Təyyarə biletlərinin qiymətindən şikayət, “erməni dəyirmanına su tökənlər”, zəlzələnin fəsadları... - Milli Məclisdə təkliflər səsləndirildi
Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib. Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 31 məsələ daxil edilib. İclas fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələdə həlak olanların xatirəsini 1 dəqiqəlik sükutla yad etməklə başlayıb.
Sədr S.Qafarova çıxışında bildirib ki, Azərbaycan xalqı Türkiyədə baş verən dəhşətli zəlzələni öz faciəsi kimi qəbul edir: “Dövlətimiz və xalqımız fəlakətin nəticələrinin aradan qaldırılmasına kömək göstərmək üçün bütün imkanlarını səfərbər edib”.
“Biz bu günlərdə qardaş xalqlar arasında qardaşlıq münasibətlərinin yeni numunələrini müşahidə etdik. Həm dövlətlərarası, həm dövlət başçıları, həm də sadə insanlar səviyyəsində özünü göstərən doğmalıq və könül birliyi Azərbaycan və Türkiyənin “Bir millət, iki dövlət” olması həqiqətini bir daha sübut etdi”, - deyə Qafarova vurğulayıb.
Spiker qeyd edib ki, qüdrətli dövlət olan Türkiyə zəlzələ fəlakətinin nəticələrini aradan qaldıracaq, yaralar tezliklə sağalacaq və bu sınaqdan da şərəflə çıxacaq.
“Bu gün biletlərin yüksək olması səbəbindən tələbələrin ölkəyə qayıtmasında çətinliklər yaşanır”
Deputat Ceyhun Məmmədov zəlzələyə görə Türkiyədə oxuyan azərbaycanlı tələbələrin ölkəmizə təcili qayıdışından danışıb və deyib ki, onların yenidən qardaş ölkəyə dönüşü üçün təyyarə biletlərinə müəyyən güzəştlər edilməlidir.
“Bu gün biletlərin yüksək olması səbəbindən tələbələrin ölkəyə qayıtmasında çətinliklər yaşanır. Buna görə də tələbələrin çoxu qış tətilini Azərbaycanda deyil, təhsil aldıqları ölkədə keçirməli olurlar. Bu baxımdan, tələbələrə güzəşt olunması lazımdır”, - millət vəkili qeyd edib.
Deputat eyni zamanda, bildirib ki, zəlzələ səbəbindən türkiyədə təhsil distant formaya keçib: “Ölkəmizə qayıdan tələbələrin istifadə etdikləri dərs vəsaitləri orada qalıb. Biletlərin baha olması ucbatından onlar vəsaitlərini gedib götürə bilmirlər. Bütün bu məsələlər nəzərə alınmalıdır. Dünyada belə təcrübə çoxdur. Elə qardaş ölkə Türkiyədə də bu təcrübə uğurla tətbiq olunur. Hesab edirəm ki, aidiyyati dövlət qurumları araşdırma aparmalı, məsələ ilə bağlı təkliflər verməlidirlər”.
Deputatdan sərt sözlər: “Bu, qardaş dövlətin özünün daxili işidir”
“Türkiyədə baş verən zəlzələ hamımızı dərindən sarsıtdı. Azərbaycan hər zaman olduğu kimi, indi də ilk dəqiqələrdən qardaş Türkiyənin yanında oldu və öz dəstəyini, həmrəyliyini nümayiş etdirdi. İlham Əliyevin Türkiyə səfirliyinə başsağlığı ziyarəti zamanı dediyi kimi: Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır”. Bu sözləri isə deputat Bəhruz Məhərrəmov səsləndirib.
Millət vəkili bildirib ki, bu gün Prezidentin və Birinci vitse-prezidentin rəhbərliyi, şəxsi nəzarəti altında dövlət strukturları, xüsusən, Heydər Əliyev Fondu, o cümlədən imkanı daxilində xalqımızın hər bir fərdi qardaş Türkiyənin acısını əməli olaraq bölüşür, əhəmiyyətli yardımlarını davam etdirir.
“Türkiyədə zəlzələ fəlakəti siyasi proseslərin ən qaynar zamanında baş verdi. Biz görürük ki, Qərb informasiya maşını da bu fəlakətə ciddi fürsət kimi baxmağa başlayıb. Türkiyənin mövcud iqtidarına qarşı ciddi kampaniya aparılmaqdadır. Xüsusilə də sosial mediada vəziyyət xoşagəlməz hal alıb. Əlbəttə Türkiyədə partiyalararası rəqabət, siyasi mübarizə, seçkilər - bu, qardaş dövlətin özünün daxili işidir. Mövcud siyasi iqtidarı hakimiyyətdə saxlayıb saxlamamaq yalnız Türkiyə xalqının suveren hüququdur. Məni narahat edən başqa məsələdir. Təəccüblüdür ki, bu gün Azərbaycanda bəzi siyasi qüvvələr və bəzi vətəndaşlar özünü Türkiyədə siyasi prosesin tərkib hissəsi, hərəkətverici qüvvəsi kimi aparmağa, sanki Türkiyədə siyasi proseslərdə iştirak hüququ varmış kimi davranmağa başlayıb. Düşünürəm ki, bu, yolverilməzdir", deputat əlavə edib.
