Ardını oxu...
Əhməd Obalı: “Etriazların səbəbi odur ki, nə siyasi azadlıqlar, nə söz azadlığı, nə də sosial rifah var”

İranda hicab qaydalarını pozduğuna görə əxlaq polisi tərəfindən saxlanılan Məhsa Əmininin öldürülməsinə etiraz olaraq başlayan aksiyalar bir həftədir davam edir. Etirazlar İranın demək olar ki, bütün vilayət və şəhərlərinə yayılıb. 130-dan artıq şəhərdə keçirilən aksiyalarda hüquq-mühafizə orqanları ilə etirazçılar arasında toqquşmalar baş verməkdədir.

Qarşıdurmalarda onlarla ölənin, yüzlərlə yaralananın olduğu haqda məlumatlar var. İran hakimiyyətinin internetə məhdudiyyət qoyması səbəbindən ölkə daxilindən məlumat almaq o qədər də asan deyil. Amma mənbələr bildirirlər ki, ölkədə böyük qarşıdurmalar yaşanır ki, bunun vətəndaş müharibəsinə çevriləcəyi ehtimalı istisna deyil.
ABŞ-da yaşayan Güney Azərbaycandan olan siyasi mühacir, “Günaz” TV-nin qurucusu Əhməd Obalı proseslərlə bağlı AYNA-nın suallarını cavablandırıb. Onun sözlərinə görə, İranda sosial vəziyyətin ağırlığı, insanlara basqılar, azadlıqların olmaması, gələcəyə ümidlərin azalması etirazların vüsət alacağının anonsu idi:

- Gözlənilirdi ki, ciddi etirazlar baş verəcək. Sadəcə dəqiq zamanı və etirazların qığılcımının nə olacağı bəlli deyildi. Təxminən 2 ay əvvəl ictimai rəy sorğusu keçirilmişdi. Əhaliyə sual belə idi: etirazlar olarsa, küçələrə çıxacaqsınızmı? Təsəvvür edin ki, əhalinin 70 faizə qədəri “hə” cavabı vermişdi. İranda ən ağır vəziyyət olanda belə, sorğularda iştirak edənlərin 35-40 faizi “bəli” deyirdisə, bu dəfə 70 faiz etirazlara qatılacağını söyləmişdi. Bəlli idi ki, insanlar rejimin siyasətindən boğaza yığılıb. Etirazların dərinləşəcəyini və genişlənəcəyini bu sorğu əvvəlcədən proqnozlaşdırırdı. Məhsa Əmini hadisəsi sadəcə bir qığılcım oldu.

- Tehran rejimi bu aksiyaların xarici qüvvələr tərəfindən təşkil edildiyini bildirir. Bu, nə qədər həqiqətəuyğundur?

- İran rejimi hər zaman yalan informasiyalarla manipulyasiya edib, indi də bununla məşğuldur. Etirazçıların davranışı ilə bağlı da düzgün olmayan məlumatlar yayırlar. Məsələn, xüsusi təyinatlıları insanların üzərinə yeridir, buna qarşı hansısa küt alətdən istifadə edən etirazçını “hüquq-mühafizə qüvvəsinə silah işlətdi” kimi təqdim edir. Belə hadisələr var, müəyyən yerlərdə yanğınlar var. Amma bu, bir-iki faktdır, hansı ki, İran rejimi bunun kütləvi olduğunu bildirir. Əslində isə etirazçılar tamamilə silahsızdır.

Xarici qüvvələrin təşkilinə gəlincə, təsəvvür edin ki, İranın 130-a qədər şəhərində etirazlar keçirilir. Belə miqyaslı və dərin etiraz aksiyalarını heç bir xarici qüvvə təşkil edə bilməz. Tehran rejiminin iddiaları hər zamankı kimi absurddur. Daxili narazılığı, insanlara basqını, sosial vəziyyətin ağırlığını görməyən, görüb, amma susan rejimin belə açıqlaması normaldır. İran rejimi deməyəcək ki, bizə xalq etiraz edir. Ona görə də xarici qüvvələrin üzərinə atması anlaşılandır. Lakin yenə deyirəm, bu qədər genişlikdə aksiyanı xarici qüvvələrin təşkil etməsi inandırıcı deyil. İran hökumətinin özü bəzən tərif aksiyaları, mitinqləri keçirirdi, rejimə “sədaqəti” nümayiş etdirmək istəyirdi. Amma meydanlara bu qədər insan çıxara bilmirdi. Demək istəyirəm ki, rejimin özü də belə böyük mitinqlər təşkil edə bilməz, nəinki xarici qüvvə təşkil etsin.

- Aksiyalar xaotik şəkildə keçirilir, hansısa bir lider görünmür. Lidersiz etirazların hansı effekti ola bilər?

- Həqiqətən də, bu aksiyaların lideri, rəhbəri yoxdur. Çünki millətin özü ayağa qalxdı, kimsə onları qaldırmadı. Səbəb də odur ki, yenə deyirəm, nə siyasi azadlıq var, nə söz azadlığı var, nə sosial vəziyyət yaxşıdır. İnsanlar təbii ehtiyaclarını ödəməkdə, məişət şəraitini yaxşılaşdırmaqda çox çətinlik çəkirlər. Qadınlar zülm altındadırlar. Bu narazılıq dalğası bir gündə yaranmayıb, illərdir yığılan problemlərin yaratdığı enerjinin fontan vurmasıdır. Necə deyərlər, spontan baş verən hadisələrdir. Millətin lidersiz etiraza qalxmasının şahidiyik. Əlbəttə, ya millətin içərisindən kimsə çıxıb liderlik təşəbbüsünü götürəcək, ya da xaricdə yaşayan mücahidlərdən kimlərsə hansısa komitə formasında yaranacaq, proseslərə təsir edəcək. Bu gün isə öndə siyasilər yox, millətdir. Siyasilər millətin arxasındadır, qabağında deyil.

- Beynəlxalq aləmin İrandakı proseslərə münasibəti birmənalı deyil. Xarici aləm İranın dağılmasını, yoxsa hazırkı rejimin davam etməsini dəstəkləyir?

- Proseslər yeni başlayıb. Aksiyaların yönü hələlik bəlli deyil. Rejim yıxılacaqmı, yoxsa etirazlar durdurulacaqmı - bu suallar açıq qalır. Xarici qüvvələr baş verənləri izləmə mövqeyindədirlər. Onlar da sonunu gözləyirlər ki, nə baş verəcək. İran rejiminə dəyən ziyan artıq dəymiş oldu. Rejim aksiyaları yatıra bilər, amma hakimiyyətin kökünün nə qədər zəif olduğu ortaya çıxdı. Dünyada bundan İrana qarşı siyasi baxımdan istifadə ediləcəyini gözləmək olar. Sivil dünya millətinə bu qədər zülm etmiş İran rejimi ilə əvvəlki kimi əlaqədə olmayacaq. Hər zaman ortada bir məsələ qalacaq: bu rejim getməlidir. Gec, ya tez, bu, baş verəcək.

- İranda vətəndaş müharibəsi gözləniləndirmi?

- İnsanlar beziblər. Bu baxımdan, hər yola əl atıla bilər. Rejim ya gərək siyasətini dəyişə, sosial vəziyyəti yaxşılaşdıra, real addımlar ata, ya da ki, məsələ daha da böyüyəcək. İstisna etmirəm ki, gərginliklər vətəndaş müharibəsinə çevrilsin. Tehran rejimi gərək papağını qarşısına qoyub fikirləşsin. Vətəndaş müharibəsinin baş verməməsini istəyirsə, rejim getməlidir.

- Sizcə, Tehran rejimi siyasətini dəyişəcəkmi?

- Bir xatırlatma edim: SSRİ dağılmamışdan cəmi 5 il əvvəl Qorbaçov siyasətinin dəyişdiyini elan etdi, islahat həyata keçirəcəyini dedi. Hətta bu istiqamətdə müəyyəna addımlar da atdı. Amma faydası olmadı. Çünki diktatura rejimləri və ideoloji dövlətlər öz içərisində islahat apara bilmir. Çünki belə rejimlərin öz daxillərində məhdudiyyət siyasəti hökm sürür. O məhdudiyyətlər dağılmasa, millət razı qalmayacaq. İran rejimi milləti razı sala bilməz.

- Güney Azərbaycan türkləri bu proseslərdə necə iştirak edirlər?

- Düzdür, aksiyalar milli məsələ ilə başlamayıb. Təkcə Azərbaycanın şəhər və vilayətlərində yox, İranın bütün regionlarında rejimə etiraz edilir. Amma azərbaycanlılar da bu aksiyalarda öz məsələlərini qaldırırlar, öz şüarlarını səsləndirirlər. “Azadlıq, ədalət, milli hökumət” şüarı ilə etiraz dalğasına qoşulan soydaşlarımız mücadilələrini aparırlar.

Müəllif: Anar Bayramoğlu
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, bu gün “Media Reyestrinin aparılması Qaydaları” təsdiqlənib. Prezident İlham Əliyev bununla bağlı Fərmanı imzalayıb.
Bakupost.az xəbər verir ki, Medianın İnkişafı Agentliyinin (MEDİA) Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli Media Reyestri ilə bağlı ən çox maraq doğuran sualları cavablandırıb.
O, hansı jurnalistlərin reyestrə daxil ediləcəyini, onların hansı güzəşt və üstünlüklərdən yararlana biləcəklərini izah edib.
Daha ətraflı:

 

Ardını oxu...
DİA.AZ siyasi və təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclunun hafta.az-a müsahibəsini təqdim edir:

-Ərəstun bəy, Ukraynada Rusiya ordusunun yüzlərlə məntəqədən çıxarılmasıyla cəbhədə ciddi dönüş yaranmasından sonra Ermənistanın Azərbaycanla sərhəddə təxribatı nəticəsində yaranmış qanlı qarşıdurma, ardınca Qırğızıstan-Tacikistan sərhədində yenidən alovlanan silahlı münaqişə... Və bu arada ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana səfəri... Bu hərbi və siyasi olaylar arasında geo-siyasi baxımdan hansı bağlılıq, əlaqə görürsüz?..

