Xəbər verdiyimiz kimi Qazaxıstanın Azərbaycandakı səfirliyində Azərbaycan-Qazaxıstan turizm forumu keçirilib. Tədbirdə çıxış edən səfir Alim Bayel qeyd edib ki, Qazaxıstandan Azərbaycan vasitəsilə "yaşıl enerji"nin ixracına dair layihə hazırlanır. Azərbaycanla Qazaxıstan arasında sıx ticari-iqtisadi əməkdaşlığın, o cümlədən enerji sahəsində də əlaqələrin mövcud olduğunu qeyd edən səfir bu əməkdaşlığın inkişafında Orta Dəhlizin əhəmiyyətini vurğulayıb. Tədbirdə bu ilin may ayında Daşkənddə “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu"nun imzalandığı da xatırladılıb. Bildirilib ki, sənədin icrası hər üç ölkəyə “yaşıl enerji”nin istehsalı və Azərbaycan ərazisi vasitəsilə Avropaya ixracının təşkilində əməkdaşlıq etməyə imkan verəcək.
İqtisadçı ekspert Xalid Kərimli Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycan hələ Avropaya “yaşıl enerji”nin ixracına başlamayıb:
“2022-ci ilin dekabrında bununla bağlı memorandum imzalandı. Azərbaycan, Gürcüstan, Ruminiya, Macarıstan və Avropa Komissiyası arasında imzalanan bu memorandum Qara dənizin dibi ilə kommunikasiya xətlərinin çəkilməsini nəzərdə tuturdu. Lakin memorandumdan irəli gələn işlərin görülməsinə hələ başlanılmayıb. Bu istiqamətdə hələ ki ortada maliyyələşmə mexanizmi yoxdur:
2023-cü ildə ABŞ Ermənistanın da bu sənədə qoşulması haqqında bəyanatlar səsləndirdi. Müzakirələr bundan sonra da davam etdi. Lakin hələ ki layihənin həyata keçirilməsi üçün real addımlar atılmayıb.
İxrac üçün ikinci dəhliz Zəngəzur dəhlizi olmalıdır. Ermənistanın 44 km-lik ərazisindən dəmir yolu xətti keçməli idi. Bu nəqliyyat dəhlizi Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirməli, həm də bununla elektrik ötürülməli idi. Naxçıvan özü isə bərpa olunan enerji istehsal edərək Türkiyəyə ötürməli idi. Azərbaycan Cənub Qaz dəhlizi vasitəsilə Avropaya qaz ixrac edir. “Yaşıl enerji”nin ixracı üçün tələb olunan infrastruktur hələ qurulmayıb. Bu baxımdan Qazaxıstanın Azərbaycan vasitəsilə “yaşıl enerji” ixrac etməsi yaxın perspektivdə real görünmür”.