![]() |
![]() ![]() ![]() |
|
Mütəxəssislərə görə, Bakının şərti qısa zamanda reallaşa bilər; bunun üçün Paşinyanın əlində müdhiş imkanlar var - iki rəy
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bu il imzalana bilər. Əlbəttə ki, əgər rəsmi İrəvan yetərincə siyasi iradə göstərib öz tarixi məsuliyyətini anlasa, nəinki boşboğazlıqla məşğul olsa. Prezident İlham Əliyevin dediyi kimi, “top” çoxdan Ermənistanın meydanındadır.
“Hökumət sülh müqaviləsini imzalamağa hazırdır”. “Yeni Müsavat” xatırladır ki, bunu ötən həftəsonu Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan deyib. “Sülhün alternativi yoxdur və bizim hərəkətlərimiz sülhün yekun bərqərar olmasına yönəlməlidir”, - nazir qeyd edib. O, həmçinin bildirib ki, nazirlik konstitusiyanın yeni mətni üzərində işləyir: “Həmin mətn gizli xarakter daşımayacaq və ola da bilməz. Nə vaxtsa ictimaiyyətə açıqlanacaq və hər bir məqam, hər norma cəmiyyətimizin nümayəndələri ilə müzakirə olunacaq. Məncə, 8-10 aydan tez yeni konstitusiya mətninin olması mümkün deyil”.
Ermənistanın Müstəqillik Bəyannaməsi ilə bağı müddəanın konstitusiyanın preambulasından çıxarılmasının mümkünlüyü barədə suala Qalyan belə cavab verib ki, onun mövqeyi Konstitusiya Məhkəməsinin bu bəndin çıxarılmasını tövsiyə edən rəyinə uyğundur. Yəni İrəvan bunu istisna etmir. Azərbaycan Prezidenti ötən həftə alman həmkarı ilə Bakıda görüşdə bir daha xatırladıb ki, sülhün iki əsas şərtindən biri konstitusiyaya dəyişiklikdir. Erməni nazir isə yeni konstitusiya mətninin 10 aydan tez hazır olmayacağını deməklə referendumun 2026-dan tez keçirilməyəcəyinə işarə vurub. Hökumət başçısı Nikol Paşinyan hətta 2027-ci ildə keçiriləcəyini anons edib.
Gec deyil? Azərbaycan Ermənistanı həmin vaxta qədər gözləməyə hazırdırmı və ya gözləməlidirmi? O müddət ərzində sərhəddə genişmiqyaslı eskalasiya mümkündürmü? Ancaq bəzi analitiklərə görə (Elçin Mirzəbəyli, Elxan Şahinoğlu), Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiası ilə bağlı müddəanı çıxarmaq üçün referenduma ehtiyac yox, bunu parlament özü 2\3 səs çoxluğu ilə də ləğv edə bilər - müstəqillik bəyannamasindən Dağlıq Qarabağla bağlı maddəni çıxarmaqla. Yəni əslində iki il gözləməyə lüzum yox.
Məsələ ondadır ki, Azərbaycana qarşı ərazi iddiası məhz Ermənistanın Müstəqillik Bəyannaməsində əksini tapıb, hansına ki, konstitusiyanın preambula hissəsində istinad var. Bəyannaməni isə parlament qəbul edib. Demək, parlament həmin müddəanı oradan çıxara bilər ki, buna da yarımca saat bəs edər. Hüquqşünaslar nə deyir? Belə bir variant mümkündürmü?
Qulamhüseyn Əlibəyli
Hüquqşünas, sabiq millət vəkili Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a bildirdi ki, sülh müqaviləsinin imzalanması Azərbaycandan daha çox Ermənistana lazımdır: “Lakin erməni cəmiyyəti Azərbaycanla, ümumiyyətlə, türklərlə sülh şəraitində yaşamağa hazır deyil. Bu yaxınlarda müstəqil mərkəzlərdən birinin Ermənistanda keçirdiyi rəy sorğusu bunu bir daha təsdiq edir. Başda Paşinyan olmaqla, Ermənistan hakimiyyəti də sülh müqaviləsinin imzalanmasında maraqlı görünmür. Ermənistan hakimiyyəti sülh müqaviləsinin imzalanmasında maraqlı olsaydı, müxtəlif bəhanələrlə və gülünc təkliflərlə bu prosesi indiyə qədər yubadıb sürətlə silahlanmaya getməzdi”.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti cəmiyyətin anti-Azərbaycan və antitürk ovqatından istifadə edib revanşizmi saxlamağa çalışır, yarımçıq, istənilən zaman birtərəfli qaydada ləğv edilməsinə hüquqi əsası olan müqavilə imzalamağa üstünlük verir: “Hazırda sülh müqaviləsinin imzalanmasına əsas maneələrdən biri Ermənistan Konstitusiyasının hazırkı mətnidir. Ermənistan Konstitusiyasında müstəqillik bəyannaməsində müəyyən edilən "milli hədəflərin əsas götürüldüyü qeyd olunur. Müstəqillik bəyannaməsində isə Azərbaycanın keçmiş “Dağlıq Qarabağ” vilayətinin Ermənistana birləşdirilməsi haqqında o vaxtkı Ermənistan Ali Sovetinin qərarında göstərilənlər “milli hədəf kimi müəyyən olunur. Beləliklə, Ermənistan Konstitusiyası Azərbaycan ərazisinin bir hissəsini Ermənistan ərazisi kimi təsbit edir və Azərbaycana qarşı ərazi iddiaları üçün hüquqi əsas yaradır”.