-Sadalanan hərbi və siyasi proseslər; istər Ukrayna-Rusiya konflikti və bunun ardınca Ukraynanın əks-hücuma keçərək Rusiyanı ciddi məğlubiyyətlərə uğratması və həmən bu mərhələdə Azərbaycan-Ermənistan sərhədində gərginlik və nəhayət, Tacikistan-Qırğızıstan münaqişəsinin alovlanması və s. onu göstərir ki, artıq Rusiya Qərb istiqamətində, yəni Ukraynadakı məğlubiyyətini anladığından digər istiqamətlərdə revanş götürməyə can atır. Bəs həmin istiqamətlərin mahiyyəti nədən ibarətdir?..

Ümumiyyətlə, Ukrayna konfliktinin başlıca səbəblərindən biri Rusiyanın böyük Şərq-Qərb dəhlizini Qara dəniz və Ukrayna üzərindən kəsmək cəhdi idi. Amma NATO-nun, Qərbin, xüsusilə də ABŞ-ın müqaviməti nəticəsində bu cəhdin qarşısı alındı. Yəni hələlik alınmaq üzrədir. Və belə görünür ki, tamamilə alınacaq da... Artıq hərbi strateji vəziyyət Ukraynanın xeyrinə dəyişməyə başlayıb. Və Moskva üçün sözügedən dəhlizi kəsməyin iki yolu qalır; bunun biri Mərkəzi Asiyadır, digəri isə Cənubi Qafqazdır. Bilirik ki, Mərkəzi Asiyada Rusiya ilk cəhdi bu ilin yanvarında Qazaxıstanda etdi. Amma orada Çin çox aktiv şəkildə proseslərə müdaxilə edərək Rusiyanı faktiki olaraq Qazaxıstandan sıxışdırıb atdı. Və bu gün də görünür ki, Qazaxıstanda verilən qərarlar, bəyanatlar, atılan addımlar birmənalı və açıq şəkildə anti-Rusiya xarakteri daşıyır. Belə olduqda bölgədəki vəziyyəti gərginləşdirmək və Mərkəzi Asiyada destablizasiya yaratmaq üçün Rusiya iki zəif həlqə olan Qırğızıstan və Tacikistana əl atdı. Özbəkistanı manipulyasiya etmək asan deyil. Türkmənistan isə bu proseslərdən bir qədər araılıdır və bəhs edilən dəhlizə aidiyyatı cüzidir. Odur ki, bu dəfəki hədəf Tacikistanla Qırğızıstan seçildi. Qeyd edilən münaqişələr bir-biri ilə birbaşa əlaqəlidir və məhz Rusiya tərəfindən qızışdırılır.

Dediyim kimi, Şərq-Qərb dəhlizini kəsən digər yol Cənubi Qafqazdan keçir. Və Rusiya buradakı Ermənistan-Azərbaycan konfliktini yenidən alovlandırmaq, bölgəyə qoşun yeritmək və Yaxın Şərq istiqamətində keçən kommunikasiyaları nəzarətə götürmək məqsədi güdür. Hələlik bu da alınmır. Biz gördük ki, məhz elə Qazaxıstan, Qırğızıstan və Tacikistan KTMT çərçivəsində Azərbaycan-Ermənistan sərhədinə qoşun yeridilməsinə razılıq vermədi...

Deməli, bütün sadalanan konfliktlərdə əlaqə birbaşadır...

Nensi Pelosinin bölgəyə səfərinə gəldikdə bu, öncədən planlaşdırılmış səfər idi. Bu, yeni səfər deyildi. Sadəcə olaraq Ermənistanla sərhəddəki son qarşıdurmanın ardınca baş tutdu. Və Pelosi, başqa sözlə, ABŞ göstərdi ki, Ermənistan üzərindən bu və ya digər dəhlizin açılmasında maraqlı deyil. Və İrəvandan səslənən bəyanatlar da buna açıq işarədir. Artıq Ermənistanda Rusiyanı KTMT-dən çıxmaqla hədələyirlər. Və erməni ictimai-siyasi dairələrində açıq şəkildə anti-Rusiya siyasi xətti yürütmək haqqında müzakirələr gedir...

-Sizcə, bütün bu baş verənlərdən sonra Zəngəzur dəhlizinin tezliklə açılması mümkün olacaqmı?

-Son baş verənlər, yəni Ermənistanın Qərbdən, xüsusən ABŞ-dan dəstək alması onu göstərir ki, Zəngəzur dəhlizinin açılması tezliklə mümkün olmayacaq. Və ümumiyyətlə, bunun mümkün olub-olmayacağı özü böyük bir sualdır. Mən belə görürəm prosesi... Hər bir halda bundan sonra Ermənistana qarşı “Zəngəzur dəhlizini açın” tələbi ilə davranmaq xeyli dərəcədə çətin olacaq. Bir şərtlə ki, Ermənistanın daxilində hansısa destablizasiya baş verməsin. Amma nəzərə alsaq ki, ABŞ-ın da Ermənistana təsiri yetərincədir, Ermənistandakı Paşinyan hökuməti Amerikayönlü hökumətdir, ABŞ da böyük geo-siyasi xəritədə fəaliyyət göstərən super güc kimi, əlbəttə, öz tərəfdaşlarını qoruyacaq. O cümlədən də Paşinyan hökumətini... Yəni bütün bunlar Zəngəzur dəhlizinin açılması prosesini nəinki gecikdirmiş olur, ümumiyyətlə, dediyim kimi həmin prosesi şübhə altına alır...

-Yəqin ki, bu gedişlə Rusiya “sülməramlı” hərbi kontingenti ərazimizdən çıxarılmamış Xankəndi, Xocalı və s. məntəqələrimizin yurisdiksiyamıza keçirilməsi də mümkün olmayacaq?

-Rusiyanın dırnaqarası “sülhməramlı”larının nəzarətində qalan Xankəndi, Xocalı, Ağdərə və digər ərazilərə gəldikdə, təbii ki, həmin ərazilər bu gedişlə Azərbaycanın nəzarəti altına keçməyəcək. Ən azı, ona görə ki, belə bir addım atılacağı halda Rusiya ilə Azərbaycanın Ermənistana qarşı mövqeləri üst-üstə düşsə belə, bu, Rusiyanın maraqlarına zidd olacaq. Ona görə zidd olacaq ki, həmin bölgələrin Azərbaycanın yurisdiksiyasına keçməsi Qarabağ münaqişəsinin birdəfəlik həll edilməsidir. Məlumdur ki, bu halda oradakı erməni əhali birdəfəlik çıxıb gedəcək. Və yalnız Azərbaycana etnik təmizləmə və s. kimi mövzularda təzyiqlər ediləcək. Amma eyni zamanda bunlarla paralel Rusiya da bölgəni tamamilə tərk etməli olacaq. Və xüsusilə də nəzərə alsaq ki, bu gün Rusiyanın özünün Ermənistanda hərbi-siyasi mövcudluğu sual altına düşüb, əlbəttə ki, Kreml Qarabağı nəinki tərk etmək haqda düşünəcək, buralarda daha da möhkəmlənməyə çalışacaq...

- Azərbaycanla son silahlı toqquşmalar zamanı erməni ordusunda da baş vermiş çoxsaylı canlı itkilərdən sonra Ermənistandakı mövcud hakimiyyətə rusiyayönümlü müxalifətin təpkiləri ilə paralel Qərbin, ABŞ-ın dəstəyi də olduğundan, yəqin ki, artıq Paşinyanın devrilməsi gözlənilmir?

-ABŞ-ın açıq dəstəyi olduğu bir halda Paşinyanın hakimiyyətdən uzaqlaşdırmaq rusiyayönümlü müxalifət üçün çətin olacaq. Onu da unutmayaq ki, Nensi Pelosi son dövrdə Ermənistana səfər edən yeganə ABŞ təmsilçisi deyil. Bundan öncə təsir imkanları baxımından Pelosidən heç də geri qalmayan Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru da İrəvana səfər etmiş, Paşinyanla görüşmüşdü... Belə olduğu halda, əlbəttə ki, Paşinyanın mövqeləri güclənir. Yenə də xatırlatmaq yerinə düşər ki, Ermənistan Amerikanın ən böyük səfirliyi yerləşən 3 ölkədən biridir. Deməli, amerikalılar heç də asanlıqla öz tərəfdaşları olan Paşinyanın devrilməsinə imkan verməyəcəklər. Xüsusilə, Rusiyanın indiki vəziyyətində, onun sisteminin, dövlət maşınının sınmış olduğu bir durumda Paşinyanın devrilməsi inandırıcı görünmür. Və eyni zamanda nəzərə alsaq ki, ABŞ-Ermənistan münasibətlərinin bu dərəcədə yaxınlaşması Amerika, Fransa və digər Qərb ölkələrindəki, həmçinin Yaxın Şərq ölkələrindəki erməni diasporunun marağındadır. Odur ki, həmin rusiyapərəst müxalifət qrupları təklənmiş vəziyyətdə qalacaq. İnanmıram ki, yalnız Rusiyadan dəstək almaqla onlar Paşinyanı devirə bilsinlər. Paşinyan ordunu da xeyli dərəcədə təmizləyib. Artıq Ermənistan ordusunda da güc yolu ilə dövlət çevrilişi edəcək güclü bir rusiyapərəst komanda qalmayıb. Düzdü, Moskvaya bağlı bu və ya digər adamlar var. Amma onlar artıq açar fiqurlar rolunda deyillər...

- Ukrayna ordusunun son irəliləyişləri ilin sonunadək Putinin siyasi səhnədən getməsinə gətirib çıxara bilərmi?

-Əvvəlcədən də demişdik ki, Ukrayna ordusunun uğurları, qələbəsi Putinin hakimiyyətdən getməsi ilə nəticələnə bilər. Və bu məsələ də artıq reallaşmaqdadır. Təkcə Ukraynada deyil, bir sıra müxalif Rusiya mənbələrində də Putinin hakimiyyətdən gedəcəyi bir aksiom kimi təqdim olunur. Bu isə artıq ölkənin daxilindəki ab-havaya təsir etmək və ictimai rəyi buna hazırlamaq deməkdir. Yeri gəlmişkən, hətta Kreml təbliğatçılarının da tonu dəyişib. Artıq onlar tamam başqa şeylər danışır və başqa addımlar atırlar. Putinin əsas, şəxsi qoçusu olan Ramzan Kadırovun da ritorikası dəyişib. Eləcə də Putinin ən yaxın çevrəsindəki ən təsirli adamlar, görünən budur ki, artıq psixoloji baxımdan onun siyasi səhnədən getməyinə hazırdırlar. Bəs Putinin özü buna hazırdırmı? Mənə elə gəlir ki, yola salınmaq məqamı çatanda artıq onun rəyini soruşan olmayacaq...

