“Ukrayna azad və suveren dövlətdir, belə də qalacaq”
“Bu, 24 fevral 2022-ci ildə yox, çox əvvəl – 1994-cü ildən 1996-cı ilə, daha sonra isə 1999-cu ildən 2006-cı ilə qədər Çeçenistanda, 2008-ci ildə Gürcüstanda, 2014-cü ildə Krımda və Donbasda, 2015-ci ildə Suriyada, 2020-ci ildə konstitusiya dəyişdiriləndə, 2021-ci ildə “ağıllı səsvermə”də, Putinin “xüsusi hərbi əməliyyatdakı” müttəfiqlərini dəstəkləyəndə baş verdi. 2024-cü ilin 22 fevralında isə fəlakət oldu...”
“AzPolitika.info” xəbər verir ki, bunu Rusiyanın ən qocaman, tanınmış siyasətçilərindən və iqtisadçılarından biri, “Yabloko” partiyasının yaradıcısı Qriqori Yavlinski Ukraynada başlanan işğalçılıq müharibəsinin ildönümünə həsr etdiyi müraciətində bildirib.
Yavlinski Putinin Federal Məclis qarşısındakı son çıxışından məyusluğunu dilə gətirib və bunu nəzərdə tutaraq, Rusiyanı ağır günlər gözlədiyini bildirib. Vəziyyətdən çıxış yolunun isə yalnız müharibənin dərhal dayandırılması olduğunu qeyd edib: “Rusiyanın “xüsusi hərbi əməliyyatının” başlanmasından bir il sonra Federal Məclisə müraciətdən belə aydın oldu ki, baş verənlərin sonu görünmür – ölkənin maddi və insani resursları məlum olmayan və adı çəkilməyən hədəflərə nail olmaq üçün atılacaq. Başa salınır ki, bu günün reallıqları Rusiyanın yeni həyat tərzidir.
“Xüsusi əməliyyat”ın ölkənin siyasi rejiminin bünövrəsinə çevrildiyi bu situasiyada biz başa düşməli və yadda saxlamalıyıq:
1. İnsan həyatından qiymətli heç nə yoxdur.
2. 21-ci əsrdə ən başlıcası azadlıq, insan ləyaqəti və yaradıcılıqdır. Bütün digər şeylər ikinci dərəcəlidir.
3. Ukrayna azad və suveren dövlətdir, belə də qalacaq.
4. Atəşkəs razılığı əldə olunmalıdır. Bu, insanların həyatını saxlamaq üçün birinci addımdır, yalnız bundan sonra nədənsə danışmaq olar.
5. Əgər indi dayanmasaq, aylar sonra qurbanların sayı daha çox olacaq və heç kim heç bir əhəmiyyətli nəticə qazanmayacaq”.
Yavlinski bildirib ki, ilk növbədə atəşin dayandırılması sülhə aparan yeganə yoldur və ən ağır vəziyyətdə də sülhə nail olunmasına ümid etmək lazımdır. Məşhur sosioloq Ziqmund Baumandan sitat gətirən Yavlinski deyib: “Ümid insanı təşkil edən yeganə ölməz dəyərdir. Onu heç nə öldürə bilməz. Çünki o, indiki dünyaya yox, gələcəyə aiddir. İnsanda yaxşılıq etmək üçün lazım olan hər şey var... Ümid xatirinə yaşamağa dəyər”.