“Dəmir əl”, “güclü lider” və satqınlara ağır cəza... –
Ukraynalıların yarıdan çoxu müharibə dövründə demokratiya yox, “güclü lider” və “dəmir əl” tərəfdarıdırlar.

“AzPolitika.info” xəbər verir ki, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun keçirdiyi sorğunun nəticələri əsasında hazırlanan hesabatda belə deyilir.

Belə ki, rəyi soruşulan ukraynalıların 58 faizi hazırda ölkəyə “dəmir əl”, yəni güclü dövlət, güclü rəhbərlik lazım olduğunu bildirib. Cəmi 14 faiz isə demokratik idarəetmə sisteminin saxlanmasının vacibliyini qeyd edib.

Əhalinin 79 faizi Prezidentin hökumətin və parlamentin səlahiyyətlərinə müdaxiləsini mümkün sayır. O şərtlə ki, bu müdaxilə ölkənin müdafiəsinə yardım etmiş olacaq. Cəmi 16 faiz isə hətta müharibə dövründə belə, hakimiyyət bölgüsünün toxunulmazlığına tərəfdardır.

Respondentlərin 57 faizi müharibə şəraitində dövlətə qarşı ziyanlı baxışları, mövqeyi olan şəxslərin sərt cəzalandırılmasını tələb edir. 37 faiz isə insanların fikir və söz azadlıqlarının istənilən halda qorunmasının və dövlətin buna görə hər hansı repressiyalara yol verməsinin əleyhinə olduğunu bildirib.
Ətraflı

Seçki məsələsində də fikirlər haçalanıb. Ukraynalıların 52 faizi müharibə bitəndən sonra növbəti seçkilərin keçirilməsinin əleyhinə, diqqətin daha çox ölkənin bərpasına yönəldilməsinin tərəfdarı olduqlarını bildiriblər. Rəyi soruşulanların 40 faizi isə hakimiyyət orqanlarına və Prezident postuna seçkilərin zamanında, azad və şəffaf şəkildə keçirilməsinin, təxirə salınmamasının tərəfdarıdır. Bununla yanaşı, ukraynalıların 60 faizi müharibə dövründə internetdə yayılan informasiyalara nəzarətin lehinə, 30 faizi isə əleyhinədir. Eyni zamanda, insanların 60 faizi KİV-lərin hakimiyyəti tənqid etmək imkanının saxlanmasına tərəfdardır.

Sorğunun daha bir maraqlı hissəsi işğal altındakı ərazidə yaşayan ukraynalılara münasibətlə bağlıdır. Belə ki, rəyi soruşulanların 70 faizi işğalçıların qurduğu yerli orqanlarla əməkdaşlıq edən, onlarla işləyən vətəndaşların, yəni kollaborantların sərt cəzalandırılımasına, onlara cinayət işi açılmasına tərafdardır. Lakin respondentlərin 66 faizi bunun həkimlərə şamil edilməsinə qarşıdır. Eləcə də rəyi soruşulanların əksəriyyəti Rusiyadan pensiya almağa razılıq verən yaşlı ukraynalıların cəzalandırılmasının əleyhinədir.

Sorğunu keçirən institut hesabatda bildirir ki, xüsusilə Ukraynanın qərb bölgələrinin əhalisi, eləcə də bütövlükdə gənc nəsil daha sərt mövqedən çıxış edir və hakimiyyəti dəstəkləyir. Həmçinin, əsas nəticələrdən biri odur ki, ukraynalılar müharibənin gətirdiyi bütün bəlalara, məhrumiyyətlərə rəğmən, dövlətçiliyə və eyni azamanda da demokratiya dəyərlərinə sədaqətlərini qoruyurlar.

C.Məmmədov
 
 


 

Dünyapress TV

Xəbər lenti