Onu da deyim ki, bəlkə də bu hadisə ilin axırından da tez baş verdi. Bunu da istisna etmirəm.
 

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi sentyabrın 18-də Yerevanda səfərdə olarkən bildirib ki, Ermənistanın sərhədlərinə və suverenliyinə hücum edilib.

“Ermənistan bizim üçün vacibdir və biz Konqres adından Azərbaycanın Ermənistana ölümcül hücumlarını qətiyyətlə pisləyirik”, – Pelosi deyib.

O qeyd edib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan münaqişəsinin hərbi yolla həllinin mümkün olmadığını çoxdan və açıq şəkildə bəyan edib.

“Səfərimizin məqsədi Ermənistanın ABŞ-dan nə gözlədiyini və müdafiə sahəsində əməkdaşlıqda bizim hansı dəstəyi verə biləcəyimizi və nə edə biləcəyimizi anlamaqdır. Qərarı Ermənistan verir və qəbul edərsə, biz kömək etməyə hazırıq”, – Pelosi bildirib.

Pelosi ilə birlikdə gələn deputat Ceki Speer bildirib ki, Nümayəndələr Palatasında Azərbaycanın hərəkətlərini pisləyən qətnamə irəli sürüb edilib. “Ümid edirəm ki, tezliklə qəbul olunacaq.

Ermənistan qarşısında öhdəliklərimizə gəlincə, biz Ermənistanın ərazi bütövlüyünü dəstəkləməyə davam edəcəyik və Ermənistanın sərhədlərində istənilən dəyişikliyə qarşı çıxacağıq”.

 

Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, “18 sentyabr 2022-ci il tarixində Ermənistana səfəri çərçivəsində ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi tərəfindən verilmiş və bölgədəki vəziyyəti təhrif edən açıqlaması ciddi təəssüf doğurur. N.Pelosi tərəfindən Azərbaycana qarşı irəli sürülən əsasız və ədalətsiz ittihamları qəbuledilməzdir”.

Vaşinqtonda mənzillənən azərbaycan-əsilli jurnalist Aleks Raufoğlu mövzu ilə bağlı ASTNA-nın suallarını cavablandırıb.

***

– ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Yerevanda səsləndirdiyi bəyanatlar nəyə hesablanıb? Bu bəyanatları səsləndirməkdə spikerin məqsədi nədir? Bu bəyanatları rəsmi ABŞ-ın mövqeyi hesab etmək olarmı?
Ardını oxu...
-İcazənizlə, suallarınıza sonuncudan başlamaqla cavab verim. Xeyr, xanım Pelosinin bəyanatları ABŞ Administrasiyasının rəsmi mövqeyini ifadə etmir, bunun üçün Ağ Ev və Dövlət Departamentindən səslənən açıqlamalara diqqət etmək yetərlidir. Yerevanda nümayiş edilən ritorikanın rəsmi mövqedən fərqlənməsi ABŞ sistemində nadir nümunə deyil. Siyasi mənsubiyyətindən asılı olmayaraq, bütün Konqress üzvləri kimi, Spiker də müxtəlif mövzularda Ağ Evin siyasətindən fərqli yanaşma nümayiş etdirməkdə azaddırlar – hətta Oval Ofisdə oturan şəxslə eyni partiya maraqlarını bölüşmüş olsalar belə.

Bəyanatların məğzinə gəldikdə, xanım Pelosinin açıqlamalarında Azərbaycan tərəfinin mövqeyinə (haqlı, yaxud haqsız—fərq etməz) istinad olunmamasının səbəbləri ilk növbədə Azərbaycan üçün düşündürücü olmalıdır. Təəccüblü hal idi ki, Azərbaycanın Vaşoinqtondakı diplomatları xanım Pelosinin çıxışlarına yalnız faktdan sonra və yumşaq desək, “Tvitter tənqidçiləri” səviyyəsində reaksiya vermək məcburiyyətində qaldılar. Pelosinin bəyanatları o cümlədən bizim illərdir dediyimizi — ABŞ Konqresində Azərbaycanın pullu lobbiçilik səylərinin səmərəsiz olduğunu isbat etdi.

Sualınızın digər hissəsinə gəldikdə, bir qayda olaraq, ABŞ Spikerinin böhran nöqtələrinə səfərləri beynəlxalq ictimai rəyi münaqişələrə cəlb etmək baxımından önəm daşıyır. Bütün həftə ərzində baş xəbər lentlərini Ukraynaya və Kraliçanın ölümünə həsr etmiş Qərb mediası şənbə və bazar günləri aydın səbəbdən Azərbaycan-Ermənistan münaqişəsini manşetlərinə çıxardılar, baxmayaraq ki, iki tərəf arasında atəşin dayanması barədə razılaşma bu səfərdən 48 saat öncə artıq əldə olunmuşdu.

Bu mənada, spikerin səfərini özlüyündə, diqqəti problemə cəlb etmək baxımından əlamətdar saymaq olar. Azərbaycan tərəfi bu fürsətdən düzgün yararlanmaq üçün, ilk növbədə səfərdə iştirak etmiş Konqress üzvləri ilə vaxtında işləməli, öz mövqeyini də diqqətə çatdırmalı idi. Spikerin ofisinin də açıqladığı kimi, bu səfər əslində, bir ay öncədən nəzərdə tutulmuşdu, sadəcə olaraq vaxt qeyri-münasib dövrə təsadüf edib. Azərbaycan diplomatlarının bu ziyarətdən xəbəri var idimi? Olmayıbsa – pis, olub heç nə etməyiblərsə – daha da pis.

-Bu bəyanatları səsləndirərkən Nensi Pelosi düşünmədimi ki, ABŞ Azərbaycanı itirə bilər?

– İlk növbədə, bəyanatların səsləndirildiyi məkanı nəzərə alaraq, anlaşılandır ki, məqsəd Ermənistanı itirməmək olub, amma Vaşinqtondakı ümumi sentiment belədir ki, bu, heç də mütləq Azərbaycanı itirmək bahasına edilməməlidir. ABŞ-da gözəl anlayırlar ki, son bir neçə həftə ərzində post-Sovet regionunda münaqişə ocaqlarının ardı-ardına alonlanması təsadüfi deyil. Ukraynada məğlubiyyətlə üzləşmiş Rusiya bu vəziyyətdən bəhrələnməklə, ABŞ dövlət katibinin də bir neçə gün əvvəl dediyi ki, “regionu qarışdıra bilər.”

Azərbaycandan fərqli olaraq, Ermənistan Moskvanın artan təzyiqləri fonunda Qərbdən uzadılan əli rədd etməmək yolunu tutub. Azərbaycan da Putin Rusiyası tərəfindən təklənməməkdə maraqlıdırsa, siyasətini nəzərdən keçirməlidir.

– Son vaxtlar ABŞ- Azərbaycan münasibətlərində buzlar əriməyə başlamışdı. İndi bu bəyanatlarla yenidən münasibətləri gərginləşdirmək kimlərə sərf edir? Bu kimi bəyanatlarla ABŞ Azərbaycanı Rusiyaya tərəf itələmir?

– Spikerin bəyanatları rəsmi münasibətlərin gərginləməsi üçün səbəb olmamalıdır. Bunu edənlər ən pis halda, bəhanə axtarışındadırlar, ən yaxşı halda isə, ABŞ siyasi sisteminə sadəcə olaraq bələd deyillər.

Rusiyaya gəldikdə, bu ölkə təkcə son 7 ayda Ukraynadakı əməllləri ilə özünü dünya siyasətindən təcrid edib və İran, Şimali Koreya kimi rejimlərin imdadına sığınıb. Kremlə tərəf “itələnməyi” ABŞ heç düşməninə də arzulamazdı.

-Son olaraq, ABŞ Azərbaycan münasibətlərinin normal məcraya düşməsi üçün hər iki tərəf hansı addımları atmalıdır?

– Münasibətlərin indiki halda, məcrasından çıxdığını iddia etmək doğru olmazdı. Hərçənd, etiraf etmək lazımdır ki, tərəflər arasında səmimiyyət indi hər zamankından daha önəmlidir.

Qarabağ nizamlaması ABŞ-Azərbaycan münasibətlərinin fokuslandığı istiqamətlərdən yalınız biridir və bütün digər sahələrdə olduğu kimi, bu iş də diplomatik yaradıcılıq tələb edir.

Bu yaxınlarda söhbət etdiyim sabiq ABŞ diplomatlarından biri münaqişə ətrafındakı dialoqların əvvəlki illərdən fərqini təxminən aşağıdakı formada izah etmişdi.

“Əvvəllər tərəflər bizimlə təmasda qarşı tərəfin fikrinin pis olduğunu nəzərə çatdırırdı, indi isə qarşı tərəfin özünün pis olduğunu”. Fərq bundadır.

Mario Puzonun “Xaç atası” əsərində Don Korleonenin dediyi kimi, “düşmənlərinizə nifrət etmək kimi səhvə yol verməyin. Bu, sizin mühakimənizi dumanlandırır”.

Ardını oxu...
 
 

 
“Azərbaycan hər zaman regionda dayanaqlı sülhün təmin olunması üçün davamlı addımlar atır. Azərbaycan bunu danışıqlarda iştirak etməsiylə təsdiq edib. Sülh çağırışı etmək böyük bir siyasi iradə və gələcəyə baxış tələb edir”.

