Uduzulmuş “Rus dünyası” konsepsiyası (ŞƏRH)
Rusiya prezidenti Vladimir Putin sentyabrın 5-də öz fərmanı ilə Qərb mətbuatının “Rus dünyası” konsepsiyasına əsaslanan xarici siyasət doktrinası adlandırdığı “Rusiya Federasiyasının xaricdəki humanitar siyasətinin Konsepsiyası”nı təsdiq edib.

Bu 30 səhifəlik sənədin müəlliflərinin məqsəd və vəzifələrinə uyğun olaraq, Konsepsiya “1) Rusiyanın beynəlxalq nüfuzunu gücləndirməli, 2) xaricdə ölkə haqqında obyektiv təsəvvür formalaşdırmalı, 3) onun uzunmüddətli maraqlarını təmin etməlidir”

Məktəb və ali təhsil sistemi ilə sıx bağlı olan konsepsiya Rusiyada tədris ilinin başlanmasının beşinci günündə ictimaiyyətə təqdim edilib ki, bu da dolayısı ilə işin son anda başa çatdırıldığını göstərir. Amma əslində, formal olaraq o, beş gün yox, onilliklər gecikmişdi.

Ola bilsin ki, belə bir konsepsiya 30 il əvvəl SSRİ-nin dağılmasından sonra müstəqilliyin ilk illərində dünyaya gəlsəydi, bəlkə də, yox olmuş imperiya məkanında tarixin gedişatına təsir göstərə bilərdi. O zaman Moskvanın ucqarlara, eləcə də bütövlükdə dünyaya təsiri, güc baxımından deyil, daha çox neçə əsrlik humanitar təsir baxımından əhəmiyyətli olaraq qalırdı.

Rus təsiri rusluğun yayılması nöqteyi-nəzərindən deyil, rus və Qərb mədəniyyətinin simbiozunun surətinin çıxarılması (o, xeyli çoxşaxəli idi və elə də qalır) sayəsində güclü idi, burada sonuncunun Rusiyanın özünə və onun vasitəsilə imperiyanın bütün məkanına təsiri əhəmiyyətli idi. Rusiyanın məhz bu “beynəlmiləl” missiyası onu güclü, cəlbedici və nüfuzlu edirdi.

Məhz bu simbioz sayəsində ilk dəfə konsepsiyada xatırladılan rus elitası formalaşmağa başladı: Dostoyevski, Çaykovski, Şostakoviç, Mendeleyev, Kurçatov. Amma rus elminin, tarixşünaslığının, poeziyasının, fəlsəfəsinin əcdadlarından başlamaq daha doğru olardı. Məsələn, Mixail Lomonosovdan. O, rus məişətinə qədim yunan sillabik şeirini gətirdi. Bu, rus poeziyasının başlanğıcı idi, sonra gerçəkdən dünya poeziyasının nailiyyətinə çevrildi. Yaxud, məsələn, Almaniyada təhsil almış görkəmli şəxsiyyət, ilk Rurik knyazlarının nəslindən olan Vasili Tatişşev. O, “Rusiya tarixi”ni yazan ilk şəxs olub. Avropa poeziya və ədəbiyyatının davamçıları isə Karamzin, Fonvizin, Krılov, Puşkindir. Bütün sahələrdə Qərb elmi və mədəniyyəti ilə sıx əlaqədə olan Rusiya xadimlərinin bu siyahısını sonsuza qədər davam etdirmək olar.

Bu ənənə sovet dövründə davam etdi, o vaxt rus dili xarici dünya (mədəniyyət, ədəbiyyat, fəlsəfə, təbiətşünaslıq və s.) ilə bütün sovet məkanı arasında körpü olaraq qalırdı. Bu, bəlkə də, Moskvanın əsas təsiri idi. “Rus dünyası”nın müstəsnalığı konsepsiyasının təbliği nəticəsində bu funksiyanın itirilməsi öz əhəmiyyətinə görə Qərb və Rusiya mədəniyyətlərinin qarşılıqlı təsirini kəskin şəkildə məhdudlaşdırdı və bununla da Rusiyanın cəlbediciliyini əhəmiyyətli dərəcədə azaltdı. Rusiya Federasiyası əslində çoxmillətli ölkə sayılmasına baxmayaraq, beynəlmiləllikdən dar milli substansiyaya çevrildi.

Belə şəraitdə, təbii ki, rus dili mədəniyyətlərarası dialoqda kommunikativ funksiyasını itirməyə başladı və onu keçmiş imperiyanın bütün subyektlərinin, eləcə də dünyanın müxtəlif guşələrindəki tərəfdarlarının xarici dünya ilə birbaşa ikitərəfli əlaqəsi əvəz etdi.

Özlərini virtual “rus dünyası” ilə əldən salan konsepsiya müəlliflərinin baxışlarının məhdudluğunu həm də o göstərir ki, beynəlxalq hüququn prinsiplərinə birtərəfli qaydada subyektiv şəkildə yanaşılır, bir tərəfdən qanunun aliliyindən danışılır, digər tərəfdən isə verməklə başqalarının mənafeyinə ziyan vurmaqla milli mənafeyə üstünlük verib onun aliliyinə məhəl qoyulmaması təbliğ olunur. Konsepsiyada zorla qoparılan, hətta MDB üzvləri tərəfindən tanınmayan DXR, LXR, Abxaziya, Cənubi Osetiya, Dnestryanı kimi kvazi birləşmələrlə əlaqələrin daha da gücləndirilməsi birbaşa bəyan edilir.

Belə şəraitdə konsepsiya Rusiya imperiyasının parçaları və Rusiya Federasiyasının milli subyektlərinin özləri üçün nə qədər cəlbedici ola bilər? Rusiyanın Ukraynada başlatdığı və etnik-siyasi rus mədəniyyəti məkanında getdiyinə görə vətəndaş müharibəsi adlandırıla biləcək müharibəni “Rus dünyası”nın tabutuna vurulan son mismar adlandırmaq olar. Bir çox rusların düşündüyünün əksinə olaraq, Rusiyanın təkcə Qərbdə deyil, həm də postsovet məkanında heç bir tərəfdarı yoxdur. Rusluğun müstəsnalığı üzərində qurulan konsepsiya 17-ci əsrin sonunda Rusiyanın inteqrasiya inkişafı konsepsiyası ilə tamamilə ziddiyyət təşkil edir. Ona görə də Putinin imzaladığı strategiya iflasa məhkumdur.

Mehman Əliyev

Mənbə: turan.az
 

Dünyapress TV

Xəbər lenti