İranın gələcəyi varsa…
İran yenə Azərbaycanla sərhəddə hərbi təlimlərə başlayıb. Özü də, SEPAH rəsmilərinin sözü ilə desək, “əvvəlkilərdən tam fərqli” bir təlimə. Mahiyyətcə tamamilə təhdid məqsədli, təhlükəli bir təlimə…

Məlumdur ki, molla rejiminin xarici siyasəti iki diplomatik metod üzərində qurulub: İnandırma və məcburetmə.

Rejim öz ideologiyasının təsir gücündən istifadə edərək, əhalisinin əksəriyyəti şiə olan ölkələrlə arasında ixtilaf yarananda dərhal inandırma metoduna əl atır. Qarşı tərəfdəki sosial bazasından və ideoloji üsullardan təzyiq vasitəsi kimi istifadə edir və qarşı tərəfi öz haqlılığına inandırmağa çalışır.

Rejim ideoloji üsullarla “bata bilmədiyi”, inandıra bilmədiyi ölkələrlə isə diktə dili ilə danışır. Burada İrana ideologiyası yox, ordusu kömək edir. Yəni, dini yox, hərbi məntiq işə düşür.

Hazırda İran Azərbaycana qarşı məhz məcburetmə metodunu işə salıb. Hərbi təlimlər bunun əyani nümunəsidir. Üstəlik, rəsmi Tehran bunu heç gizlətmir:

“Sionist rejimin bölgədə olması ciddi təhlükədir. Region dövlətlərinin silahlı qüvvələri ilə hər hansı yaxın əməkdaşlıq olarsa, bu, region diplomatiyası və təhlükəsizliyi üçün yeni çağırışlar yarada bilər. Buna əhəmiyyətsiz yanaşmaq olmaz”.

Bu sözləri SEPAH-ın quru qoşunlarının koordinasiya mərkəzinin müdir müavini Əliəkbər Purcəmşidian deyib. Onun sözlərdən belə qənaətə gəlmək olar ki, bu təlim Azərbaycan-İsrail hərbi əməkdaşlığına reaksiya mahiyyəti daşıyır. Çünki regionda İranın “sionist rejim” adlandırdığı İsraillə ən sıx əməkdaşlıq edən dövlət məhz Azərbaycandır.

“Builki hərbi təlimlərimiz ötən ilkilərdən fərqlənir. Azərbaycan və Ermənistan İran üçün təhlükə deyil, amma orada bəzi baş verənlər təhdid sayılır. Bölgənin sərhədləri dəyişilməməlidir. İranın iqtisadiyyatı həmin dəhliz vasitəsilə ayaqdadır və biz təhdidlərə laqeyd yanaşa bilmərik”, – deyə Əliəkbər Purcəmşidian əlavə edib. Yəni SEPAH rəsmisi həm də sözügedən təlimin birbaşa Bakıya, onun Zəngəzur dəhlizi planlarına qarşı yönəldiyinə işarə edib.

Ən maraqlısı isə odur ki, İran qoşunları bu təlimdə müxtəlif döyüş əməliyyatlarından savayı, hücum zamanı Araz çayı üzərində səyyar körpü salınmasını məşq edəcək. Yəni, mollalar “bir gecə ansızın gələ bilərik” deyir.

Bəs niyə?

Bu suala vermək üçün son bir ayda baş verən hadisələri düzgün oxumaq kifayət edər.

Sentyabrın 22-sində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri Azərbaycanı açıq-aşkar təhdid etdi. Hərbi paradda çıxış edən Baqiri İran-Ermənistan sərhədinin dəyişəcəyindən narahatlıq duyduğunu bildirdi. Və “sərhəd dəyişikliyi olarsa, səssiz oturmayacaqlarını” vurğuladı.

Buna isə Bakıdan daha sərt şəkildə Azərbaycanın müttəfiqləri cavab verdi.

Oktyabrın 3-də İsrailin, 4-də Türkiyənin Müdafiə nazirləri hərbi kontingentlə birlikdə Azərbaycana səfər etdi. İsrailin müdafiə naziri Qants ilk dəfə Dövlət Sərhəd Xidmətinin rəisi general polkovnik Elçin Quliyevlə görüşdü. Eyni günlərdə İrana düşmən olan daha bir ölkənin, Səudiyyə Ərəbistanının xarici işlər naziri Bakıda idi. Yəni Səudiyyə Ərəbistanı pulu, İsrail texnologiyası, Türkiyə isə ordusu ilə Azərbaycanın yanında olduğunu Arazın o tayındakı rejimə bəyan etdi.

İran bütün bunlara səssiz qala bilməzdi və qalmadı da. Oktyabrın 4-ü axşam saatlarında general mayor Baqiri müdafiə naziri Zakir Həsənova zəng edərək, riyakar bir təkliflə çıxış etdi. İran sərhəddə Azərbaycanla birgə hərbi təlimlər keçirmək istəyirdi. Buradakı məqsəd Azərbaycanın müttəfiqləri ilə arasını vurmaq və ya onun həqiqətən də anti-İran koalisiyasına qoşulub-qoşulmadığını müəyyənləşdirmək idi. Ona görə də Zakir Həsənov bu təklifə prinspial razılıq verdi. Yəni qeyri-diplomatik dildə desək, “baxarıq” dedi.

Bütün bu hadisələri birləşdirəndə bu gün rəsmi Tehranın Azərbaycanla sərhəddə güc nümayişinə bənzəyən hərbi təlimlərinin məqsədini anlamaq mümkündür. İran Azərbaycanı qorxudub İsrail və Türkiyənin öz sərhədində daha da güclənməməsinə çalışır. Ən əsası, Zəngəzur dəhlizinə mane olaraq, Turan iqtisadi birliyinin qurulmasını mümkün qədər ləngitmək istəyir.

Molla rejimi “bunun üçün lazım olsa, Arazı da keçərik” desə də bu qüdrətə sahib olmadığının fərqindədir. Əlindən gələn yeganə şey hərbə-zorba gəlməkdir. Qoy gəlsin, gələcəyi varsa, görəcəyi də var…
Nicat İsmayılov
pressklub
 

Dünyapress TV

Xəbər lenti