 

Bunu REAL TV-yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, iki ilə yaxın müddətdə sülhlə bağlı çağırışlar Azərbaycan tərəfindən gəlib:

“Sülh müqaviləsinin hazırlanması təşəbbüsü cənab Prezident tərəfindən gəlib. Biz bu təşəbbüslərə hər zaman açıq olmuşuq. Son olaraq sentyabrın 19-da mənim Nyu-Yorkda Ermənistanın xarici işlər naziri ilə görüşüm oldu. Bu görüşün bir neçə istiqaməti var idi ki, bununla bağlı Xarici İşlər Nazirliyinin açıqlaması olmuşdu. Atəşkəsin pozulması və baş verənlərə baxmayaraq, biz sülhlə bağlı sadiqliyimizi həmin görüşdə nümayiş etdirdik. Bizim bu təklif ABŞ tərəfindən də yüksək qiymətləndirildi. ABŞ Dövlət Departamentinin də açıqlamasına diqqət yetirsəniz, orada tərəflərə sülhlə bağlı danışıqların davam etdiririlməsiylə bağlı çağırışı var. Hər kəs istəyir ki, gərginlik olmasın”.

Ceyhun Bayramov müsahibəsində sentyabrın sonunda Ermənistanın XİN rəhbəri ilə görüşünün olub-olmayacağı ilə bağlı suala da aydınlıq gətirib:

“Görüşün keçirilməsi üçün iki tərəf iştirak etməlidir. Brüsseldə liderlər arasında baş vermiş sonuncu görüşdə əldə olunmuş razılığa əsasən, Azərbaycan tərəfi öz öhdəliklərinə sadiqdir. Bütün baş verənlərə rəğmən, hesab edirik ki, sülh gündəliyini irəli aparmaq lazımdır. Biz bu görüşün keçirilməsinə hazırıq. Bununla bağlı təklifimizi bildirimişik. Görüş baş tutmasa, bu, Ermənistan tərəfinin qeyri-konstruktiv yanaşması olacaq. Bundan əlavə indiki mərhələdə nəsə demək çətindir”.



 

XalqXeber.Az
 
Ardını oxu...
Sədrəddin Soltan: “Tehran daxildəki böhrandan diqqət yayındırmaq üçün etirazlarda Qərb “barmağı” axtarır”

İranda kütləvi etirazlar davam edir. Hicaba görə saxlanılan qızın ölümü ilə bağlı Rəşt şəhərində polis və etirazçılar arasında baş verən qarşıdurmadan sonra Tehranda Məhsa Əminin ölümü ilə bağlı etiraz aksiyası keçirilib. Tehranın Vəliəsr xiyabanında keçirilən aksiyanı dağıtmaq üçün xüsusi qüvvələr cəlb olunub. Aksiya iştirakçıları hökumət əleyhinə şüarlar səsləndiriblər. Təhlükəsizlik qüvvələri ilə aksiya iştirakçıları arasında qarşıdurma baş verib. Qarşıdurma yanğınlarla müşahidə edilir.

Analoji aksiya Məşhəd şəhərində də keçirilib. Qeyd edək ki, son günlər Məhsa Əminin əxlaq polisinin binasında ölümünə etiraz məqsədi ilə İranın bir çox şəhərlərində aksiyalar keçirilir. Kürdüstan əyalətinin Saqqız şəhərində bazarda mağaza sahibləri etiraz əlaməti olaraq mağazalarını açmayıblar. Müxtəlif şəhərlərdə qadınlar Əminin ölümünə etiraz məqsədilə baş örtüklərini yandırıb, saçlarını kəsirlər.

AYNA qonşu ölkədə baş verənləri Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, iranşünas ekspert Sədrəddin Soltanla müzakirə edib.

- Paytaxt Tehranda və İranın digər şəhərlərində yenidən kütləvi etirazlar baş qaldırıb. Cənub qonşumuzda nə baş verir?

- Son bir neçə ildə İranda etiraz aksiyaları müntəzəm olaraq baş verir. Bu aksiyalarının mahiyyətində isə sosial problemlərə etirazlar dayanır. Son hadisələr İranın Kürdüstan əyalətində 22 yaşlı bir gəncin əxlaq polisi tərəfindən qətlə yetirilməsi ilə başladı. Bu hadisədən sonra İranın müxtəlif şəhərlərində də anaoloji etiraz aksiyaları keçirilib. Xüsusilə, Kürdüstan əyalətində aksiyaların miqyası daha böyükdür. Polislə etirazçılar arasında tooquşmalar qeydə alınır. Rejim hicab qaydalarının pozulmasına görə insanları qətlə yetirir və son aksiyalar hakimiyyətin davranışına etirazdır.

Artıq əhali rejimin onların daxili işlərinə müdaxilə etməsindən təngə gəlib. Cəmiyyət artıq rejimin ailə məsələlərinə, insanların şəxsi həyatına müdaxiləsini qəbul etmək istəmir. 43 ildir davam edən bu siyasətə etiraz olaraq bu günə qədər çoxsaylı belə aksiyalar keçirilib. Son dövrlər isə bu aksiyaların miqyası daha da böyüyüb. Əxlaq polisi fəaliyyətini gücləndirir və əhali buna sərt formada etiraz edir. Məhsa Əminin qətlə yetirilməsi bu etirazlar üçün əsas impuls oldu.

- İddialar var ki, İrandakı etiraz aksiyalarında Qərbin də “barmağı” var. Bu iddiaları bölüşürsünüzmü?

- Bu gün dünyada siyasi nizam dəyişir və bütün diplomatik oyunçular çılpaq şəkildə öz maraqlarını ortaya qoyur. Lakin bu, o demək deyil ki, hər hansı ölkənin daxili etirazlarında mütləq hansısa kənar qüvvələrin rolu və iştirakı var. Kürdüstan əyalətində gənc xanımın qətlə yetirilməsini Qərb sifariş etmişdi? Qərb İranın əxlaq polisinə demişdi ki, get 23 yaşlı xanımı öldür? İran rejimi özü buna zəmin yaradır. Onlar insanların şəxsi həyatına müdaxilə etməsəydilər, bu aksiyalar da olmayacaqdı. Olduqca məntiqsiz bir bəhanədir ki, fars rejimi daim bundan istifadə etməyə çalışır. Çünki fərqindədir ki, insanlar artıq rejimin siyasəti ilə barışmaq niyyətində deyillər. Bunun qarşısını almaq üçün mənasız arqumentlərdən istifadə edirlər.

İran cəmiyyəti ictimai baxımdan aktiv cəmiyyətdir və dünya dəyişdikcə, onlar da dəyişməyə çalışırlar. 43 il qabaq baş vermiş inqilabın tələbləri həyata keçirilməyib. İranda inqilab islahatları yarımçıq qalıb. Cəmiyyət həyata keçirdiyi inqilabın nəticəsini görməyib. Günü-gündən ağırlaşan sosial, siyasi, iqtisadi, mədəni və s. sahələrdəki böhranlı vəziyyət öz növbəsində etirazlar doğurur. Bundan təbii ki, Qərb də öz maraqlarının təmin olunması istiqamətində istifadə edir. Misal üçün, gənc xanımın qətlə yetirilməsinə ABŞ dairələri, beynəlxalq təşkilatlar kəskin etiraz etdilər. Məhz molla rejiminin davranışları ABŞ və Qərbi buna təhrik edir. Fars rejimi 43 ildir islahat aparmır və həmişə olduğu kimi, daxildəki etirazlarda ABŞ, İngiltərə və İsrail “barmağı” axtarır.

- Rusiyaya qarşı təzyiqlər fonunda ABŞ-ın İrana qarşı da təzyiqlərə başlaması iki ölkə arasında münasibətləri daha da dərinləşdirəcəkmi?

- İranın Ali Dini Rəhbəri Əli Xameneyinin Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı verdiyi bəyanatlar bir daha sübut edir ki, İran Ukrayna məsələsində şimal qonşumuzun yanındadır və birmənalı şəkildə onu müdafiə edir. Və hərbi avadanlıq göndərməklə Rusiyaya açıq dəstəyini ifadə edir. Son günlər Ukrayna rəmsilərinin İranla bağlı söylədikləri - baxmayaraq ki, rəsmi Tehran bunu qətiyyətlə təkzib edir - İranın kimdən yana olmasını aydın şəkildə ortaya qoyur.

Ancaq bununla yanaşı, İranın öz maraqlarını Rusiyaya qurban verəcəyi qənaətində də deyiləm. Onların arasında əməkdaşlıq müəyyən bir yerə qədərdir. Bir müddət sonra maraqları toqquşacaq və yollar ayrılacaq. Çünki hər ikisi ağır sanksiyalara məruz qalır. Qarşıdakı dönəmdə hər iki ölkədə sosial-iqtisadi vəziyyət pisləşəcək. Bundan sonra İran ya Qərbin qarşısında boyun əyəcək, ya da anlaşmağa çalışacaq. Yaxın gələcəkdə İran il Rusiya arasında münasibətlər kəskinləşəcək.

- İranın Ermənistana dəstəyi davam edir. Sizcə, 44 günlük Vətən müharibəsindən sonra Tehranın ölkəmizə yönəlik təzyiqləri nədən qaynaqlanır?

- Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra İranla Ermənistan daim müttəfiq münasibətlərində olub. Bu müttəfiqlik həm Azərbaycana, həm də Türkiyəyə qarşı yönəlib. İstər torpaqlarımız işğal altında olduğu dövrlərdə, istərsə də tarixi zəfərimizdən sonra İran daim Ermənistanı dəstəkləyib. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra, indi Ermənistan adlandırılan Qərbi Azərbaycan ərazisindəki tarixi toponimlərinin adlarını bərpa etdi. Məsələn, Zəngəzur, İrəvan, Göyçə, Qarakilsə, Basarkeçər və digər erməniləşdirilmiş tarixi Azərbaycan torpaqları öz qədim adları ilə adlandırılmağa başlandı.

İran tərəfi tarixi Azərbaycan toponimlərinin bərpasından təşvişə düşüb. Fars rejimi Ermənistanın yürütdüyü siyasəti eynilə Güney Azərbaycanda həyata keçirir. Azərbaycana məxsus tarixi yer adları dəyişdirilərək farslaşdırılıb. Məsələn, Qaradağ mahalına Arazbaran, yaxud Muğana Parsabad adı verilib. İran Ərdəbilin yaşayış yerlərinin, çaylarının adlarını necə dəyişdiribsə, eyni addımları da Ermənistan atıb. Azərbaycan isə bu tarixi ədalətsizliyi aradan qaldırır. Göründüyü kimi, İran rejimi Azərbaycanın və Türkiyənin inkişafından narahatlıq keçirir və hər vəchlə buna mane olmağa çalışır. Bu siyasət bu gün də daam edir.

