İran və Ermənistan arasında dəyəri 500 milyon dollar təşkil edən məxfi silah müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, İran Ermənistana “Şahed 136”, “Şahed 129”, “Şahed 197”, “Mohajer” kimi pilotsuz uçuş aparatları, eləcə də “Xordad 3”, “Məcid”, “Xordad 15” və “Arman” kimi zenit-raket sistemləri verəcək. Lakin Ermənistan Müdafiə Nazirliyi İranla 500 milyon dollarlıq gizli razılaşmaya dair xəbərləri təkzib edib.
Bakupost.az -a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib ki, Ermənistan tərəfindən dəfələrlə İrandan silah daşınmalarının şahidi olmuşuq: Onun sözlərinə görə, bu silah daşınmaları müharibədən sonrakı müddətdə İranın öz tank əleyhinə raket sistemlərinin, optik vasitələrinin Ermənistana daşındığı faktı, digər tərəfdən isə erməni PUA operatorlarının İranda hazırlanması, məhz İran PUA-larının Ermənistan tərəfindən əldə olunduğunu deməyə əsas verirdi. Hərbi ekspert İran ərazisindən Ermənistana həm quru, həm də hava yoluyla silah və sursatların daşınmasına şahidlik etdiyimizi bildirib: “Adətən, Fransa və Hindistana aid olan silahların da əksəriyyəti Ermənistana İran üzərindən daşınır. Odur ki, Ermənistan tərəfi nə qədər mövcud müqavilənin olmadığını inkar etsə də, belə bir əməkdaşlığın mövcudluğunu təsdiqləyən çox sayda faktlar əlimizdə mövcuddur”. Ə.Verdiyevin sözlərinə görə, Ermənistan tərəfi burda söz oyunuyla məşğul olmalı deyil: “Məğlub və işğalçı tərəf kimi belə bir müqavilənin ümumiyyətlə, olub-olmamağına aydınlıq gətirməlidir. Hesab edirəm ki, bizim üçün Ermənistanın əldə etdiyi silahların Azərbaycan tərəfinə qarşı istifadə olunması faktı Ermənistan üçün kifayət qədər ağrılı və acılı bir nəticələr vəd edir. O silahların hansı ölkədən verilməsi bizim üçün əhəmiyyət daşıyır. Vacib olan məsələ həmin silahların Azərbaycan sərhədləri yaxınlığında yerləşdirilməsinə imkan verməmək və onları zərərsizləşdirməkdən ibarət olmalıdır”.