“İstənilən Türkiyə iqtidarı yalnız Azərbaycana münasibəti ilə dəyərləndirilməlidir”
B.Məhərrəmov xatırladıb ki, Türkiyənin gücünü qoruması və daha da güclənməsi bizim arzumuzdur: “Amma Türkiyədə hansı iqtidar necə fəaliyyət göstərir bunun qiymətini Türkiyə xalqı, cəmiyyəti verməlidir. Azərbaycan vətəndaşı üçün istənilən Türkiyə iqtidarı yalnız Azərbaycana münasibəti ilə dəyərləndirilməlidir. Unutmaq olmaz ki, hörmətli Rəcəb Tayyib Ərdoğan ən çətin dönəmlərdə bizimlə olub, Azərbaycanla olub. Vətən müharibəsində siyasi-diplomatik mübarizədə cənab İlham Əliyevlə çiyin-çiyinə savaşıb. Məsələn, terror dövləti İranın Arazboyu təlimlərinə cavab olaraq Türkiyə çəkinmədən bizimlə həmin ərazilərdə böyük bir təlim keçirdi. Bu mənada Azərbaycan vətəndaşı danışanda Qərb informasiya maşınının ifrazına, yaxud Azərbaycan daxilində Sorosun muzdlularına yox, milli maraqlarımıza istinad etməlidirlər”.
Deputatdan təklif: “Şəhərcik salınsın, Heydərabad adlandırılsın”
Deputat Azər Badamov Azərbaycanda dəniz kənarında gənclər şəhərciyinin inşa olunmasını, adının Heydərabad adlandırılması təklif edib: “O vaxt Yaşmada, dəniz kənarında gənclər şəhərciyinin tikilməsi gündəmə gəlmişdi. Lakin sonradan məsələ təxirə salındı. Hesab edirəm ki, şəhərciyin inşa edilməsi məsələsi yenidən gündəmə gətirilməlidir".
“Türkiyədə baş verən zəlzələ gələcək planların qurulması məsələsinə yenidən baxılması üçün zəmindir. Nəzərə almaq lazımdır ki, təbii fəlakətlərdən heç bir ölkə sığortalanmayıb. Bu gün Bakı çox yüklənib, insanlar tıxac problemindən əziyyət çəkirlər. Şəhərin mərkəzində çoxmərtəbəli binaların sayının artması da problemi bir az da artırır. Binaların bir-birinə çox sıx şəkildə inşasının təhlükəsizlik baxımından da heç bir normalara uyğun gəlmir. Allah eləməsin, əgər hər hansı fövqəladə hal baş versə, yarana biləcək vəziyyəti təsəvvür etmək çətin deyil”, Badamov vurğulayıb.
“Bu, Bakının yükünü azaldar və bir sıra problemlərin həllinə kömək edər”
Millət vəkili daha sonra bildirib ki, Yaşmada inşa olunmalı şəhərciyə paytaxt statusunun verilməsi də mümkündür. Onun sözlərinə görə, Bakıdakı müəyyən dövlət idarələri və universitetlərini oraya köçürmək olar: “Təbii ki, bu, Bakının yükünü azaldar və bir sıra problemlərin həllinə kömək edər. Nəzərə almaq lazımdır ki, bu il “Heydər Əliyev İli”dir. Bu səbəbdən də, yeni şəhərciyin tikintisinə bu ildən başlamağı, oranı Heydərabad adlandırmağı təklif edirəm”.
“Biz bu gün Ermənistanın Rusiyaya xəyanətinin şahidiyik”
Deputat Siyavuş Novruzov çıxışında Ermənistanın xəyanətkarlığından danışıb və bildirib ki, bu dövlət istənilən vaxt dost dediyi dövləti sata bilər: “Məlumdur ki, Rusiya hər zaman Ermənistanı himayə edib. Amma biz bu gün Ermənistanın Rusiyaya xəyanətinin şahidiyik. Ermənilər harada işıq ucu görürlər dərhal dostunu satırlar, işıq ucu gələn yerdə dost axtarırlar. Tək dövlət yox, xalq olaraq bunların xisləti belədir. Amma bu gün xaricdə fəaliyyət göstərən, özünü azərbaycanlı hesab edənlər erməni dəyirmanına su tökməklə məşğuldurlar. Onların heç birinə azərbaycanlı deyə bilmərik”.
“Onlar cəzalandırılmalıdırlar”
“Artıq 2 ay yarımdır ki, Laçın-Xankəndi yolunda azərbaycanlı ekofəallar haqlı aksiya keçirirlər. İndi xaricdə oturan, özünü azərbaycanlı sayanlar aksiya keçirən gənclərə ləkə yaxırlar. Bu, biabırçılıqdır”, - deputat qeyd edib.
Novruzov hesab edir ki, xaricdə olan belə şəxslər hüquq-mühafizə orqanları tərəfindən aşkarlanmalıdır: “Hər kəs bilməlidir ki, Azərbaycan əleyhinə təbliğat aparanlar Azərbaycan dövlətinə xəyanət etmiş sayılır və buna görə cəzalandırılacaqlar. Onlar cəzalandırılmalıdırlar. İndiyə qədər biz eşitməmişik ki, onlar xaricdə Ermənistan səfirliyinin qarşısında aksiya keçirisinlər, Azərbaycanın haqlı səsini çatdırsınlar. . Nə vaxt ki, Azərbaycanın əleyhinə iş olur, dərhal aktivləşirlər”.
Deputatlar cari problemlərlə bağlı fikirlərini səsləndirdikdən sonra gündəlikdəki məsələlərin müzakirəsinə keçilib.
Müəllif: Anar Bayramoğlu
ayna.az