Dostluğumuzun 26 illik tarixi var. Son vaxtlar az-az görüşsək də, virtual əlaqələrimiz davam edir. Dünən yenə "WhatsApp"dan mesaj yazdım: "Qardaş, nə vaxt çay içək?"
Dərhal cavab verdi: "Ürəyin nə vaxt istəyir".
Müxbirlərimizin başı qarışıq idi. Amma "dəmiri" isti-isti döymək istədim: "Gənclər, Bakıda harada yaxşı çay verirlər?". dirnaq modelleri
Nazim suala sualla cavab verdi: "Müəllim, açıq havada olsun?"
- Əlbəttə.
Nazim azca düşünüb öz təklifini verdi: "Əgər iş yerimizə yaxın çayxana istəyirsinizsə, "Şəki" restoranının yanına gedin. Orada parkın içində iki çayxana var. Pis deyil. Bəyənəcəksiniz".
Ünvanı dəqiqləşdirməyə macal tapmamış izahat verdi: "Amma sadə çay vermirlər. Yanında mütləq mürəbbə də götürməlisiniz. Bir çaynik çayı mürəbbə ilə 25 manata verirlər".
Qeyri-ixtiyari dilləndim: "Ay daa... 25 manata çay olar?!"
Söhbətə digər əməkdaşımız qoşuldu. Əsmətxanımın səsindəki incikliyi sezməmək mümkün deyildi: "Niyə olmur? Hələ onlar insaflıdır. Elə yerlər var ki, çay dəsgahını 60-70 manata verirlər".
Bəhanə həmişə var: "Artıq çəkidən əziyyət çəkdiyim üçün şirniyyatdan imtina etmişəm. Sadə çay içəcəyik".
Bu dəfə Aytac reaksiya verdi: "Bakıda sadə çay vermirlər".
Əsmətxanım qınayıcı nəzərlərlə məni süzdü: "Elə bilirsiniz, Neftçilər ucuzdur? Üç gün əvvəl orada şam edirdik. 54 manat yemək, 25 manat çay üçün hesab gəldi. Yemək yediyimiz üçün çayı ucuz verdilər".
Növbəti mövzu öz ayağı ilə gəlmişdi. Amma bəzi dəqiqləşdirmələrə ehtiyac vardı: "Gənclər, düz deyirsiniz, bir çaynik çaya görə Neftçilərə getməyə dəyməz. Dostum çox hörmətli jurnalistdir. Ona İçərişəhərdə çay qonaqlığı vermək istəyirəm. Oradakı qiymətlərdən xəbəriniz var?"
Göz dəyməsin, bizim müxbirlərin yerin altından da, üstündən də xəbərləri var. Dərhal İçərişəhərdəki qiymətlərdən danışdılar: "Filarmoniya bağı gündüzlər isti olur, amma çayları dadlıdır. Çay dəsgahının qiyməti 55 manatdır. Əliağa Vahidin heykəlinin yanındakı kafe də məsləhətli yerdir. Orada isə çay dəsgahı 70 manatdır".
Bu, sonuncu sualım idi: "Teleqüllədəki qiymətlərdən xəbəriniz var?"
Əsmətxanım zarafatından qalmadı: "Oradakı qiymətləri ancaq Elnur Məmmədli bilər. O da bu gün işə gəlməyib".
Məlum oldu ki, redaksiyada heç kim teleqüllədə çay içməyib. Ancaq oradakı qiyməti də öyrənə bildik. Əsmətxanım internetdə cəmi bir dəqiqə axtarış aparandan sonra "müjdə"ni verdi: "Teleqüllədə 3 nəfərlik çay dəsgahının qiyməti 90 manatdır".
2015-ci ildə "Hansı nazir mənimlə çay içər?.." adlı məqalə yazmışdım. Bunu deyəndə əməkdaşlarımız yenə bir ağızdan dilləndilər: "Yəqin o vaxt imkanınız yaxşı olub..."
Səmimi cavab verdim: "Yox, o vaxt çay ucuz idi".
Biz mehriban kollektivik. Müxbirlər baş redaktorla zarafat edə bilirlər. Bu dəfə də elə oldu: "Müəllim, bir də elə şey yazmayın".
Dedim ki, bu dəfə başqa şey yazacağam.
Gözlədiyim sualı verdilər:
- Nə yazacaqsınız?
- Yazacağam ki, hansı nazir mənə çay alar?
Gülüş, qəhqəhə səsləri redaksiyanı bürüdü.
Həmin vaxt ağlımdan bu fikir keçdi: Bakıda çay içmək üçün gərək nazir olasan...