Parlament seçkiləri aranı qarışdıracaq:
ABŞ “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbul edilməsi ilə əlaqədar Gürcüstana yardım proqramını dayandırıb. Maraqlıdır ki, bir dönəm Gürcüstan ABŞ-a yaxınlaşma siyasəti həyata keçirirdi. Rusiya isə bunu əngəlləməyə çalışırdı. İndi isə artıq Tbilisi ilə Vaşinqtonun münasibətlərinin pozulduğu görünür.

Ekspertlər hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin axır ki, istəyinə nail oldu və Gürcüstanla ABŞ arasında soyuqluq yaratdı.

Bu iddia nə qədər doğrudur? Putin Gürcüstanla bağlı hədəfinə nail oldu?

Globalinfo.az-a danışan politoloq Teymur Qasımlı deyib ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hakimiyyətdən dinc yolla ABŞ-ın istəyi ilə getmişdi:

“Bugünkü Gürcüstan iqtidarı da məhz ABŞ dəstəkləyirdi. Əslində bugünkü iqtidar ABŞ ilə praqmatik siyasət aparırdı. Rusiya-Ukrayna müharibəsinin başlaması ilə vəziyyət 180 dərəcə dəyişdi. ABŞ-ın Gürcüstana xəbərdarlıqları və İvanişvilinin pullarının dondurması prosesi başladı.

Bütün bunlara cavab olaraq Gürcüstan hakimiyyəti və İvanaşvili Qərbə qarşı savaş başlatdı. “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbul edilməsi ilə proses pik həddə çatdı.

“Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbul edilməsinin təbii ki, nəticələri olacaq. Bunu indidən demək çətindir, amma proses özünü daha şiddətli formada sentyabr-oktyabr ayında büruzə verəcək.

Belə ki, həmin vaxt Gürcüstanda parlament seçkiləri keçiriləcək. Bu isə faktiki olaraq Qərb-Rusiya gərginliyinin ölüm-dirim mübarizəsinə keçəcəyi anlamına gəlir. Bu seçkilərin nəticəsi kimin qalib gələcəyini, Gürcüstanın kimi seçəcəyini göstərəcək.

İndiki məqamda Gürcüstan hakimiyyətinin Rusiyaya yaxınlaşması da onlara sərf etmir. Çünki Gürcüstanın üzləşdiyi bir çox problemin səbəbi məhz Rusiyadır. Bu mənada Gürcüstanı çox çətin bir proses gözləyir”.

Turan Rzayev
 

Dünyapress TV

Xəbər lenti