Haniyənin qətli ilə Tehrana mesaj:
Stanislav Tarasov: “Bu, şübhəsiz ki, bir çağırışdır, lakin bütün əlamətlərə görə genişmiqyaslı regional müharibəyə səbəb olmayacaq”

HƏMAS lideri, hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə iyulun 31-nə keçən gecə Tehranda qaldığı iqamətgahda qətlə yetirilib. HƏMAS lideri iqamətgaha atılan zərbə puası ilə öldürülüb. Təşkilat hərəkatın Siyasi Büro rəhbərinin ölümünü təsdiq edərək, hücumu “xain” adlandırıb və buna görə “sionist İsraili” günahlandırıb.

HƏMAS-ın Əlcəzairdəki nümayəndəsi Yusif Həmdan vəd edib ki, Fələstin radikal hərəkatının Siyasi Büro rəhbərinin Tehranda öldürülməsi İsrailə qarşı cavab tədbirlərinə səbəb olacaq.

İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş baş komandanı Möhsün Rezai də Haniyənin ölümünə görə İsraildən qisas alınacağını açıqlayıb.

İsrail isə sui-qəsddə iştirakını təkzib edib.

Xarici ekspertlər Haniyənin qətlinin onsuz da gərginlik hökm sürən Yaxın Şərqdə qarşıdurma vəziyyətini artıracağını proqnozlaşdırırlar.

Rusiyalı politoloq, Yaxın Şərq ölkələrinin problemləri üzrə ekspert Stanislav Tarasov əmindir ki, Haniyənin öldürülməsi Yaxın Şərqdə siyasi vəziyyəti gərginləşdirəcək. Analitik “Lenta.ru” ilə söhbətində mümkün nəticələri təsvir edib və bildirib ki, baş verənlər İran üçün çağırışdır: “Çünki bu ölkənin ərazisində HƏMAS liderlərindən birini öldürməklə İsrail öz kəşfiyyatının imkanlarını nümayiş etdirib. Bundan əlavə, bu, İrana hədəflənmiş zərbədir. Çünki İsrail adətən yaraqlıları və ya HƏMAS, Livanın şiə hərəkatı Hizbullah və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndələrini neytral ölkələrin ərazisində məhv edir”.

“Qətl böyük siyasi rezonansa səbəb olacaq və Yaxın Şərqdə, xüsusən də İsrail-İran münasibətlərində vəziyyətin daha da gərginləşməsinə töhfə verəcək. Şübhəsiz ki, reaksiya mənfi olacaq, tərəflər arasında qarşılıqlı siyasi ittihamların dərəcəsi artacaq”, Tarasov əlavə edib.

Politoloq bu fonda Hizbullahla İsrail arasında silahlı qarşıdurmanın başlayacağını çətin hesab etsə də, hədəfli zərbələrin tezliyinin artacağını istisna etməyib. Onun fikrincə, münaqişənin yeni regional müharibəyə çevrilməsi şübhəlidir: “Çünki bu əməliyyat ABŞ tərəfindən dəstəklənmir və onların dəstəyi olmadan İsrail həm HƏMAS, həm də Hizbullahla eyni anda döyüşə tab gətirə bilməyəcək”.

“İranın özünə gəlincə, bu, ilk növbədə, ruhani lider Ayətullah Seyid Əli Xamenei və yeni Prezident Məsud Pezeşkian tərəfindən səsləndirilən İranın xarici siyasətinin yeni konsepsiyasının mövqeyinə zərbədir. Yeni rəhbərlik Qərbə münasibətləri normallaşdırmağa çağırış etdi və qonşu dövlətlərlə münasibətlərin normallaşdırılması ikinci sıraya qoyuldu. Yəni ilk növbədə təkcə coğrafi baxımdan qonşu olan ərəb ölkələri deyil, həm də Çin, Rusiya və s. nəzərdə tutulur. Bu vəziyyətdə Qərb istiqamətində 180 dərəcə dönüş İran üçün indi qeyri-mümkündür. Bu, şübhəsiz ki, bir çağırışdır, lakin bütün əlamətlərə görə genişmiqyaslı regional müharibəyə səbəb olmayacaq. Əksinə, regionda siyasi vəziyyəti gərginləşdirəcək bir faktdır”, - deyə politoloq fikrini yekunlaşdırıb.

Müəllif: Turan Abdulla
ayna.az
 

Dünyapress TV

Xəbər lenti