Müəllif: Azər Niftiyev
 
 

Ardını oxu...
Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan-Ermənistan arasında baş verən son gərginliklə bağlı AbzasMedia-nın suallarını cavablandırıb.

DİA.AZ sözügedən müsahibəni təqdim edir:

Elmar müəllim, Azərbaycan-Ermənistan arasında nə baş verir? Son hərbi gərginliklə bağlı nə düşünürsünüz?

- Biz əvvəldən də fikirləşirdik ki, delimitasiya və demarkasiya məsələlərini həll etməsək, belə hadisələr baş verə bilər. İki ildir uzadırdılar. Azərbaycan bildirir ki, sülh sazişi ilə bağlı məsələlərdə iştirak edəcək işçi qrupunun nümayəndələri hazırdır, ancaq Ermənistan tərəfi nala-mıxa vurur. Diplomatiyada sülhə məcburetmə anlayışı var. İlk məsələ Ermənistanla bağlıdır ki, əgər istəmirsinizsə belə hadisələr olsun, maraqlarınıza uyğun deyilsə, gəlin delimitasiya və demarkasiya məsələlərini həll edək. Gülməli şeylər danışırlar. Gah deyirlər ki, Qarabağ öz müstəqilliyini elan edir, sonra deyirlər ki, yox, Sovet dövründə adminstrativ xəritələr var idi, Moskvadan xahiş edək onu versinlər, onun əsasında işləyək. Yaxşı, əgər sən belə deyirsənsə, onda qəbul edirsən ki, həm Sovet dövründə, həm də ondan sonrakı illərdə Qarabağ Azərbaycanın tərkib hissəsi olub.

Müharibədən sonra Azərbaycan rəsmiləri dəfələrlə bildiriblər ki, Ermənistan ordusu, hərbi infrastrukturu demək olar ki, sıradan çıxarılıb. Əgər Ermənistan belə zərbələr alırsa, niyə insidentlərdə maraqlı olmalıdır?

- Ona görə belə edirlər ki, Zəngəzur istiqamətində açılacaq koridora nəzarət etmək istəyirlər. Tranzit yoldan pul qazanmaq istəyirlər. Burada vergi və digər məsələlər var. Buradan nə qədər çox yük getsə, Ermənistanın dövlət büdcəsinə o qədər çox pul gedəcək.

Əgər Ermənistan yeni yaradılacaq kordidordan pul qazanmaq istəyirsə və təxribatları bunun üçün edirsə, belə olan halda da döyüşlərdə böyük vəsaitlər itirmir? Çünki son döyüşlərdə Ermənistanın sıradan çıxarılan hərbi infrastrukturu, texnikası bir neçə yüz milyon dollar dəyərində idi.

- Düz deyirsiniz, o da var. Fikir verdinizsə, elan etdilər. Bizim ordumuz təhlükəsizlik zonası yaradıb orada. Bunu ona görə ediblər ki, oradan Azərbaycanı atəşə tutmasınlar. Yüksəkliklər götürülüb. Belə bir təhlükəsizlik zonası yarada bildik. Əsas məsələ, orada şirkətlər işləyirdi, qızıl çıxarırdılar, onların da təhlükəsizliyi təmin edildi.

Bu təhlükəsizlik zonası harada yaradılıb?

- Təhlükə o tərəfdən gəldiyi üçün, əlbəttə ki, oradan. Son insidentdən əvvəl də Azərbaycan Müdafiə Nazirliyi elan edirdi ki, oradan Azərbaycan əraziləri atəşə tutulur. Bu o demək deyil ki, biz Ermənistanın ərazisinə keçmişik və s. Sadecə yüksəklikləri götürüb müşahidə edirlər ki, oradan silah keçməsin, yerləşdirməsinlər, bizi atəşə tutmasınlar.

Birinci Qarabağ müharibəsindən sonra beynəlxalq birlik Azərbaycan ərazilərinin işğalını qəbul etmişdi və Azərbaycanın torpaqlarını işğaldan azad etməsi üçün legitim əsas yaranmışdı. Sizcə, indi Azərbaycan diplomatik təmaslarda əlverişsiz vəziyyətə düşmür?

- Yox, inanmıram. Çünki hər ölkə öz təhlükəsizliyini qorumalıdır. Azərbaycanın mövqeyi burada yenə də möhkəmdir. Azərbaycanın təklif etdiyi 5 bəndlik sülh müqaviləsi var. Orada birinci odur ki, bir-birimizin ərazi bütövlüyünü və suverenliyini tanıyırıq, ikinci də odur ki, bir-birimizin ərazilərinə müdaxilə etmirik. Hansısa beynəlxalq təşkilat bu məsələni qaldırsa və ya sabah iki tərəfli danışıqlarda bu məsələ açılsa, Azərbaycan bildirəcək ki, biz təklifi vermişik, gəlin delimitasiya və demarkasiya məsələlərini həll edək, sülh sazişi imzalayaq.

Bəs necə düşünürsünüz, sizcə Ermənistan sülh sazişi imzalamağa razı olacaq?

Əlbəttə, yüzdə-yüz. Azərbaycan inkişaf etmək istəyir, Ermənistan da istəyirsə, gəlsinlər sülh sazişi imzalayaq. Sərhədlər açılsın, qonşuluq əlaqələri qurulsun.
Ardını oxu...
İlham Şaban: "İkinci böyük gəliri hökumət götürür..."

20 sentyabr Azərbaycanda “Neftçilər günü” kimi qeyd olunur. Pressklub.az Azərbaycanın neft-qaz sektorunun vəziyyəti, ötən illər ərzində əldə edilmiş gəlirlər, onların xərclənməsi və perspektivlərlə bağlı neft-qaz sektoru üzrə tanınmış ekspert İlham Şabanın fikirlərini öyrənib.

– İlham bəy, əvvəlcə qlobal enerji bazarındakı vəziyyətə baxışlarınızı öyrənmək istərdik. Çünki onun Azərbaycanın enerji bazarına təsirləri kifayət qədərdir. Bu təlatümlü dövr hələ çoxmu çəkəcək?

– Həqiqətən 2022-ci il dünya iqtisadiyyatı üçün gərgin oldu və belə də davam edir: postpandemiya dövrünün bu cür narahat və bəzi məkanlarda hətta əzablı yollarla irəliləyəcəyini yəqin keç kəs təsəvvürünə belə gətirmirdi, necə ki, ötən ilin sonlarında cari ildə neftin qiymətləri ilə bağlı verilən proqnozlar özünü doğrultmadı.

Proqnozların alt-üst olması isə cari ildə Avropa qitəsinin, həqiqətən II Dünya müharibəsindən sonra görmədiyi, görülməsi bəlkə də təsəvvür edilməyəcək bir duruma qədəm qoymasından qaynaqlanır. Bunun da bir səbəbi var: qəfil başlayan müharibə, özü də çox qanlı və irimiqyaslı bir müharibə. Onun fəsadları da ağırdır, bir xeyli fəsadları isə sonralar özünü göstərəcək. Özü də fəsadların aradan qaldırılması təkcə müharibənin başladığı kimi bitməsi xəbərinə bağlı deyil. Çünki Qərb dövlətləri ilə Sovet İttifaqının rəsmi varisi olan Rusiya Federasiyası arasında ötən əsrin 60-cı illərinin ortalarından başlayan enerji ticarəti artıq qürub dövrünə qədəm qoyur.

Bu il olmasa da, növbəti bir neçə ildə bu ticarətin hətta tam dayandırılması nöqtəsinə qədər inkişafı labüddür. Ticarət o yerdə inkişaf edir ki, satıcı və alıcı arasında qarşılıqlı etimaddan əlavə, mülayim münasibətlər də yaranır. Bu münasibətlər isə özünü sonradan siyasəti əlaqələrdə, mədəniyyətdə və turizmdə göstərir. Hazırda sadaladığım münasibətlər Qərblə Rusiya arasında artıq “illərlə tikilmiş körpülərin yandırılması” mərhələsində olmasa da, amma o körpülərdə gediş-gəlişin dayandırılmasına istiqamətlənib. Ötən il Rusiya Avropa bazarında 155 milyard kubmetr qaz satmışdı, cari il, Rusiya hökumətinin bu günlərdə səsləndirdiyi son qiymətləndirməyə görə, bu göstərici təqribən 50 milyard kubmetr az olacaq. Təbii ki, sonrakı illər daha da aşağı düşəcək.

Ona görə də xammal bazarları təlatümlü dövrlərini yaşayır və bazarda yaşanan hədsiz yüksək qiymətlər də onun nəticəsidir. Neft və qaz qiymətlərinin qlobal bazarda bahalı dövrü, hesab edirəm ki, hələ bir neçə il davam edəcək.

– Sizin dediklərinizdən belə başa düşmək olar ki, qlobal bazarda baş verənlər iqtisadiyyatı enerjidən asılı olan Azərbaycan üçün əlavə imkanlar yaradır.

– Bəli, gəlir baxımından birbaşa belədir. Rəsmi açıqlanan statistikaya görə, 2022-ci ilin 8 ayında Azərbaycanın neft gəlirləri 13,72 milyard dollar, qaz gəlirləri isə 10,32 milyard dollar təşkil edib. Ölkənin ümumi ixracı 26 milyard dollardan çox olub. Özü də bu o zaman baş verib ki, ölkədə hesabat dövründə əmtəəlik neft və kondensat hasilatı həcmləri 1 milyon 198 min ton azalıb. Bunu barelə çevirəndə bilirsinizmi nə qədər edir? Təqribən 9 milyon barel. Ona görə də bazarda qiymətin ölkəmizin əldə etdiyi qazanca çox böyük təsirləri var.

Dövlət Neft Fondunun təkcə bir layihədən – “Azəri-Çıraq-Günəşli” layihəsindən cari ilin 8 ayında əldə etdiyi gəlirə diqqət edək. Reallıqda bu, dövlətin payına düşən mənfəətdir – 6 milyard 629 milyon dollar. İndi baxaq ötən ilin 8 ayındakı nəticələrə – 3 milyard 488,5 milyon dollar. Artım 90% (!). Özü də qazancın az qala 2 dəfə artımı Azərbaycanın ən iri neft yataqları blokunda hasilatın 1 milyon tondan çox azalması fonunda baş verib.