Həmsöhbətimiz əlavə etdi ki, Ermənistan hakimiyyəti ərazi iddialarına imkan verən müddəaları ləğv etmək barədə Azərbaycanın haqlı tələbindən müxtəlif bəhanələrlə hər vasitə ilə yayınmağa çalışaraq bir sıra absurd bəyanatlarla çıxış edir: “Gah Ermənistan Konstitusiyasında ərazi iddialarının olmamasını bildirir, gah Azərbaycan Konstitusiyasından müstəqillik bəyannaməsinə istinadın çıxarılmasını tələb edir, gah da hər 2 konstitusiyanın Venesiya Komissiyasına hüquqi ekspertizaya göndərilməsini təklif edir və s.
Əslində bu məsələdə Azərbaycanın haqlı tələblərini yerinə yetirmək üçün Ermənistan hakimiyyətinin referendum keçirərək yeni konstitusiya qəbul etməsi bir o qədər də vacib deyil. Belə ki, Ermənistan Konstitusiyasında istinad olunan müstəqillik bəyannaməsi və “Dağlıq Qarabağ” vilayətinin Ermənistana birləşdirilməsi haqqında qərar o vaxtkı Ermənistan Ali Soveti tərəfindən qəbul edilib. Ona görə də hazırkı Ermənistan parlamenti həmin sənədlərə yenidən baxa bilər. Yəni “Dağlıq Qarabağ” vilayətinin Ermənistana birləşdirilməsi haqqında qərarı ləğv edə və müstəqillik bəyannaməsindən isə həmin qərara istinad hissəsini çıxara bilər".
Q.Əlibəyli onu da qeyd etdi ki, eləcə də Ermənistan Ali Sovetinin Qarabağın Azərbaycanın tərkibində olmasını nəzərdə tutan hər hansı bir sazişi imzalamağı Ermənistan hakimiyyətinə qadağan edən qərar bu qaydada ləğv oluna bilər: “Ermənistan parlamentinin hazırkı tərkibində Paşinyanın tərəfdarları üstünlük təşkil etdiyi üçün bu qərarların qəbul ediləcəyi şübhə doğurmur. Lakin Paşinyan başda olmaqla, Ermənistan hakimiyyəti ərazi iddialarına hüquqi əsas ola biləcək müddəaları müvafiq sənədlərdən çıxarmaqla sözdən konkret işə keçmək istəmir”.
Çingiz Qənizadə
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə qeyd etdi ki, Paşinyanın partiyası parlamentdə hakimdir və müstəqillik bəyannaməsinin pleambura hissəsinə qısa zamanda dəyişiklik etmək mümkündür. Onun fikrincə, hakimiyyət belə bir addım atmağa risk etmir və nəticələrindən çəkinir: “Ermənistanda ictimai-siyasi vəziyyət kövrəkdir. Müharibədə biabırçı məğlubiyyət xalqda qisas hissini saxlamaqdadır. Ona görə hakimiyyət radikal addımlar atmağa tələsmir. Bunun iqtidar üçün fəsadlarının olacağı ehtimal edilir”.
Ç.Qənizadə bildirdi ki, Azərbaycan gözləyir, amma Ermənistan sülh razılaşmasında daha çox həvəsli olmalıdır: “Əgər qarşıdakı 2 ildə sülh müqaviləsi imzalanmasa, yenə də iqtisadi zərərini qarşı tərəf hiss edəcək. Sülh erməni xalqına ən çox lazımdır ki, dünyaya çıxışı təmin edilsin. Əgər müharibə, qan-qada, ərazi iddiaları ilə revanş istəkləri varsa, bunun axırı yoxdur, erməni xalqı növbəti fəlakətə, faciələrə hazır olmalıdır. Biz isə barış əlini uzadırıq: deyirik ki, gəlin, dəmiryol xətti ilə yükləriniz Rusiyaya daşınsın, Türkiyə ilə sərhədiniz açıq olsun... Bunlar da sülh sazişi olmadan mümkün deyil. Bu nöqteyi-nəzərdən cənab Prezidentin dediyi kimi, top Ermənistandadır. Qoy onlar seçim etsinlər”.
Hüquq müdafiəçisi əlavə etdi ki, Paşinyan hakimiyyəti bu prosesi sona çatdırmalıdır və gələcək nəsillərə problem qalmamalıdır: “Daha iki il məsələ uzanarsa, Cənubi Qafqazda vəziyyətin necə olacağına zəmanət yoxdur. Odur ki, iqtidarda olan Mülki Müqavilə Partiyasının parlamentdəki üzvləri həmin dəyişikliyə getməklə günü bu gün sülh müqaviləsinin bağlanmasına səbəb ola bilər”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”