Böyük dövlətlərin QARŞIDURMASI:
Elə bir dönəmə gəlib çıxmışıq ki, artıq bütün intriqalar, keçmiş söhbətlər, davalar yeni formada üzə çıxır.

“Yeni dünya düzəni”, “Dünyanın yenidən şəkilləndirilməsi” deyiləndə çoxları bunun sakit yolla həll olduğunu düşünürdü. Faktiki olaraq tarixə nəzər salanda görürük ki, bütün şəkillənmələr müharibələrlə, kataklizmlərlə, böyük insan itikləri ilə baş verib. Yəni yeni düzən də böyük müharibələr hesabına başa gələcək.

Hər forması ilə süni olduğu açıq görünən Ukrayna-Rusiya müharibəsi sadəcə olaraq tərəfləri müəyyən edir. Bu müharibənin də son olduğunu düşünmürəm. Əslində izlədiyimiz bu müharibə sonun başlanğıcı da ola bilər.

Bəzən deyirlər, Ermənistanla Azərbaycan arasında sülh məsələsi gündəmdə olduğu bir məqamda müharibə ritorikası niyə yenidən gündəmə gəlir. Bunun çox sadə cavabı var. Beynəlxalq aləmdə baş verənlər təbii ki, regional münaqişələrə təsir edəcək və edir də. Bir zamanlar dünyanın hansısa bir nöqtəsində az qalsın “zırpaket” partlayanda belə İŞİD öz üzərinə götürürdü. İndi vəziyyət elə bir həddə gəlib ki, Allahın yadından çıxmış bir yerdə belə konflikt yaransa, ABŞ və tərəfdarları, Rusiya və yanında olan dövlətlər dərhal özlərini orada bitirlər. Yaxın 10-15 il ərzində (tez də ola bilər) dünyanın siyasi xəritəsi dəyişsə, buna təəccüblənmək olmaz.

Vətən müharibəsi bitəndən sonra münaqişənin qalıqlarını tez bir zamanda aradan qaldırmaq lazımdır deyəndə, çoxları səbirdən, təmkindən danışırdı. Amma məsələ orasındadır ki, Azərbaycanın təmkini erməni tərəfinin vaxt qazanması anlamına gəlirdi. Açıqlamalarına görə, dünənə qədər Ermənistanda “türk”, “satqın” damğası vurulan Paşinyan bu gün daha ürəkli və cəsarətli davranır. Qazandıqları vaxt indi qarşı tərəfin həm Rusiyadan kənar ölkələrdən silah əldə etmələrinə, həm də siyasi dəstək almalarına gətirib çıxarıb. Artıq sərhədə artilleriya qurğuları, hərbçi cəmləşdirə bilirlər. Əslində, ağır məğlubiyyətə düçar olan ordunun 2 ildə toparlanması mümkün deyil. Təbii ki, məsələ qarşı tərəfin hərbi gücündən qaynaqlanmır. Onlar arxalarındakı gücdən silah ala bilirlər.

Regiondakı problem təkcə Ermənistanla bitmir. İranın canfəşanlığını nəzərdən qaçırmaq olmaz. İranın xüsusilə Araz çayını necə keçmələri ilə bağlı təlimlər keçirməsi birbaşa Azərbaycana təhdid mesajıdır. İrana nə qədər lağ etsək də, nə qədər aşağılasaq da, bu ölkənin hərbi gücü ilə böyük dövlətlər hesablaşır. Bunu Suriyada faktiki olaraq gördük. İranın son hərbi təlimləri təkcə Azərbaycana hesablana bilməz. İran Azərbaycana dəstək verən, Azərbaycanın maraqları ilə maraqları üst-üstə düşən güclərə mesaj verir ki, Azərbaycan hədəfimdir. Dolayısı ilə regionumuz böyük güclərin poliqonuna çevrilib, ancaq Ukraynadakı kimi bir-birilərinə raket yox, mesaj atırlar. Azərbaycan kimi ölkələr bir yandan maraqlarını təmin etməyə çalışmalı, digər yandan isə özünü qorumalıdır.

İran Azərbaycana hərbi müdaxilə edə bilərmi? Rusiyanın da Ukraynaya hərbi müdaxiləsini məntiqsiz adlandıranlar vardı, ancaq baş verdi. Yəni hücum edər, etməz, bunun üzərində baş sındırmağa dəyməz. Biz “edərin” üzərində baş sındıraq. Əgər belə bir hal yaşanarsa, nə olar? Azərbaycanla Türkiyə arasında məlum Şuşa bəyannaməsi var. Hələ bu harasıdır… Rusiya ilə Azərbaycan arasında da buna bənzər Moskva sazişi var. İranın varlığı üçün qarant ölkələrdən biri də elə Böyük Britaniya ilə birgə məhz Rusiyadır. Həmin Böyük Britaniya Azərbaycanın əsas siyasi dəstəkçilərindəndir. Əlavə məsələlər sadalamağa dəyməz, İran Azərbaycana hərbi müdaxilə edərsə, region sözün əsl mənasında cəhənnəmə çevrilə bilər.

Ermənistanla Azərbaycan arasında qısa zamanda sülh sazişi olmasa, təbii ki, müharibə ehtimalı olacaq. Budəfəki müharibədə isə tərəflər təkbətək döyüşməyəcək, daha dəqiqi bunun baş verməsinə imkan verməyəcəklər. Ona görə də Azərbaycan tərəfi hər şeyə hazırlıqlı olmalıdır. Erməni tərəfinin müharibə ritorikası hesab edirəm ki, reallıqdır. Sülh olmayan yerdə müharibənin olması qanunauyğunluqdur.

Erməni tərəfinin müharibə ritorikası ilə danışıb, hazırlıq mərhələsinə keçməsi, təkrar edirəm, hərbi gücün verdiyi cəsarət deyil. Əgər yeni müharibə dalğası baş verərsə, proses birinci müharibədən də qəliz olacaq. Gürcüstan dünyada baş verən proseslərdə özünü kənarda saxlasa da, bu dəfə regionda baş verə biləcək kataklizmlər onlardan da yan keçməyəcək.

Bu dəfə baş verəcək proseslər atəşkəslərlə dayanacaq cinsdən olmayacaq.

Səxavət Məmməd

www.yenicag.az
 

Dünyapress TV

Xəbər lenti