadrlarından Elbrusun görüntüsünü ayrıca çıxarıb diqqətlə onun simasına baxsın, görsün, o sifətdə milli təəssübkeşlik, milli qeyrət hissi, Vətən sevgisi görə bilir... Belə adamlara adətən deyirlər ki, buğda yeyib – cənnətdən çıxıb...
-Müsahibənin birinci hissəsinin sonunda Elbrus Orucovun öz dilindən tərcümeyi-halına qulaq asanda isə adamda ona qarşı bir rəhm, mərhəmət hissi oyanır ki, bu azərbaycanlı(!) sovet dövründə öz vətənindən Qazaxıstanın ilan mələyən çöllərinə faktiki olaraq deportasiya, sürgün olunmuş bir soydaşımızın ailəsində dünyaya göz açıb, ağır, əzablı uşaqlıq, yeniyetməlik keçirib. Və nəhayət, Rusiyada yalnız öz savadı, əziyyəti hesabına bir peşəkar hərbçi kimi yetişib...
-Bilirsiz, Elbrus Orucov bu “tərcümeyi-halı”nı danışmaqla millətimizin ürəyiyumşaqlığına “stavka” edib... Onun tərcümeyi-halı elə deyil... Əslində onun babaları Naxçıvanın Yuxarı Daşarx və Dərəkənd kəndlərindən Salyan rayonunun Çuxanlı kəndinə köçürülmüş kürdlərdən olublar. Sonradan onun atasını Qazaxıstana göndəriblər...
Amma Elbrus indi deyir, Kürdəmirdə doğulmuşam, 1990-cı illərdə isə deyirdi ki, Salyanda anadan olmuşam... Görünür, bu adamın 5-6 ədəd pasportu var. Birində Kürdəmirdə, o birində Salyanın Çuxanlı kəndində "doğulub"... Pasportunun birində o, ləzgi, digərində isə başqa millətdir... Bunların hamısı elə-belə deyil... Adətən “QRU” agentlərində belə olur... Elbrusa ağaları rusca danışmağı yaxşı öyrədiblər, amma bircə “səhv ediblər”, Azərbaycan türkcəsində danışmağı öyrətməyiblər ki, şeir desin, bayatı desin və çıxışları daha təsirli olsun... Yenə deyirəm, Elbrus Orucovun həyat yolu barədə bu çıxışı xalqımızın rəhmdilliyinə hesablanıb. Yəni rəhmdilli, ürəyiyuxa xalqımızın onun guya Qazaxıstan çöllərində yetim vəziyyətdə böyüməsini, əzablar, çətinliklər çəkməsini öyrəndikdən sonrabir soydaşımız kimi ona yazığı gələcək və Azərbaycana, Vətənə qarşı etdikləri unudulacaq... Onda gəlin biz də həmin “yazıq” Elbrus Orucova bir sual verək: “Sənin 60 yaşın var və onun 30-dan çoxunu Azərbaycanda yaşamısan. Bəs əgər bu Vətənə, bu xalqa sevgin varsa, heç olmasa, bu 30 ildə, o Şuşanın işğalı zamanı şəhid olanlarına, ayaqyalın, miniksiz şəkildə qaçqın düşən uşaq və qadınlarına guya canın yanan bu xalqın ana dilini niyə öyrənməmisən?.. Halbuki, hazırkı texnologiyalarla hər hansı dili cəmi 4-5 aya öyrənmək mümkündür... Sənin lazım olsa, buna maddi imkanın da var?..”
-Əslində bu, hər hansı bir insan, o cümlədən Azərbaycan vətəndaşı üçün qəbahət sayılmasa da, maraqlıdır: Elbrus Orucovun kürd mənşəli olmasını dəqiq bilirsiniz?
-Bəli, iki yüz faiz elədir... Özü də təkcə o deyil... O dövrdə belələri çox olub... Məhz Elbrus Orucovun iştirakıyla Şuşa və ardınca Laçın işğal olunduqdan sonra 1990-cı illərin məşhur “PKK” yetkilisi Vəkil Mustafayevin başçılığıyla bir qrup kürd separatçısı 1992-ci il iyunun 9-da Laçına gəldi və orada “Kürdüstan dövləti” elan etdilər... Axı Laçının, eləcə də Kəlbəcər, Qubadlı, Cəbrayıl və Zəngilanın işğal edilməsi həm də “PKK”-nın missiyası idi...
Yəqin, Elbrus Orucovun Gürcüstanda digər bir yüksək rütbəli hərbçimizlə birgə əxlaqsız işlərlə məşğul olub və kimlərəsə 3 min dollar borclu qalaraq “şöhrətini” hər yana yayıb dövlətimizin, ordumuzun adını “uca” tutmasını da unutmayıb?.. Onun orada olarkən nələr danışması, səs yazısının kimə göndərilməsini də, niyə vəzifədən uzaqlaşdırılmasını da, yəqin, yaddan çıxarmayıb?..
-Arif bəy, sizcə, Elbrus Orucov niyə o vaxtlar, Şuşa və Laçının işğalıyla bağlı məhkəmə gedən illərdə, yəni özü və fəaliyyəti haqqında gerçəklərin üzə çıxmasına, durulanmasına daha çox ehtiyacı olan bir vaxtda yox, yalnız həmin rayonların işğalından 30 il sonra, məhz indi Azərbaycan mediasına – Eynulla Fətullayevə müsahibə verdi?
-Birincisi, əslində 1990-cı illərdə onun belə bir müsahibəyə ehtiyacı yox idi... İkincisi, mən də sizə sual edirəm: “Sizcə, Eynulla Fətullayevin Elbrus Orucovdan məhz Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlıq Qrupunun komandanı, general-polkovnik, Türkiyə paşası Bəxtiyar Ersayın Azərbaycan müdafiə nazirinin müşaviri təyin edilməsi ərəfəsində müsahibə götürməsi və həmin təyinatdan sonrakı ikinci müsahibəsində Elbrusun Nəcməddin Sadıqovdan danışması təsadüfdürmü?”
-Hesab edirsiz ki, Elbrus Orucovun Eynulla Fətullayevə müsahibə verməsinin Bəxtiyar paşanın müşavir təyinatı ilə hansısa əlaqəsi var?..