– AÇG-dən söz düşmüşkən. Axı, Azərbaycanın “Neftçilər günü” elə bu layihə ilə bağlıdır. AÇG bir layihə kimi ona bəslənilən ümidləri doğrultdumu?

– Birmənalı olaraq, bəli. 28 il əvvəl Azərbaycan ilk neft müqaviləsini imzalayarkən qarşısına nə məqsədlər qoymuşdusa, onları reallaşdıra bilib: Yenicə müstəqilliyini qazanmış və digər postsovet ölkələrindən fərqli olaraq müstəqilliyinə ərazi bütövlüyünün sarsılması, 1 milyon qaçqın axını, hiperinflyasiya və hətta dövlət sektorunda belə əməkhaqlarının aylarla gecikdirilməsi kimi problemləri olan ölkənin arzusu nə ola bilərdi? Əlində olan mümkün potensialdan istifadə etmək, nəyisə kapitala çevirə bilmək və sadaladığım problemlərin aradan qaldırılmasına nail olmaq. Bəs Azərbaycanın qlobal bazarda kapitala çevirilə biləcək nəyi vardı? Nefti. Azərbaycan bundan istifadə etdi: “Azəri”, “Çıraq” və “Dərinsulu Günəşli” yataqları üzrə bağladığı müqavilə əməliyyat şirkəti fəaliyyətə başlayandan 33 ay sonra ilk nefti verdi. Nəhayət, 1999-cu ilin dekabrında Azərbaycan ilk partiya mənfəət neftini aldı və dekabrın 24-də Azərbaycan Prezidentinin Fərmanı ilə Dövlət Neft Fondu yaradıldı. Fond xarici şirkətlərlə birgə hasilat fəaliyyətindən Azərbaycan dövlətinin payına düşən mənfəəti toplamalı və idarəçiliyində olan vəsaitləri artırılmalı idi.

2022-ci il 1 sentyabr tarixinə Neft Fonduna təkcə “Azəri-Çıraq-Günəşli” layihəsindən 162 milyard 2 milyon dollar vəsait daxil olub. Dediklərimi yekinlaşdırsaq, AÇG müstəqilliyini yenicə qazanmış ölkənin iqtisadi baxımdan dirçəlməsini təmin etdi, Azərbaycanın bir gənc ölkə kimi nəhəng ölkələrlə əlaqələrinin yaranmasına və bəziləri ilə strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlməsini təmin etdi, ölkənin cəlbediciliyinin artması ona təkcə marağı artırmır, Azərbaycanda və regionda marağı olan ölkələrin təsirlərini də artırır. Bu baxımdan AÇG təkcə Azərbaycanın iqtisadi suverenliyinin onurğa sütunu rolunu deyil, həm də milli təhlükəsizliyimizin vacib elementi kimi ortaya çıxdı. Üç onillik işğalda olan ərazilərimizin azad edilməsi və onların bərpası kimi strateji məsələnin həllini isə xüsusilə vurğulamaq istərdim.

– Azərbaycanın AÇG-dən olan qazancı təkcə Neft Fonduna toplanan vəsaitlərdirmi?

– Yox. Azərbaycan AÇG layihəsindən bir neçə istiqamətdə gəlir əldə edir. Neft Fonduna daxilolmalar həmin gəlirin əsas hissəsidir, amma hamısı deyil. İkinci böyük gəliri hökumət götürür. Bu gəlir AÇG səhmdarlarının müqavilə şərtlərinə görə ödədikləri 25%-lik mənfəət vergisidir. Daha sonra AÇG müqaviləsində SOCAR 25%-lik payla iştirak edir, təbii ki, öz payına uyğun da mənfəət əldə edir.

Daha sonra Dövlət Sosial Müdafiə Fonduna AÇG layihəsi üzrə iştirakçıların, podratçıların və subpodratçıların ödədikləri köçürmələrdir. İndi bir göz önünə gətirin, 1995-ci ilin əvvəlindən – AÇG fəaliyyətə başlayandan vergi, təqaüd fonduna köçürmə, ağ mühasibatlıq deyilən şeylərin faktiki olmadığı bir ölkəyə “Əsrin müqaviləsi” maliyyə-hesabatlıq sistemində nə qədər yenilik gətirib və nə qədər vəsait büdcəyə cəlb edilib.

Bu da son deyil. Əsasən, son 15 ildə Azərbaycan şirkətlərinin, istər dövlət olsun, istərsə də özəl, aktiv surətdə AÇG-nin həyata keçirtdiyi layihələrdən hər il milyonlarla xidmət müqaviləsi çərçivəsində gəlirləri olmağa başladı. Özü də manatla deyil, dollarla.

– Amma nədənsə, belə məlumatların üzərindən hökumət sükutla keçir. Sizcə, hökumətin bunda marağı nədir? Nədən “Əsrin müqaviləsinin” ölkəmizə gətirdiyi gəlirlər bütün spektrləri ilə açıqlanmır?

– Təbii ki, bu suala dolğun cavabı yalnız hökumət özü verə bilər. Mənim müşahidə etdiyim odur ki, dövlət başçısının hökumətin qarşısında qoyduğu vəzifə qeyri-neft sektorunun inkişafı kimi strateji bir hədəfdir. Ona görə də hökumət bütün hesabatlarında qeyri-neft sektoru ilə bağlı məsələləri qabardır. Cəmiyyətə verilən mesaj isə budur ki, neft-qaz sektorunun hansı nöqtədən haraya gəldiyi məlumdur, indi onun gətirdiyi gəlirlərin qeyri-neft sahələrinin inkişafına necə xərclədiyimizə baxın.

Ümumən, burada pis bir şey yoxdur. Amma birinin rolunun artırılması digər sektorun iqtisadiyyatda tutduğu real mövqenin kölgədə qalması hesabına cəmiyyətə təqdim edilməsi də arzu olunan deyil.

Sizə sadəcə bir fakt açıqlayacam. Cari ilin 8 ayının nəticələrinə görə, Azərbaycanın ümumi ixracında neft-qaz sektorunun xüsusi çəkisi 92,82%-ə qədər artıb. Qayıdaq düz 10 il əvvələ, Dövlət Gömrük Komitəsinin 2012-ci ilin 8 ayının yekunlarına olan məlumata görə həmin göstərici 93,4% idi. Amma 10 il əvvəl Azərbaycan gündəlik olaraq 880 min barel neft və kondensat hasilatına malik idisə, Energetika nazirliyinin açıqlamasına görə, hazırda bu rəqəm 641 min bareldir. Yəni maye karbohidrogen hasilatında azalma tempi 27 faizdən çox olsa da, ölkənin ümumi ixracında neft-qaz sektorunun xüsusi çəkisi cəmi 0,62% azalıb.

– Niyə belədir?

– Çünki qaz hasilatımız artır. Neft azaldıqca onun yerini təbii qaz tutmağa başlayır. Son 5 ildə Azərbaycanda əmtəəlik qaz hasilatı 2 dəfəyə yaxın artıb və mavi yanacağa olan maraq onun qiymətini də artırdığından neft-qaz sektoru hökumətin əsasən də 2015-ci ildən başlayaraq qeyri-neft sektorunu “neft vəsaitləri” ilə geninə – boluna yaxşı mənada “sulamasına” baxmayaraq, yenə də öz mövqelərini qoruyub saxlaya bilir.

Bir sözlə, mən hər il təkrarladığım fikirlə söhbətimizi yekunlaşdırmaq istəyirəm: Azərbaycan neftçisi ona “Azneft” meydanında möhtəşəm heykəl ucaldılmasına layiq bir peşə sahibidir ki, onun fədakar əməyinin nəticəsi ilə kimdə məhəbbət hissi, kimdə qısqanclıq doğuran, kimdə isə qıcıq yaradan bir ölkə yaradılıb!
 
Ardını oxu...
Ərəstun Oruclu: "Həmin ölkələrlə kifayət qədər sərt danışılmalıdır. Əgər danışıqlar effekt vermirsə, səfirlik diaspor təşkilatlarını səfərbər etməli, belə hücumların qarşısını bu yolla almalıdır"

Azərbaycanın xarici ölkələrdəki diplomatik korpuslarına qarşı son günlər erməni radikalları tərəfindən hücumlar təşkil edilir. Ermənilər müxtəlif ölkələrdəki səfirliklərimizə yürüşlər təşkil edir, səfirlik binasına zorla soxulmağa cəhd göstərirlər. Məsələn, sentyabrın 18-də Azərbaycanın Fransadakı səfirliyinə ermənilər tərəfindən basqın edilib. Hadisəyə etiraz olaraq Fransanın Azərbaycandakı səfiri Zakari Qross Xarici İşlər Nazirliyinə çağırılıb və Fransadakı radikal erməni qruplarının törətdiyi cinayət səbəbilə XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib.

Bundan əvvəl isə Livandakı səfirliyimizin qarşısında iki dəfə ermənilər təxribat törədiblər. Sentyabrın 16-da və 18-də törədilən təxribat cəhdinin qarşısı bu ölkənin hüquq mühafizə orqanları tərəfindən alınıb.

Sentyabrın 18-də Gürcüstandakı diplomatik nümayəndəliyimiz qarşıdında da ermənilərin təxribat cəhdi olub. Bir qrup erməni qadın səfirliyimizə yürüş etmək istəyib, lakin gürcü polisi bunun qarşısını alıb.

Diplomatik korpuslarımıza erməni radikallarının hücum səbəbləri, bəzən buna polisin etinasız yanaşması (Fransa polisi ermənilərin bu hərəkətinə etinasız yanaşdı - A.B), Azərbaycanın təhlükəsizliyi gücləndirmək üçün hansı addımları atmalı olduğu ilə bağlı AYNA-nın suallarını "Şərq-Qərb" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu cavablandırıb. Analitik bildirib ki, erməni diaspor təşkilatlarının belə radikal tədbirlərə əl atmasında məqsədləri Azərbaycanı "təcavüzkar dövlət" kimi təqdim etmək cəhdləri ilə bağlıdır:

- Bu aksiyalar sinxron şəkildə həyata keçirilir və fərqli ölkələrdə buna cəhdlər olur. Azərbaycanın ətrafında müvafiq informasiya mühiti yaratmaq istəyirlər ki, dünyaya neqativ şəkildə təqdim etsinlər. Bu, kompleks tədbirdir və bunun tərkib hissələrindən biri səfirliklər qarşısında aksiyalardır, səfirlik binalarına hücumlardır. Bununla yanaşı, xarici ölkələrin media orqanlarında, sosial şəbəkələrdə də paralel təbliğat həyata keçirilir. Sərhəddəki son toqquşmalardan sonra Azərbaycanı dünyada "təcavüzkar ölkə" kimi tanıtmaq yönündə təbliğatları geniş vüsət alıb. Özlərini isə "əzabkeş xalq", "təcavüzə uğrayan Ermənistan dövləti" kimi təqdim etməyə cəhd göstərirlər. Yəni ki, bu aksiyaların məqsədi budur. Beynəlxalq səviyyədə bunun təbliğatını aparmaqla məşğuldurlar.

- Maraqlıdır ki, ermənilərin bülə radikal tədbirlərinə bəzən göz yumulur. Məsələn, Fransadakı Azərbaycan səfirliyinə erməni hücumu zamanı bu ölkənin hüquq-mühafizə orqanları maneə yaratmadılar. Ümumiyyətlə, diplomatik nümayəndəliklərin təhlükəsizliyi necə qorunmalıdır, buna kim təminat verməlidir?

- Diplomatik missiyaların fəaliyyəti 1961-ci ildə qəbul olunmuş Diplomatik xidmət haqqında Vyana Konvensiyası əsasında tənzimlənir. Təhlükəsizlik və mühafizə məsələlərinə dair əlavə konvensiyalar var ki, onlara uyğun şəkildə səfirliklərin və diplomatik missiyaların mühafizəsi, təhlükəsizliyi bu missiyanı qəbul edən ölkə tərəfindən təmin olunmalıdır. Yəni ki, söhbət burada konkret olaraq, Azərbaycandan getmir. Azərbaycanın səfirliklərinin təhlükəsizliyinə və normal fəaliyyət göstərməsinə diplomatik missiyanın həyata keçirildiyi ölkə cavabdehlik daşıyıq. Səfirliyin yerləşdiyi ölkənin polisi bu işi həyata keçirməlidirlər. Ehtiyac yaranarsa həmin ölkənin xüsusi xidmət orqanları təhlükəsizliyin təmininə qoşulmalıdır. Müstəsna hallarda səfirliklər mühafizə üçün özəl şirkətlərə müraciət edə bilərlər. Amma şirkətlər səfirliklərin mühafizəsinin gücləndirilməsini yerli polis və digər xüsusi xidmət orqanları əməkdaşları ilə birlikdə həyata keçirməlidirlər.

- Azərbaycanın diplomatik nümayəndəliklərinə edilən basqınların qasrşısının alınması üçün bir çox təkliflər səsləndirilir. Bəzi ekspertlər bildirirlər ki, bütün ölkələrdəki səfirliklərimizdə özümüz mühafizəni təşkil etməliyik, hətta silahlı qorumaya almalıyıq. Lazım olduqda silaha davranılmalıdır ki, diplomatlarımızın can güvənliyini təmin edək. Bu nə dərəcədə mümkün variantdır?

- Dövlətin özünün diplomatik korpuslarının təhlükəsizliyini qoruya bilər. Amma diplomatik qayda və normalara görə, bunu yalnız səfirliyin daxilində təhlükəsizliyi təmin edə bilər. Hər bir ölkənin səfirliyinin daxili o dövlətin ərazisi sayılır. Lakin burada da silahdan istifadə və ya silahlı mühafizənin təmin olunması olduqca çətin prosedurdur. Və yalnız müstəsna hallarda mümkündür. Hətta səfirliyin daxilində dövlətin özünə məxsus təhlükəsizlik strukturları olduqları ölkənin polisi və təhlükəsizlik qüvvələri ilə koordinasiyalı işləməlidir. Silahla təminat məsələsi isə yenə deyirəm, çox nadir və müstəsna hallarda mümkündür. Çünki bu barədə hansısa beynəlxalq anlaşma və norma yoxdur.
Düzdür, müəyyən hadisələr olub ki, həmin hadisələr zamanı səfirlikdə silahlı mühafizə təşkil edilib. Məsələn, PKK terror təşkilatının başçısı Abdullah Öcalan Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən həbs olunanda PKK tərəfdarları Avropada müxtəlif diplomatik nümayəndəliklərə hücumlar edirdilər. Türkiyənin BMT-dəki nümayəndəliyini tutmuşdular, digər ölkələrdəki səfirliklərinə hücumlar edirdilər. Xatırlayıram ki, belə hücumlardan biri də İsrailin Berlindəki səfirliyinə hücum təşkil edilmişdi. Amma İsrail səfirliyinin mühafizəçiləri silaha davranmış, bir neçə şəxsi öldürmüşdü. Xatırlamıram ki, atəşi açanlar kimlər idi. Çox güman ki, İsrailin özünün təhlükəsizlik xidmətinin əməkdaşları olmuşdu. O zaman da, Almaniyada ciddi skandal yaranmışdı. Nə qədər təəccüblü görünsə də, belə vandalizm aktlarına qarşı Konvensiyada adekvat tədbir nəzərdə tutulmayıb. Ona gör də silahdan istifadənin mümkünlüyü ciddi məsələdir, razılıq alınması çətindir.

- Azərbaycan diplomatlarının təhlükəsizliyini necə qoruçalıdır, bu istiqamətdə hansı addımları atmalıdır?

- Əslində səfirlik binasından kənarda diplomatlar son dərəcə müdafiəsizdir. Bu gün baş verənləri nəzərə alsaq, mənə elə gəlir ki, Azərbaycan hökuməti həmin ölkələrin rəsmiləri ilə danışıqlar aparmalıdır, onlardan səfirliyin təhlükəsizliyini tələb etməlidir. Bu, son dərəcə vacibdir. Məsələn, Londonda səfirliyə hücum edilirsə, Britaniya polisi passiv müşahidə edirsə, yaxud Parisdə davamlı şəkildə səfirliyə hücum edilirsə, Paris polisi buna müdaxilə edilmirsə, o dövlətlərdən buna görə hesabat istənilməlidir. Dediyim kimi, dövlətin öz diplomatlarını müdafiə imkanları son dərəcə məhduddur. Diplomatlar yalnız səfirliyin daxilində təhlükəsizliyi mümkündür, amma orada da odlu silahdan istifadə məhdud, hətta qeyri-mümkündür. Hesab edirəm ki, məsuliyyəti diplomatik missiyanı qəbul edən ölkələr daşımalıdır. Həmin ölkələrlə kifayət qədər sərt danışılmalıdır. Əgər danışıqlar effekt vermirsə, səfirlik diaspor təşkilatlarını səfərbər etməli, belə hücumların qarşısını bu yolla almalıdır. Bir diasporun başqa bir dövlətin səfirliyinə hücum etməsinə şərait yaradılırsa, o zaman səfirliyin öz diasporunu səfərbər etməkdən başqa yolu qalmır. Yəni ki, başqa yol yoxdursa, diasporaanın köməyi ilə hücumların qarşısı alınmalıdır.

Müəllif: Anar Bayramoğlu
 
 
 
Ardını oxu...
DİA.AZ əməkdar artist Cavanşir Məmmədovun “Yeni Sabah”a müsahibəsini təqdim edir:

- Cavanşir bəy, Türkiyə vətəndaşı İbili Mustafa Kəmal sizə qarşı iddialarla çıxış edib. Bu məsələ ilə bağlı nə doğrudur, nə yalandır, bir də sizdən eşidək. Bu adam kimdir?

- 8 aydır ki, bu məsələ ilə bağlı Bakı şəhər Baş Polis İdarəsində istintaq işi gedir. İstintaq yekunlaşdı, mən ona olmazın yaxşılığını, hörmətini etdim ki, tutulmasın. Həmin 130 min dolarda mənim də, başqa yoldaşların da pulu var. Şahidlər, bank çekləri var. Sübutların hamısı istintaq materialı kimi verilib, onun səs yazıları da istintaq materiallarında var. O adam 6 cür fərqli izahat verib. Birində deyir ki, mən qəsdən Cavanşir müəllimin evinin yanında ev tutdum ki, pulunu mənimsəyə bilim. Bunu ərizəsində özü deyir. Dediyi ittihamların biri də düz deyil.

- Bəs onunla tanışlığınız necə olub?

- Bu adam pandemiyadan qabaq gəldi, birlikdə Türkiyədən mal gətirdiyi adam var idi. Gəldi dedi ki, onun toyu olacaq, çox cüzi məbləğə gedib toyunda oxudum. Tanışlığımız da elə oradan başladı. Mən küçədə dayananda yaxınlaşıb demişdi ki, toyda gəlib oxuyarsanmı? Mən də dedim küçədə söhbət etməzlər, sənət adamıyam, qapım hamıya açıqdır, gəl qalxaq evə.

Danışdıq, toy “Xarıbülbül”ün bağçalı zalında idi. Toyda gedib cüzi məbləğə oxuduq. Tanışlığımız belə oldu. Sonra bildik ki, toyu olan həmin oğlana da 2700 manat pul “atıb”.

Sonra pandemiya başladı, həmin vaxt gəlib mənə dedi ki, Türkiyədə bacımın toyudur, gəlib oxuyarsanmı? Mən bildirdim ki, gəlib orda türk mahnıları oxumalıyam, Azərbaycan mahnılarını başa düşməyəcəklər, həm də oraya getsəm gərək kollektivimdən ən azı 5-6 nəfəri özümlə götürüm, onların bilet pulu var, qısası razılaşmadım. Sonra dedi ki, pandemiyadır nə işlə məşğul olursunuz, əlavə biznesiniz filan varmı? Dedim ki, xeyr, yoxdur.

Həmin vaxt o kirayədə qalırdı, mənim də “Tarqovıy”da “Mado” restoranı ilə üzbəüz 4 otaqlı evim var, dedim ki, get onun 1 otağında qal, pul da lazım deyil. Gedib orada qaldı, anamın ruhuna and olsun ki, bir manat da pul götürməmişəm. Sonra iddia etdi ki, mən orada qalmamışam. Şahidlərin izahatında da orada qaldığı təsdiq olunur.

Mən koronavirusa yoluxmuşdum və yoldaşımla xəstəxanada idim. Həmin vaxt o da koronavirusa yoluxdu, mənə zəng vurdu, onu öz həyat yoldaşımın yanındakı palataya yerləşdirdim, qara bazardan müalicəsi üçün 3500 manatlıq dərmanlar aldım. Onu yağın balın, qaymağın içərisində saxlayıb, ayağa qaldırdım.

- Bəs o adam Azərbaycanda nə işlə məşğul idi?

- Onun 3-cü sinfə qədər təhsili var, özü də dələduzdur. Biznesmen filan deyil, gətirib Sədərəkdə kiməsə mal verirdi....

Bir də bunun dükanda işləyən bir dostu olub. Onun da Türkiyədə fabriki olub. O da deyirdi ki, pandemiya dövründə bir səhifə işlədirdi. Dedi ki, fabrikdən mən istədiyim malları düzəldək və gətirək burada bir yerdə bu işlə məşğul olaq. Mənim də bir dənə yerdən bir manat gəlirim yoxdur, 10 baş ailədir. Onu dolandırmaq lazımdır.

- Necə oldu bəs pulları aldı sizdən?

- Dedim ki, o puldan sən də qazanacaqsan? Dedi, bəli. Özü də söylədi ki, qardaşımın da pulu buradadır və aybaay oraya pul göndərirəm.

- Pulları səhm adıyla aldı sizdən?

- Bəli, səhm adıyla aldı. Başa düşürsünüz, səhm adıyla aldı və dedi ki, ayda 700 manat pul verəcəyəm sizə. Mən də dedim ki, pandemiyadır, bir manat gəlirim yox, nə ilə dolanım mən?! Maşını da satmağa qoymuşdum. O vaxtı satılmırdı, elə indi də satılmayıb.

Nə isə. Ona 10 min dollar verdim. Gətirdi bu 2 ay ərzində pulunu vaxtında verdi. Bunu ki, orada ölümdən qurtarmışam deyə, artıq mən buna inanıram, bel bağlayıram, “baba-baba” deyib qucaqlayır məni, başıma fırlanır. Evlərinə də zəng edib deyib ki, baba məni pandemiyadan qurtardı və s. Üstündən 2-3 ay keçdi. Mənə dedi ki, 30 min ver, ayda sənə daha artıq verim, qazancım çox olsun ki, artıq da verim. Mənim öz pulumu mənə verirmiş, sən demə. Başına gələn başmaqçı olar, bilməmişəm. Mənim də vur-tut evdə 100 min dollar pulum var. Maşını satmışam, bir də ki, mən 50 ildir “Kufədə qazilik edirəm”, 69 yaşım var. O pul mənə lazımdır axı, qara günüm-ağ günüm var.

50 ildə o pul nədir ki? Qazandıqlarımla uşaqları yerbəyer etmişəm. İndi də tək adamam.

- Və sonradan səhm adıyla yenə də pul verdiniz?

- Verdim, gətirib vaxtında da verirdi. Deyirdi, baba, pulu niyə saxlayırsan evdə? Varındırsa, ver, qoy, sənə ayda 10 min manat verim. Dedim, nəyə verərsən? Dedi ki, 100 min dollar versən, ayda 10 min manat verərəm. Əslində, 100 min dollara 10 min dollar verilməlidir belə baxanda. Çünki dollar verəndə dollarla da qaytarmalıdır. 10 min manatın da 6 min dollar edir.

Mən də düşündüm ki, 10 baş ailəni dolandırmaq var. Nə isə 100 min dolları evimdə verdim. Özü də nəvələrimin, yoldaşımın, qızımın yanında. Dedim ki, yazın səsini, yazdılar da. İstintaq işində var, onun icazəsi ilə yazılıb, xəlvəti yox.

Nəvəm həmin səs yazısında deyir ki, babam sənə 100 min dollar verdi? Deyir, hə, aldım.

- Amma şikayət ərizəsində yazıb ki, 20 min manat qaytarmışam...

- Yox, 20 min qaytarmayıb, Baş Polis İdarəsində bir gün yatdı, səhəri gəldi 10 min dolları verdi ki, azadlıqda gəzsin. Mənə yalvar-yapış etdi, ağlayırdı, əllərimdən öpürdü ki, qoyma, məni tutsunlar, mən işləyim burada, verim pulu. İndi getdi girdi həmin restorana, 8 ay orada işlədi, orada 15 min “atdı”.

- Restoranın adı nə idi?

- “032” nömrəli restoran.

- Siz ona ümumilikdə 100 min dollar verdiyinizi dediniz. Amma orada daha böyük məbləğdən söhbət gedir...

- Ümumilikdə ona 140 min dollar verilib. Başqa adamlardan da alıb.

- Sizin vasitənizlə?

- Bəli, elə mənim ətrafımda olan adamlara, hətta qonşualra da deyib ki, pulunuzu verin, Cavanşir bəyin pulu məndədir. Onlar da pandemiya dövründə işləmirlər. Sonra Türkiyəyə gedib telefonunu da bağladı.

- Pulları götürdü getdi?

- Yox, pulları hesabına köçürdü və getdi. Bildirdi ki, kartımda problem var, getdi Türkiyəyə. Həmin ərəfədə biz də Türkiyəyə getməliydik. Bizim biletlərimiz təbii ki, ayrı alındı, hətta biz ona kömək göstərirdik. Həmin ərəfə dedi mən də gedim sizinlə Türkiyəyə, kartımda problem yaranıb, burada pul çıxarmaq olmur və s. Hansı ki, bunların hamısı yalan şayiə idi. Orada da şantajlar, təhdidlər, bıçaq çəkmələr və s. Yəni kiməsə nəsə desəniz, sizi öldürəcəyəm və s. Onda yoldaşımla qızımı hədələyib. Gördüm, yoldaşım mənimlə qorxa-qorxa danışır. O dedi ki, mən Bakıya qayıtmayacağam.

- Deməli, getdi Türkiyəyə qayıtmadı.

- Hə, mən də yığıram, telefonu söndürülüb. Yoldaşıma deyirəm ki, bu niyə telefonu söndürüb? Deyir, o getdi o öz yerlərinə. Həmçinin, orada yoldaşımla qızımın üzərində nə qədər pul var idisə, bütün pullarını alıb ki, verin mənə, kartıma qoyum, çıxarıb sizə gətirəcəyəm. Hətta iddiada onu əlavə etməmişik.

- Bəs nə vaxt ayıldınız ki, bu, bizi aldadır?

- Telefonu söndürəndə. Telefona zəng edirəm, götürdü, dedim, Mustafa, bir gün qalıbdır, pulu göndərəcəksən? Dedi, göndərəcəyəm, narahat olma. Yoldaşım da mənə dedi ki, o, Qaziantepə gedib. Gördüm, o da mənimlə birtəhər danışır. Ayın 31-i oldu, 1-i oldu, 2-si oldu. Dedim, indi ola bilər də nə isə. Axırda yığdım onu, dedim, Mustafa, ayıbdır axı, mən durum buradan oraya gəlim? Yəni mənim qızımla yoldaşımı elə vəziyyətə qoymuşdu ki, buradan onlara pul göndərdik ki, onlar Bakıya dönsünlər. Yemək pulları belə yox idi, onların otelinə buradan yemək sifariş edirdi nəvəm. Sonda köməklik etdim, onlar qayıtdılar Bakıya. Həmin ərəfədə də bildim ki, qayıtmaq fikri yoxdur. Mənimlə danışdı, dedi ki, pulu verəcəyəm, narahat olmayın, problemlərim var və s. Həmçinin, onun kiçik yaşda övladı da var, onu da atıb gedib, öz həyat yoldaşını da şərləyib. Övladı da qalıb onun anasının yanında.

Hətta dedim ki, uşağı da gətir, qoy, qalsın sənin yanında. Oyuncaqlar göndərdik uşağına, yazığım gəldi. Biz ona etibar etmişdik axı.

- Bildiniz ki, sizi aldadır nə etdiniz?

- Axırıncı dəfə zəng etdikdə Mustafa deyən kimi telefonu söndürdü. Hər birimizin nömrəsini qara siyahıya əlavə etdi.

Bir neçə saat sonra nəvəm zəng etdi ki, heç olmasa yarısını gətir, evdə vəziyyət yaxşı deyil. Polisə müraciət edəcəyimizi bildirdik.

Polisə şikayət edəcəyimi bildirdikdə, polisi saymadığını və heç kimi tanımadığını dedi. Əlavə etdi ki, “qardaşımı da bıçaqlamışam, heç burda da polis mənə bir şey demir”.

Baş Polis İdarəsinə gəldik və şikayət ərizəsi yazdıq. Bizə bildirdilər ki, şübhəli şəxsi xaricdən bura gətirə bilmərik. Konstitusiyada belə bir qanun olmadığını qeyd etdilər. Azərbaycana gəldiyi zaman istintaqa cəlb olunacağını söylədilər.

O “Jasmin Park”da bizdən götürdüyü pul ilə ev almışdı. Türkiyəyə qaçdıqda maklerlə evin satışı barədə razılığa gəlib. Maklerə etibarnamə verərək evi satmasını və pulu ona göndərməsini xahiş edib. Hadisədən xəbər tutduğumuz zaman mənzillərə nəzarət edən səlahiyyətli şəxs ilə görüşdük. Mənzilin sahibi gəldikdə bizə xəbər etməsini bildirdik.

Satışa çıxarılan mənzilə alıcı çıxdıqda sahibkarın şəxsən burada olmasının vacib olduğu vurğulanıb. Azərbaycana gəldiyi zaman isə axtarışda olduğu üçün aeroportda saxlanıldı və həbs olundu. İki dəfə gəmi ilə qaçmağa cəhd edib.

Onun mənim kürəkənim olması ilə bağlı iddiaları yanlışdır və əsassızdır. Dünən hazırlıq məhkəməsi keçirildi. Sentyabrın 29-u yenidən məhkəmə keçiriləcək. Haqqında Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Törətdiyi əmələ görə onu 10 ilə qədər azadlıqdan məhrum etmə gözləyir. Götürdüyü məbləği ödəmədiyi təqdirdə yenidən azadlıqdan məhrum olunacaq.

Dünyapress TV

Xəbər lenti